Əlaqə Arxiv
news Image
2017.05.20
08:00
| A A A
ÜAK qalmaqalı Rusiyanın Qafqazda mövqeyinə ciddi zərbə vurur
Təşkilatın qurucuları və fəalları lazımı addımları atır və haqsız qərarın geri götürülməsi üçün çalışırlar

Ümumrusiya  Azərbaycanlıları  Konqresinin (ÜAK) qeydiyyatının, gözlənildiyinin əksinə olaraq ləğv  edilməsi əksər ekspertlər tərəfindən Azərbaycan-Rusiya münasibətlərinə, bu münasibətlərin sağlam inkişafına təhdid sayılır. Çünki Rusiyanın siyasəti Qafqazda, o cümlədən Azərbaycanda mövqelərini gücləndirməyə yönəlib. Təbii ki, burada möhkəmlənmək istəyən istənilən qüvvə Azərbaycanla yaxşı münasibətdə olmalıdır. Amma gözlənilmədən anlaşılmaz qərar verilir və Ümumrusiya Azərbaycanlıları Konqresi  bağlanılır.  

Bir neçə gündür qərar ətrafında ciddi müzakirələr gedir. Bunun doğuracağı mənfi nəticələr və iki ölkənin münasibətləri, habelə məsələnin siyasi tərəfləri barədə mülahizələr bildirilir. Nəhayət, təşkilatın işinə ən çox cavabdeh olan şəxs - ÜAK-ın prezidenti Fazil Qurbanov Rusiya Ali Məhkəməsinin təşkilatın ləğvinə dair qərarı ilə əlaqədar bəyanat yayaraq deyir: “Hesab edirəm ki, Rusiya Ali Məhkəməsinin qərarı ziyanlı və faydasızdır. Əslində, söhbət Rusiyada  yaşayan  azərbaycanlıların vətəndaş  hüquqlarının  pozulmasından gedir”.
Bəyanatda deyilir ki, 2017-ci il 15 may tarixində Rusiya Federasiyası Ali Məhkəməsi Azərbaycan ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresininnin ləğv edilməsi barədə ağılasığmaz qərar qəbul edib. Fəaliyyət göstərdiyi 16 il ərzində təşkilat Rusiyada vətəndaş sülhü və millətlərarası razılığın gücləndirilməsində, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində böyük rol oynayıb.
Belə məlum olur ki, Rusiya Ədliyyə Nazirliyi təşkilatın fəaliyyəti ilə bağlı heç bir ittiham irəli sürməyib. Əgər irad yoxdursa, onda hansı əsasda qərar çıxarılıb. Belə çıxır ki, təşkilatın Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətində, eləcə də azərbaycanlıların Rusiyanın hüquqi sahəsinə inteqrasiyası üzrə görülən əhəmiyyətli işlərdə heç bir nöqsan yoxdur. ÜAK rəsmilərinin fikrincə, əslində, bütün ittihamlar (əsaslı və əsassız) sırf texniki xarakter daşıyır və təşkilatın uğurla həll etdiyi fundamental məqsədləri ilə üst-üstə düşmür.
Siyasi analitiklərdən və ekspertlərdən fərqli olaraq azərbaycanlıların ən böyük diaspor təşkilatının üzvləri soyuqqanlılıqlarını və təmkinliyi qoruyaraq məsələnin mahiyyətini anlamağa çalışırlar. Belə ki, F.Qurbanov regional və yerli təşkilatların rəhbərlərinə səslənərək onları sakitliyi qorumağa, ekstremist qüvvələrin təxribatlarına uymamağa çağırıb: “Ali Məhkəmənin qərarını qəbul etmirik! Rusiyanın ən ali məhkəmələrinin dəlillərimizə və narahatlığımıza anlayışla yanaşacaqlarına ümidvarıq. Ölkənin ali siyasi rəhbərliyindən və şəxsən Rusiya Prezidenti Vladimir Putindən yaranmış vəziyyətə diqqətlə yanaşmağı xahiş edirəm”.
Bu çağırış o deməkdir ki, qərar verilməsi hələ təşkilatın öz fəaliyyətini dayandırması anlamına gəlməməlidir. Təşkilatın qurucuları və fəalları lazımı addımları atır və haqsız qərarın geri götürülməsi üçün çalışırlar. Çünki, Rusiya hökuməti öz iddiasında axıra qədər gedərsə, onda Azərbaycanda onun nüfuzuna ciddi xələl gələ bilər. Başqa konteksdə, Rusiyanın etibarlılıq əmsalı da ciddi erroziyaya uğrayar. Axı, belə bir qeyri-qanuni qərar sabah digər ölkələrin diaspor təşkilatlarının başına gələ bilər. Bu mənada, Rusiya Ədliyyə Nazirliyinin qərarındakı boşluqlar onun icrasının qeyri-müəyyən müddətə təxirə salınması üçün yaxşı əsasdır. Amma qərarın qəsdən qeyri-peşəkarcasına verilib onda boşıuqlar yaradılması da bir ehtimaldır və sənədin siyasi xarakterini göstərən mühüm dəlil hesab oluna bilər. 

N.NOVRUZ

Sizin Reklam Yeriniz