Əlaqə Arxiv
news Image
2017.06.21
09:00
| A A A
Ermənistana daha bir hərbi xəbərdarlıq edildi
Üzeyir Cəfərov: “Ordunun məqsədi və məramı Azərbayanın ərazi bütövlüyünü, süverenliyini təmin etməkdən ibarətdir” Tərlan Eyvazov: “Ordumuzun daha peşəkar olması Ermənistanı ümidsiz bəyanatlar verməyə məcbur edir”

Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərə başlayıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir. Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Təlimlər iyunun 24-dək davam edəcək. Mütəxəssislərin fikrincə, təlimlər plana uyğun keçirilsə də, cəbhədə son gərginliklər fonunda Ermənistana hərbi xəbərdarlıq mesajı da daşıyır.  

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, təlimlər planlaşdırılanda ortada ciddi gərginlik yox idi: “Ancaq təlimlərin keçirilmə vaxtı Ermənistanın cəbhədə azğınlığını pik nöqtəsinə çatdırdığı vaxta təsadüf etdi. Biz isə planlarımızı Ermənistana görə həyata keçirmirik. 
23 min şəxsi heyət və texnikanın təlimatı və təchizatı əvvəlcədən planlaşdırılıb. Sözsüz ki, hər bir təlim düşmənə mesajdır. Ordunun məqsədi və məramı Azərbayanın ərazi bütövlüyünü, süverenliyini təmin etməkdən ibarətdir. Elə təlimlərin də məqsədi indiyə qədərki nəzəri bilikləri cilalamaqdır. Ermənistan bütün bunlardan ciddi nəticələr çıxarmalıdır. Azərbaycanın mövqeyi bəllidir. Amma artıq Ermənistan mətbuatında Azərbaycanın haqlı mövqeyi barəsində məlumatlar yer almaqdadır. Yəni əvvəlki ritorikadan fərqli mövqe ortaya qoyublar”.
Ekspert əlavə etdi ki, Azərbaycanın Silahlı Qüvvələri öz fəaliyyətini davam etdirməlidir: “Cəbhədə düşmənin istənilən təxribatı layiqli şəkildə cavablandırılmalıdır. Bir neçə gün əvvəl ölmüş erməni əsgərin dəfn mərasiminin görüntüləri yayıldı. Orada Ermənistan rəsmilərindən heç kim iştirak etmirdi. Çünki erməni cəmiyyəti artıq hakimiyyətin düzgün siyasət yürütmədiyini anlayıb. Analar övladlarının siyasətin qurbanı olduğunu başa düşüblər. 
İndiki təlimlər də istənilən an döyüşə çevrilə bilər. 23 min şəxsi heyət bir istiqamətdə düşmənin mövqeyini yarıb keçsə, daş – daş üstə qalmayacaq. Müşahidə olunan odur ki, düşmən Azərbaycanın təlimlərindən narahatdır. İstənilən halda təlimlər düşməni cəzalandırmağa keçə bilər. Bunu bilə-bilə düşmən təxribatını davam etdirir”.  
Hərbi məsələlər üzrə digər ekspert Tərlan Eyvazov bildirdi ki, ümumiyyətlə, hərbi təlimlər kiməsə qarşı xəbərdarlıq kimi düşünülür: “Ancaq belə olmaya da bilər. Azərbaycan region dövlətlər arasında  daha müstəqil siyasət yürüdən dövlətdir. Odur ki, silahlı qüvvələrimiz də plana uyğun, müstəqil şəkildə hər il təlimlərini keçirir. Lakin ötən illərə nisbətən təlim prosesində canlanmanın olduğunu qeyd etməliyik. Bütün bunları Ermənistana xəbərdarlıq hesab etmək olar. Çünki Ermənistan tərəfinin verdiyi bəyanat onu deməyə əsas verir. Ermənistan silahlı qüvvələri hər il işğal olunmuş ərazilərimizdə təlimlər keçirirlər. Ancaq nədənsə, Azərbaycanın keçirdiyi təlimlər onlarda qıcıq yaradır. Bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz peşəkarlığını artırmaq üçün təlimlərini davam etdirir. Ordumuzun daha peşəkar olması Ermənistanı ümidsiz bəyanatlar verməyə məcbur edir. Bu, həm düşmənə, həm də onun havadarlarına mesajdır. 
Eyni zamanda, 20 ilən artıqdır bu işlə məşğul olan beynəlxalq qurumlara da bunu mesaj hesab etmək olar. Qarabağ problemi sülh yolu ilə həllini tapmasa, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qadir olduğunu bir daha bəyan etdi”.
 

Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz