news Image
2017.05.23
08:00
| A A A
Cocuq Mərcanlıdan ermənilərə verilən mesaj
Tofiq Abbasov: “Tikinti işlərinin sosiomədəni aspektindən başqa, siyasi mənası var” Məhəmməd Əsədullazadə: “Cocuq Mərcanlı “Böyük qayıdış”ın başlanğıcıdır və bu davam edəcək”

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına uyğun olaraq aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Belə ki, hazırda 96 şagird yerlik məktəb binasında və evlərdə son tamamlama işləri aparılır. Qəsəbədə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Su, qaz, elektrik, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub. Yaxın günlərdə qəsəbədaxili yollara asfalt örtüyü salınacaq. 

Dövləti başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də tikilməkdədir. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir. Hazırda məscidin fasad hissəsinə aqlay vurulur, damında tamamlama işləri aparılır. Minbərlərin inşası da başa çatmaq üzrədir. Məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilir. Tikinti işlərinin iyun ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur.
Siyasilərin fikrincə, bütün bu abadlıq işləri həm də siyasi mahiyyət daşıyır. Eyni zamanda bu, ermənilər üçün verilən bir mesajdır. Düşmən “Böyük qayıdış” prosesinin başladığını duymalıdırlar.
Politoloq Tofiq Abbasov qeyd edir ki, tikinti işlərinin sosiomədəni aspektindən başqa, siyasi mənası var: “Birincisi, aprel döyüşlərinə qədər ermənilər həm özlərini, həm də dünyanı inandırmağa çalışırdılar ki, onların ordusu  güclüdür. Amma aprel döyüşləri göstərdi ki, qüvvələr nisbəti çoxdan Azərbaycanın xeyrinə dəyişib. Ermənilər 1990-cı illərdə Azərbaycanın hazırlıqsız vəziyyətindən istifadə edərək, hamilərinin yardımı ilə hücum nəticəsində torpaqları işğal etdilər. 
Digər tərəfdən, Azərbaycan hər zaman hərblə yanaşı, danışıq yoluna sadiqliyini də nümayiş etdirib. Ermənilər isə eyforiyadan bunu eşitmək belə istəmirdilər. Ancaq aprel döyüşləri status-kvonu dəyişdi. İlk növbədə Azərbaycan ordusu irəlilədi. Cocuq Mərcanlıda - kiçik bir modeldə Qarabağ problemi öz müqəddəratını tapdı. 
Nəzərə alaq ki, Azərbaycanda “Böyük qayıdış” planı hazırlanıb. İşğal edilmiş torpaqlar qaytarıldıqdan sonra orada tikinti, quruculuq, bərpa işləri baş tutacaq. Biz ermənilərə mesaj verdik ki, artıq bu prosesin başlanğıcı təşəkkül tapıb. Cocuq Mərcanlıda tikinti işlərinin başa çatması onu göstərir ki, Azərbaycan qayıdış planını həyata keçirmək üçün tam hazırdır. Məsələ yalnız siyasi zəmində həllə dayanıb. Odur ki, bu, ermənilər üçün böyük bir hərəkət mesajıdır. Erməni tərəfi hərbi gücümüzü də, maddi imkanımızı da görmüş oldu”. 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, ötən il uğurlu aprel əməliyyatından sonra Cəbrayılın  Cocuq Mərcanlı kəndinin ətrafında düşmən postlarının ələ keçirilməsi ilə kənddə düşmən təhlükəsi aradan götürüldü: “Kəndin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi, sərbəst hərəkət imkan verirdi ki, əhalinin məskunlaşma prosesinə başlanılsın. Cocuq Mərcanlı kəndində məskunlaşma düşmənə ərazilərin tezliklə qaytarılması barədə bir mesajdır. Ermənistanın işğalçı siyasəti nəticəsində 20 ildən artıq idi ki, davam işğal mifi məhz bu kənddə məskunlaşma  siyasəti nəticəsində sındı. 
Ermənistan bir daha əmin oldu ki, Azərbaycan işğalla barışmayacaq və Qarabağın bütün torpaqlarında qarış-qarış tikinti-quraşdırma işləri aparacaq. Cocuq Mərcanlı “Böyük qayıdış”ın başlanğıcıdır və bu davam edəcək. Ermənistan üzərində həmçinin psixoloji bir qələbədir.  Azərbaycan bu kənd timsalında erməni vandalizminin nəticəsində dağıdılmış bütün kənd və şəhərləri bərpa etmək iqtidarındadır. 
Hazırda Ermənistan danışıqlar prosesində iştirakdan qaçır. Danışıqlar baş tutmasa, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Cocuq Mərcanlı kimi dağıdılmış kəndlər yenidən həyata qaytarılacaq.  Minsk qrupu və digər beynəlxalq təşkilatlar da Azərbaycanın bu prinsipial siyasətinin nəticəsini görməkdədirlər”.
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs