news Image
2017.05.26
09:30
| A A A
ABŞ Ermənistana təzyiq göstərməyə çağrıldı
Elşən Mustafayev: “Ağ Evin Qarabağ məsələsinin həllində aktiv siyasətə keçməsi situasiyadan asılı məsələdir” Asim Mollazadə: “Bu istiqamətdə böyük işlərin görülməsinə ehtiyac var”

ABŞ-ın "Richmond Times-Dispatch" qəzetində dərc olunan məqalədə bildirilir ki, ədalət naminə ABŞ Ermənistana təzyiq göstərməlidir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunsun, Azərbaycanda qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılsın və Ermənistanın Azərbaycana qarşı təcavüzü mühakimə olunsun. Son dövrlərdə ABŞ-da bu istiqamətdə çağırışların artması Vaşinqtonun Qarabağ məsələsində aktiv siyasətə keçməsinə rəvac verə bilərmi?

Qeyd edək ki, ABŞ ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsi olmasına baxmayaraq, prosesdə bu günə qədər Moskva qədər aktivlik nümayiş etdirməyib. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vaşinqtonun müxtəlif vaxtlarda səsləndirdiyi bəyanatlardan başqa, real addımlar atdığını müşahidə etməmişik. Hətta digər iki həmsədr ölkədə münaqişə tərəfləri arasında dəfələrlə görüşlər keçirilib. Amma Vaşinqton bu istiqamətdə də hələlik bir addım atmayıb. Lakin Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın yeni hökumətinin bu prosesdə əvvəlki adminstrasiyalardan fərqli olaraq aktivləşəcəyinə dair müəyyən fikirlər də səslənməkdədir. Ən azından onu qeyd edək ki, Donald Tramp heç seçkiqabağı təbliğat dövründə belə erməni diasporunun hay-küyünə məhəl qoymadı. Ümumiyyətlə, bəzi əvvəlki ölkə başçılarından fərqli olaraq o, erməni diasporu ilə iş birliyində də olmayıb. Digər tərəfdən, belə görünür ki, yeni adminstrasiya dünya miqyasında ABŞ-ın müəyyən dərəcədə laxlayan nüfuzunun qaytarılması üçün bir sıra addımlar atmağa məcburdur. Bu fonda Ağ Evdə oturanlar ABŞ-ın Qarabağ konfliktinin həllində də artıq aktiv siyasətə  keçməli olduğunu anlayırlar. 
Politoloq Elşən Mustafayev bildirdi ki, situasiyadan asılı olaraq Vaşinqton Qarabağ münaqişəsinin həllində aktivləşə bilər: “25 ildir ki, Dağlıq Qarabağ ətrafında cərəyan edən proses uzanır. Problemi kökündən həll etmək istəyən dövlət indiyə kimi onun üzərinə çoxdan getmişdi.  Hansı ki, ABŞ-ın əlində münaqişə ilə bağlı kifayət qədər əsaslı faktlar da vardır. Bu mənada Ağ Evin Qarabağ məsələsinin həllibndə aktiv siyasətə keçməsi situasiyadan asılı olan bir məsələdir. 
Hazırda proses ətrafında bir qədər fərqli situasiya yaranıb. Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə yanaşmasının hansı şəkildə olduğunu bilirik. Xüsusən də son zamanlar Rusiya rəsmiləri sözügedən məsələdə Azərbaycanın manefeyinə zidd bəyanatlarla çıxış edirlər. Rusiya-ABŞ münasibətlərinin gərgin olması fonunda sözsüz ki, Vaşinqton Moskvaya fərqli bir münasibət ortaya qoya bilər. Ağ Ev Ermənistana birbaşa təzyiq etməsə də belə, özünün BMT, Minsk qrupu  və digər qurumlardakı rıçaqları vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirməklə bağlı konkret təkliflərini verə, təzyiqlərini göstərə bilər. Amma ABŞ-ın prosesdə aktivləşməsi yalnız Rusiya faktoru ilə bağlı ola bilər. Bilirsiniz ki, Moskva ilə Bakı arasında müəyyən soyuqlamanın baş qaldırdığını hiss edirik. Son aylar Rusiya XİN rəsmilərinin verdiyi açıqlamalar, Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması fonunda iki qonşu ölkə arasında münasibətlərin müəyyən dərəcədə soyuduğu göz önündədir.  Bundan istifadə etmək və  Azərbaycanın diqqətini daha çox Qərb istiqamətinə cəlb etmək üçün ABŞ konfliktin həllində sözsüz ki,  fəallaşmaq yolunu tuta bilər.  Hər halda Vaşinqtonun Qarabağ məsələsində aktiv siyasətə keçməsi mümkünlüyü ilə bağlı səslənən fikir və çağırışlar yaranan situasiya ilə bağlıdır. Rusiya faktoru fonunda Vaşinqtonun problemin həllində aktiv fəaliyyətə keçməsi məsələsi də önə çıxa bilər. Hər şey  ABŞ Rusiya münasibətlərinin hansı səviyyədə inkişaf etməsindən asılıdır. Ondan asılı olaraq ABŞ-ın Qarabağ probleminin həllində ciddi addımlara keçməsi ehtimalı da mümkün ola bilər”.
Milli Məclisin deputatı Asim Mollazadə isə qeyd etdi ki, ABŞ-ın problemin həllində aktiv olmasına nail olmaq üçün Azərbaycan həmin istiqamətdə ciddi şəkildə işləməlidir: “Ən azından bu istiqamətdə işləmək lazımdır. Tək mətbuat, ictimaiyyət deyil, ABŞ-ın qanunvericilik və icra orqanlarında da Azərbaycan öz mövqeyini gücləndirməlidir. Bu istiqamətdə də böyük işlərin görülməsinə ehtiyac vardır”.
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs