Əlaqə Arxiv
news Image
2017.05.31
09:00
| A A A
Azərbaycan Ermənistana sərt xəbərdarlıq etdi
Elman Nəsirov: “Cənab Prezidentin çıxışı artıq Ermənistan tərəfdə də ciddi müzakirə predmetidir” Elman Məmmədov: “Güclü Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır”

Prezident İlham Əliyev  "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxışı zamanı qeyd edib ki, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir: "Keçən ilin aprel döyüşləri bunu göstərdi. Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq". 

Bu açıqlamanı Ermənistan və onun hamilərinə xəbərdarlıq saymaq olarmı? 
Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Cənab Prezidentin “Buta” sarayındakı çıxışı birmənalı olaraq işğalçı Ermənistan və onun hamilərinə xəbərdarlıqdır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 26-da “Buta” sarayında Respublika Günü ilə bağlı çıxışı təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda, xüsusən də qonşu dövlətlərdə çox diqqətlə izlənilib. Təbii ki, Ermənistan dövləti və separatçı rejim də cənab prezidentin çıxışını və münaqişənin həllilə bağlı yanaşmasını diqqətlə izləyiblər. Ermənistan mətbuatında gedən yazılardan da bunun şahidi olmaq olar. 
Tədbirdəki çıxşında cənab Prezident bir daha bəyan etdi ki, Dağlıq Qarabağ konflikti yalnız və yalnız beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır, ondan kənarda münaqişənin heç bir həll yolu yoxdur. Eyni zamanda cənab Prezident qeyd etdi ki, münaqişənin həllilə bağlı Azərbaycan dinc danışıqlar yoluna sadiqdir, konflikti dinc danışıqlar yolu ilə həll etmək istəyirik, bu ölkəmizin siyasi xəttidir. Həmçinin Prezident vurğuladı ki, Ermənistan tərəfi bundan nəticə çıxarmayacağı təqdirdə, münaqşənin həllinin digər yolları da var. 
Azərbaycan onun fərqindədir ki, tarixi reallıqlar və münaqişənin həllilə bağlı beynəlxalq hüquq bizim tərəfimizdədir.  Azərbaycan seçim qarşısında qalarsa, konfliktin həllilə bağlı digər yolları da beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq atacaq. BMT Nizamnaməsinin 51-ci maddəsində qeyd olunur ki, ərazisi təcavüzə məruz qalan dövlətin özünü fərdi və kollektiv şəkildə müdafiə etmək hüququ vardır. Yadınızdadırsa, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini gözləmədən həmin 51-ci maddəyə istinad edərək, ərazisinin təcavüzə məruz qaldığını qeyd etdi və bu amildən çıxış etməklə özünün fərdi və kollektiv müdafiə hüququnu həyata keçirdi. Yəni, Əfqanıstandakı «Taliban» rejimi və «Əl-Qaidə»yə zərbələr endirdi. 
Azərbaycan Prezidenti dəfələrlə səsləndirib ki, ölkəmiz dinc danışıqlar yolu ilə münaqişənin həllində maraqlıdır. Bu, Azərbaycanın yürütdüyü xətt və siyasətidir. Lakin digər yollara əl atılarsa, buna görə bütün məsuliyyət Ermənistan və ona himayədarlıq edənlərin, ATƏT-in Minsk qrupunun üzərinə düşəcək. Çünki onlar da üzərlərinə düşən funksiyanı lazımı səviyyədə yerinə yetirə bilmirlər. Azərbaycan Prezidenti bu baxımdan qarşı tərəfə də xəbərdarlıq etdi ki, onlar situasiyaya düzgün qiymət versinlər. Əks halda hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyət işğalçı və onlara himayədarlıq edənlərin üzərinə düşəcək. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Cənab Prezidentin çıxışı artıq Ermənistan tərəfdə də ciddi müzakirə predmetidir. Hər halda bu durumdan ən düzgün qərar o ola bilər ki, torpaqlar geri qaytarılsın. Bu baş verərsə, Ermənistan özü-özünü blokada vəziyyətindən çıxara və erməni xalqının həyatında yeni bir səhifə başlaya bilər.  İndiki halda isə Ermənistan özünün aqressiv siyasətini davam etdirir. Ona görə də Ermənistanın heç bir perspektivi yoxdur”. 
Milli Məclisin deputatı Elman Məmmədov da vurğuladı ki, Azərbaycan Prezidentinin “Buta” sarayındakı çıxışı erməni işğaçıları və onların himayədarlarına təbii ki, bir xəbərdarlıqdır: “Bu, Azərbaycanın mövqeyidir və Cənab Prezident özünün bütün çıxış və görüşlərində həmişə bunu bəyan edir. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan bu yoldan geri çəkilməyəcək. 
Azərbaycan olaraq torpaqlarımızı işğaldan azad etmək istəyirik. Heç kimin torpağında gözümüz yoxdur, heç kimə qarşı təcavüz etmirik və bu fikirdə də deyilik. Sadəcə, 30 ilə yaxındır ki, torpaqlarımız işğal olunub. Ona görə də torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu da dövlətimizin mövqeyi, məqsədidir. Həmin məqsədə çatmaq üçün də Prezidentimiz məqsədəuyğun iş aparır. Bunun üçün də Azərbaycan və onun ordusu günü-gündən güclənməlidir. Güclü Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır. 
Təkcə ermənilərə qarşı mübarizədə güclü olmamalıyıq. Eyni zamanda, ordumuz Azərbaycan dövlətinin təhlükəsizliyi və müstəqilliyini qorumaq üçün bütün istiqamətlər üzrə daha da güclənməlidir. Bunun üçün də ordumuz üçün hər cür şərait yaradılır. Ordunun maliyyəsi yüksək səviyyədədir. Bütün hərbi-texniki məsələlər yüksək səviyyədə həll olunur. Hərbçilərimizin mənzil, kommunal şəraiti yüksək səviyyədə təmin olunub. Deməli, hərbçilərimiz qarşısında ordunun gücünü daha da yüksəltmək vəzifəsi durur. Bunu da Azərbaycan Prezidenti “Buta” sarayında keçirilən tədbirdə bir daha bəyan etdi”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz