Əlaqə Arxiv
news Image
2017.05.18
07:00
| A A A
Ermənistan daha bir hərbi xəbərdarlıq aldı
Üzeyir Cəfərov: “Ermənistan bilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri heç bir halda onlara rahat şəkildə torpaqlarımızda gəzməyə imkan verməyəcək” Fəzail İbrahimli: “Düşmən Azərbaycanın gücü qarşısında tab gətirə bilməz”

Cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Bu hadisə erməni tərəfi üçün növbəti ciddi xəbərdarlıq hesab oluna bilərmi?

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, şanlı ordumuz tərəfindən işğalçıların “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşınını atəşlə məhv etməsi başa düşənlər üçün sözsüz ki, ciddi xəbərdarlıqdır: “Ermənistan bilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri heç bir halda onlara rahat şəkildə torpaqlarımızda gəzməyə imkan verməyəcək. Bu fonda ermənilərin narahatçılıq və çaşqınlığa düşdükləri hiss olunur. 
Onlar sərsəm-sərsəm bəyanatlar verirlər ki, Azərbaycan Müdafiə Nazirliyinin helikopterini vuracaqlar. Bunlar hamısı boş və mənasızdır. Ermənilərin gücü belə çox idisə, sonuncu dəfə Azərbaycan ordusunun Füzuli-Xocavənd istiqamətində düşmənin zenit-raket kompleksini məhv etməsinin qarşısını alardılar. Belə bir raket kompleksini qoruya bilməyən dövlət Azərbaycana hansı hədə-qorxu gələ bilər? Proseslər onu deməyə əsas verir ki, vəziyyət lazımı anda ciddi toqquşmalara gətirib çıxaracaq. Aprel hadisələrindən bir il ötür. Amma onu görürük ki, hamı ermənilərə ürək-dirək verir. Amerika Ermənistana hansısa cihazlar verir ki, onlar da işğal edilmiş ərazilərə ötürülür. Rusiya da həmçinin hər vəchlə Ermənistanı dəstəkləyir. Bu fonda da təcavüzkar 25 ildir ki, həyasız əməllərini davam etdirir.   
Azərbaycan ordusunun vəzifəsi Ermənistanın cəzalandırılmasından ibarətdir. Ermənistan beynəlxalq qanunlara uyğun olaraq işğal etdiyi Azərbaycan ərazisindən qoşunlarını çıxartmalıdır. Bunun başqa yolu yoxdur. Onlar günahsız yerə öz əsgərlərini məhv etməsinlər. Zenit-raket kompleksi vurulanda da İrəvan bəyan etdi ki, guya heç kəs xəsarət almayıb. Hamı bilir ki, bu avadanlıq ancaq şəxsi heyətin iştirakı ilə istifadə olunur. Burada 5nəfər şəxsi heyət olub və onlar da məhv edilib. Bir sözlə, ermənilərə edilən xəbərdarlıqların sayı artır. Hesab edirəm ki, Azərbaycan Ordusu düşmənlə daha amansız şəkildə danışacaq və ermənilərə  havadarlıq edənlər də həmin çətin vəziyyətdən onları xilas edə bilməyəcək”. 
Milli Məclisin deputatı Fəzail İbrahimli də qeyd etdi ki, düşmənin zenit-raket kompleksinin məhv edilməsi Ermənistan üçün növbəti ciddi xəbərdarlıq ola bilər: “Burada avantürüst erməni hakimiyyəti və ona tabe olan hərbi qüvvələrdən və onun arxasında dayanan dövlətin təsirindən  söhbət gedə bilər. Bütün variantlardan istifadə etməklə düşmən tərəfi Azərbaycana təsir etmək, guya özlərinin hərbi gücünü göstərmək istəyirlər. Həmçinin Sarkisyan hakimiyyəti bu addımı ilə daxildəki narazılığı söndürmək üçün xalqın diqqətini cəbhəyə yönəltməyə çalışır. Yəni, bunlar sınaqdan çıxmış erməni avantürasıdır. 
Onsuz da hər dəfə işğalçıların atdığı addımlar uğursuzluğa düçar olur. Siyasi mövqeləri də laxlayıb, hərbi gücləri də azalıb. Ona görə də Azərbaycanın gücü qarşısında tab gətirə bilməzlər. Azərbaycan işğala məruz qalıb. Ona görə də atdığı addımlarda haqq-ədalət onun  tərəfindədir. Ölkəmizin iqtisadiyyatı da xeyli güclənib. Azərbaycanın möhkəm iradə sahibi olan dövlət başçısı var. Bütün bunlara söykənməklə deyə bilərik ki, Ermənistanın həyata keçirmək istədiyi heç bir avantüra Azərbaycana təsir etməyəcək. Yenidən aprel hadisələrini törətmək istəsələr, dərslərini alacaqlar”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz