news Image
2017.05.27
10:30
| A A A
Növbəti erməni təxribatı Qarabağ münaqişəsini yenidən alovlandırır
Elman Məmmədov: “Bu hiylənin qarşısı ciddi şəkildə alınmalıdır və alınacaq” Azər Həsrət: “Ermənilər belə təxribata əl atarsa, bu, münaqişənin alovlanmasına səbəb olacaq”

Ermənilər Xocalı hava limanından qanunsuz uçuşlar təşkil etmək istəyirlər. Erməni separatçıları artıq xeyli müddətdir çalışır ki, işğal etdikləri Dağlıq Qarabağla Ermənistan arasında beynəlxalq qanunları pozmaqla hava əlaqələri yarada bilsinlər. Belə ki, beynəlxalq konvensiya və qanunlara görə, hər hansı bir dövlətin hava, dəniz və quru məkanına onun özünün razılığı olmadan heç bir kənar ölkənin hər hansı bir hava gəmisi daxil ola bilməz. 

Bir neçə il bundan öncə İrəvan rejimi Ermənistanla Dağlıq Qarabağ arasında hava məkanı açmağa da cəhd edib. Lakin o zamanlar Azərbaycan tərəfinin kəskin etirazı və qanunsuz uçuşlar edən təyyarə və helikopterləri vuracağını bəyan etməsi işğalçı rejimi bu avantüradan əl çəkməyə məcbur etmişdi. Lakin görünür, Sarkisyan hakimiyyəti hələ də təxribatçı addımlar atmaqda davam edir. Bu təxriabçı addıma cavab olaraq hansı tədbirlər görülməlidir və belə vəziyyət Qarabağ münaqişəsində hansı dəyişikliklərə gətirib çıxara bilər?
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycanın icazəsi olmadan onun hava məkanında həyata keçirilən bütün qanunsuz uçuşların qarşısı müvafiq qurumlar tərəfindən yerindəcə alınacaq: “Görünür, ermənilər Xocalı hava limanından qanunsuz uçuşlar təşkil etməklə bağlı öz ağaları ilə məsləhətləşiblər. Çox güman ki, bununla bağlı həmin ağalarından xeyir-dua da alıblar. Çünki ermənilər özbaşına bunu edə bilməzlər. 
Beynəlxalq aviasiyaya dair beynəlxalq konvensiya və şərtlər var ki,  onlara uyğun olaraq Azərbaycanın hava məkanında həyata keçirilən bütün uçuşlar dövlətimizin müvafiq qurumlarının icazəsi ilə olmalıdır. Əks təqdirdə, həmin uçuşu həyata keçirən tərəflərin hər biri Azərbaycan hərbi hava qüvvələri tərəfindən məhv ediləcək. Burada ikinci bir yol yoxdur. Düşünürəm ki, Azərbaycan ermənilərin bu təxribatının qarşısını almaq üçün müvafiq tədbirlər görəcək. Bir qədər bundan əvvəl də ermənilər Xocalı hava limanından beynəlxalq uçuşlar həyata keçirmək fikrinə düşmüşdülər. Məhz Azərbaycanın ciddi etirazları nəticəsində düşmənin bu təxribatına son qoyuldu. İndi də ermənilər növbəti bir avantüraya əl atırlar. İddia edirlər ki, Xocalı aeroportundan Şuşaya uçuşlar həyata keçirəcəklər. Xocalı aeroportu ilə Şuşanın arası şose yolu ilə 18 km-dir. Hava yolu vasitəsilə bu məkanlar arasında məsafə isə cəmi 8-9 km-dir. Bunun özü də onu göstərir ki, Xocalı hava limanından uçuşlar həyata keçirmək niyyətləri ermənilərin növbəti təxribatı, avantürasıdır. Onlar bununla Azərbaycanı nəyəsə təhrik etmək üçün növbəti bir erməni hiyləsinə əl atmağa çalışırlar. Fikrimcə, bu hiylənin qarşısı ciddi şəkildə alınmalıdır və alınacaq. Beynəlxalq təşkilatlar da öz iradə və qanunlara hörmət prinsipini ortaya qoyub, erməniləri bu təxribatdan vaz keçməyə məcbur etməlidirlər.  Əks təqdirdə, heç kimin xoşuna gəlməyən vəziyyət yarana bilər. Yəni Azərbaycan öz hava məkanını qorumaq hüququndan istifadə edərək, qaunsuzluğa yol verən, hava məkanımızı pozan bütün uçaqları məhv edəcək. Bu halda da qanlı müharibə başlayacaq. Beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlər, ermənilərə havadarlıq edən şimal qonşumuz bunu istəyirlərsə, alacaqlar”. 
Siyasi şərhçi Azər Həsrətin fikrincə, ermənilərin qanunsuz şəkildə Xocalı hava limanından uçuş həyata keçirməsi Qarabağ konfliktinin daha da alovlanmasına rəvac verəcək: “Dağlıq Qarabağın ərazisi Ermənistan işğalı altnda olmasına baxmayaraq,  beynəlxalq təşkilatlar, o cümlədən hava sahəsinə nəzarət edən beynəlxalq qurumlar həmin ərazini Azərbaycanın hava məkanı kimi qəbul edirlər. Onlar bununla bağlı konkret mövqe ortaya qoyublar ki, Dağlıq Qarabağ da daxil olmaqla bütün hava məkanına mütləq şəkildə Azərbaycan dövləti nəzarət edir. O baxımdan ermənilərin sözügedən zonadan Azərbaycanın icazəsi olmadan hər hansı bir uçuş həyata keçirməsi təbii ki, beynəlxalq qanunvericiliyin də pozulması demək olacaq. 
Eyni zamanda, bu fonda Azərbaycan dövlətinin haqqı və hüququ çatır ki, özünün icazəsi olmadan hava məkanımızda səmaya qalxan istənilən hava uçuş aparatını mütləq şəkildə məhv etsin. Bu istiqamətdə Azərbaycan dövlətinin dəfələrlə xəbərdarlıqları da olub. Bu xəbərdarlığa əməl etməyən, məhəl qoymayan  istənilən qurğu məhv ediləcək. Belədə, ermənilər Dağlıq Qarabağ üzərindən uçuşlar təşkil edərlərsə, əlbəttə ki, Azərbaycan dövləti heç kimdən icazə almadan, soruşmadan mütlət həmin qurğuları məhv etmək hüququna sahibdir. Ona görə də ermənilər bu təxribatlardan əl çəksələr, yaxşıdır. Təbii ki, sözdür, deyirlər. Amma əməl edəcəklərini düşünmürəm. 
Ermənilər belə bir təxribata əl atarsa, bu, münaqişənin daha da alovlanmasına səbəb olacaq. Beynəlxalq hüquq, haqq-ədalət bizim tərəfdədir. Mədəni şəkildə, dinc vasitələrlə ermənilərə və Ermənistana anlatmışıq ki, hava sahəmizdən hər hansı bir formada istifadə edə bilməzlər.  İstifadə edərlərsə, təbii ki, Azərbaycan öz hüququndan istifadə edərək, həmin hərəkəti hava sahəsinə təcavüz kimi dəyərləndirib, güc yolu ilə qarşısını alacaq”.
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs