Əlaqə Arxiv
news Image
2017.06.23
08:48
| A A A
Azərbaycandan dünyaya ünvanlanan sülh mesajları
Elman Nəsirov: “Azərbaycanın sözünün mənası və çəkisi böyükdür”

Azərbaycan dövlət-din münasibətləri sahəsində əldə edilmiş nailiyyətlərə görə bir çox ölkələr üçün nümunə ola bilər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil edilmiş iftar mərasimində çıxışında deyib. Azərbaycana gələn əcnəbilərrin də böyük əksəriyyti bildirir ki, buradakı dini tolrentlıq, dövlət-din münasibətləri nümunəsinin bütün dünyada, o cümlədən Qərbdə yayılmasına ciddi ehtiyac var. Qeyd edilən istiqamətdə Azərbaycan nümunəsinin daha geniş coğrafiyada yayılması necə təmin edilə bilər və bu hal dünyada əmin-amanlığa nə vəd edir?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan sözün həqiqi mənasında inkişafın müxtəlif istiqamətləri üzrə öz modelini ortaya qoyub və qoymaqda davam edir: “Hansı ki, dünya da Azərbaycanın ortaya qoyduğu bu təcrübəni öyrənməkdədir. Dünya hazırda heç zaman olmadığı qədər mürəkkəb bir dövr yaşayır. Planetimizin müxtəlif guşələrində milli, etnik və dini zəmində kifayət qədər qəliz problemlər yaşanmaqdadır. Qərb dünyasını islamofobiya kimi mənfi tendensiya bürüyüb. Təəssüf ki, həmin hal aradan qaldırılmaq əvəzinə, daha da geniş vüsət almağa başlayır. Bu reallıqlar fonunda isə Azərbaycan multikulturalizmin bir məkanına çevrilib. 
Azərbaycandan dünyaya sülh, barışıq, əmin-amanlıq ismarıcları ünvanlanır. Azərbaycan Şərqlə Qərb arasında təkcə coğrafi körpü rolunu oynamır, həmçinin bir mədəniyyət körpüsüdür. Azərbaycan dünyaya təkcə neft və qaz ixrac etmir. Həm də multikulturalizm və birgəyaşayış dəyərlərini, dinlərarası harmonik bağlılığı, birgə yaşam tərzini dünyaya ixrac edirik. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin şeyx həzrətlərinin dəvətilə iştirak etdiyi iftar məclisində dediyi fikirlər dünyada böyük maraq doğurub. Dövlət başçısı çıxışında dedi ki, Azərbaycan dövlət və din münasibətlərinin necə olması sualına cavab verir  və bu mənada dünyaya nümunə göstəririk. Prezident qeyd etdi ki, Şeyx həzrətlərilə dostluq münasibətləri saxlayır. Bunun özü dövlət din münasibətlərində bir nümunə və göstəricidir. Ölkəmizin Prezidenti iftar məclisində iştirak edir, dindarlarla bir yerdə olur. Eyni zamanda dövlətimiz müxtəlif dini icmalara inkişafları üçün vəsait ayırır. Bu da anoloqu olmayan bir məsələdir. 
Azərbaycanda yaşayan müxtəlif dini icmalar Prezidentin sərəncamı ilə dövlətdən müəyyən vəsait alır və onun hesabına da öz hədəflərini həyata keçirirlər. Bunlar unikal məsələlərdir, dünyanın heç bir başqa ölkəsində Azərbaycanda olduğu kimi dövlətin dinə bu dərəcədə dəstək olduğu hala rast gəlmək mümkün deyil. Bir məqamı da qeyd etmək istərdim ki, 2010-cu ildə Azərbaycan paytaxtı dünyanın dini liderlərinin sammitinə ev sahibliyi etdi. Bakıda dünya dini liderlərinin bir araya gəlməsi və xüsusən də dini ədavət zəminində bəşəriyyəti narahat edən məsələlərin açıq şəkildə müzakirə edilərək, problemdən çıxış yollarının axtarılması dediklərimizi bir daha təsdiqləyir. Cənab Prezident vurğuladı ki, bu gün dünyada Bakı prosesi deyilən bir proses diqqətlə izlənilir və dəyərləndirilir. Bakı prosesinin əsası isə 2008-ci ildə qoyulmuşdu. Bakı prosesi Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin mədəniyyət nazirlərinin birgə görüşü idi. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Azərbaycandan bəşəriyyətə məhz sülh və birgəyaşayış çağırışları ünvanlanır. Müxtəlif dinlərin daşıyıcılarının bir ailə kimi yaşamasının ən ali sivil dəyərlərdən olduğu fikri aşılanır. Bu atılan addımlar Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdir ki, Prezident də həmin məqamı iftar məclisində bir daha diqqətə çatdırdı. 

Sözün həqiqi mənasında Azərbaycan dini dözümlülük, dini tolerantlıq və dinlərarası barışıq, harmoniya baxımından dünyaya örnək olan bir dövlətdir”. 
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycanın dövlət din münasibətləri sahəsindəki mövcud nümunəsinin daha geniş coğrafiyaya yayılması istiqamətində də çoxsaylı işlər görülüb: 
“Ölkəmizdə Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Ölkəmizdə multikulturalizmlə bağlı yay və qış məktəbləri keçirilib. Dünyanın müxtəlif ali məktəblərində Azərbaycanda multikulturalizmin inkişafı məsələsini özündə ehtiva edən kafedralar açılıb, dərslər keçirilir. Bunlar hamısı bir daha onu təsdiqləyir ki, dünyanın olduqca mürəkkəb bir dövründə mədəniyyətlərarası, dinlərarası barışıq deyil, daha çox qarşıdurma mühitinin güclənməsi istiqamətində proseslərin getdiyi bir reallıqda, Azərbaycan dinlərarası barışıq, multikulturalizm dəyərlərini bütün dünyada yayır. Bu istiqamətdə səfirliklərimiz də fəaliyyət göstərir. Başlıcası, dövlət başçısı bütün beynəlxalq tədbirlərdə bu kimi məsələləri diqqətdə saxlayır. Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. O, müxtəlif tədbirlər, həyata keçirdiyi layihələrdə bir daha Azərbaycanın dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası birlik və həmrəyliyə hansı töhfələr verdiyini təblig edib. Təkcə təbliğ etməyib, bu istiqamətdə konkret, əməli addımlar da atır. Xristian dünyasında dini abidələrin bərpası istiqamətində Mehriban Əliyeva müstəsna xidmətlər göstərib ki, bu da böyük hörmət və diqqətlə qarşılanıb. Nəticədə bütün dünya görür ki, müsəlman dünyasında Azərbaycan adlı elə də böyük olmayan bir dövlət var. Lakin onun sözünün mənası və çəkisi böyükdür”. 

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz