Əlaqə Arxiv
news Image
2017.05.24
09:00
| A A A
Sülh Platforması Ermənistan üçün daha böyük təzyiq vasitəsinə çevrilir
Elman Məmmədov: “Sülh Platformasının beynəlxalq arenada inkişaf etdirilməsi yaxşı haldır” Azər Həsrət: “Qlobal məsələlərdə çəkisi olan insanların prosesə cəlb edilməsi işin xeyrinə olardı”

"Ermənistan-Azərbaycan Sülh Platformasının Avropa parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Bu mesajı həm Avropa Parlamentində, həm burada, həm də başqa beynəlxalq təşkilatlarda səsləndiririk". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşdən sonra deyib. 

Sırası sürətlə genişlənən "Ermənistan-Azərbaycan Sülh Platforması"nın beynəlxalq təşkilatlarda həyata keçirilməsi mümkündürmü? Bu baş verərsə, Qarabağ münaqişəsinə nə vəd edir?
Milli Məclisin deputatı Elman Məmmədov da ümumən məsələyə müsbət yanaşdı: “Sülh Paltformasının beynəlxalq təşkilatlarda həyata keçirilməsi əlbəttə ki, alqışlanmalıdır.  Ancaq məsələ ondadır ki, həmin platformaya Ermənistan tərəfdən kimlər qoşulub?  Hazırda ermənilər tərəfdən prosesə qoşulanlar İrəvandakı hazırkı hərbi-siyasi xunta rejimindən qaçanlar, Ermənistan cəmiyyətində yeri olmayan adamlardır.  Azərbaycandan isə həlledici səs və sözə malik olan insan və təşkilatlar platformaya qoşulur. 
Həmçinin, beynəlxalq qurumlar da prosesə qoşulacaqlarını bəyan edirlər. Ermənistan tərəfdən də belə nüfuzlu dairə və xadimlərin qoşulması həlledici sözə malik olardı. Bu əsasda Sülh Platformasının beynəlxalq arenada inkişaf etdirilməsi yaxşı haldır. Ancaq həqiqətin gözünə baxmaq da daha yaxşı olardı. İstər Sülh Paltforması, istər 25 ili tamam olmaq üzrə olan BMT-nin məlum 4 qətnaməsi olsun, məsələ ondadır ki, ermənilər bunların heç birinə məhəl qoymur və heç birilə də hesablaşmır. Erməniləri hesablaşmağa məcbur etmək üçün bir şərt var.  O da onları güc qarşısında diz çökdürməkdən keçir. Başqa yolla ermənini razılığa gətirmək mümkün olmayıb, olmayacaq da”. 
Siyasi şərhçi Azər Həsrət “Sülh Platforması”nın beynəlxalq təşkilatlarda həyata keçirilməsini mümkün və vacib hesab etdi: “Ermənistan və Azərbaycan xalqları arasında etimadın yaradılması və ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin tam olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllin nail olmaq üçün mümkün olan bütün variantlardan istifadə edilməlidir. Bu baxımdan Ermənistan-Azərbaycan Sülh Platformasının həm iki ölkə daxilində, həm də kənarda təbliğ edilməsi, tanıdılması və təşəbbüsün genişləndirilməsi işin faydasına olardı. Təşəbbüsün Avropa Parlamenti, Avropa Şurası və digər qurumlarda təbliğ edilməsi, tanıdılması əslində, Azərbaycanın sülh prosesinə nə qədər bağlı və yaxın olduğunu bir daha göstərmiş olardı.   Ona görə də sözügedən təşəbbüsün Avropa və dünya səviyyəsində təbliğ edilməsi, ümumiyyətlə, söz sahibləri, siyasət adamlarının və bütövlükdə qlobal məsələlərdə çəkisi olan insanların prosesə cəlb edilməsi işin xeyrinə olardı. Ən azından onlar Azərbaycanın əlində olan imkanlara baxmayaraq, problemi sülh yolu ilə həll etməyə meylli olduğunu görərlər. 
İkinci bir tərəfdən, həmin adamlar erməniləri azərbaycanlılarla ortaq məxrəcə gələrək, Qarabağ torpaqlarından çəkilib getməsini tələb edə bilərlər.  Yəni, bu yolla iki xalq arasında münasibətlər normal vəziyyətə qayıtmasına onlar da töhfə verə bilərlər. Sülh Platformasının beynəlxalq təşkilatlarda həyata keçməsi heç də o anlama gəlməməlidir ki, münaqişənin həlli elə həmin çözümüün tapacaq və prosesdə hansısa formada ciddi irəliləyişə nail olunacaq.  Sadəcə olaraq, bu addımla bir daha dünyaya göstərə bilərik ki, Azərbaycan bütün imkanları, hərbi, iqtisadi, dünyada tutduğu yerə və gücünə baxmayaraq, yenə də sülh prosesinə sadiqdir və bunun üçün əlindən gələni edir. 
Eyni zamanda Azərbaycan tək özü prosesdə iştirak etmək istəmir. Üçüncü tərəfləri də prosesə cəlb etmək istəyir ki, ən ədalətli qərar və nəticə ortaya qoyulsun. Bir növ bu yolla Avropaya da şans vermiş oluruq ki, onlar da prosesə qoşularaq, orada yaxından iştirak etməklə öz gözlərilə nəyin nə olduğunu görsün və konfliktin ədalətli həllinə töhfə verə bilsinlər”. 
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz