Əlaqə Arxiv
news Image
2017.06.24
10:23
| A A A
Azərbaycan həmsədrlərin vasitəçilyinə son qoya bilər
Elşən Manafov: “Ermənistanın danışıqlar prosesində sərgilədiyi qeyri-konstruktiv mövqe göstərdi ki, həmsədr dövlətlərin İrəvana ciddi təzyiqi olmasa, konfliktin sülh və danışıqlar yolu ilə həll variantı mümükn deyil” «Həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var, onlar bundan nəticə çıxarmalıdırlar».

 Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirir. Həmsədrlər özləri də əslində, Azərbaycanda olan bu narazılıqdan xəbərdardır. 

Əgər Minsk qrupunda təmsil olunan həmsədr ölkələr yuxarıda qeyd edildiyi kimi lazımi nəticələr çıxarmasa, onda Azərbaycan həmsədrlərin fəaliyyətindən imtina edə bilərmi? Yaxud başqa hansı adımlar atıla bilər?
Politoloq Elşən Manafov da qeyd etdi ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə istər Azərbaycan hakimiyyəti, istərsə də ölkə ictimaiyyəti arasında münasibət birmənalıdır: “Onların fəaliyyətindən ciddi narazılıq var. Münaqişənin tənzimlənməsilə bağlı mandat hüququnun ATƏT-in Minsk qrupuna həvalə edilməsi göstərir ki, konflikt təkcə regional və lokal xarakterli hadisə deyil. Münaqişə artıq kifayət qədər beynəlmiləl və qlobal mahiyyət kəsb edən bir konfliktdir. Bölgədə maraqları olan Avropa Birliyi Fransanın timsalında, habelə ABŞ-la Rusiya Minsk qrupunda təmsil olunmuş həmsədr dövlətləridir. Ümumiyyətlə, Minsk qrupunda qardaş Türkiyə də olmaqla 11 ölkə təmsil olunub. Lakin hər halda münaqişənin tənzimlənməsilə bağlı əsas səlahiyyətlər həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiyaya məxsusdur. 
Zaman-zaman Minsk qrupu tərəfindən müəyyən təkliflər irəli sürüldü, «Madrid prinsipləri» gündəmə gətirildi. Amma Ermənistanın danışıqlar prosesində sərgilədiyi qeyri-konstruktiv mövqe göstərdi ki, həmsədr dövlətlərin İrəvana ciddi təzyiqi olmasa, konfliktin sülh və danışıqlar yolu ilə həll variantı mümükn deyil. Nəticə etibarı ilə Ermənistanın bu mövqeyi, habelə həmsədrlərin həmin əsasda işğalçıya təzyiq göstərməməsi, Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurur. Bunun nəticəsi olaraq, keçən ilin aprel döyüşlərində  Azərbaycan Ordusu Ermənistana və dünyaya özünün nəyə qadir olduğunu göstərdi. Hərçənd hərbi əməliyyatların bərpası təşəbbüsü də Azərbaycana aid deyil. Azərbaycan sadəcə olaraq, öz torpaqlaqrını müdafiə edirdi və təcavüzkarla beynəlxalq hüququn verdiyi qanun çərçivəsində danışdı. 
Aprel döyüşlərinin ardından atəşkəsin bərpa edilməsi və danışıqlar prosesinə başlamaq təşəbbüsü yenidən Moskvadan gəldi. Görünür, Rusiya Azərbaycan dövlətinin böyük imkanlara malik olduğunu anlayıb. Qeyd edim ki, 2011-2016-cı illər ərzində Azərbaycanın Rusiyadan aldığı silah, hərbi sursatın gücü və dəyəri Ermənistanın aldığından 10 dəfə artıq olmuşdu. Bu da İrəvan rejimində ciddi qıcıq yaradır. Azərbaycan Rusiyadan silah alan ölkələr sırasında ilk beşlikdədir. Bu mənada Moskva Azərbaycanın hansı gücə malik olduğunu gözəl başa düşür. Azərbaycanın nəhəng enerji resursuna malik olması onu göstərir ki, Bakı problemi qısa zamanda öz gücü hesabına həll edə bilər. 
Hazırda ABŞ-la Rusiya arasında dünyanın müxtəlif bölgələrində ciddi qarşıdurmanın olduğunu müşahidə edirik. Ona görə düşünürəm ki, beynəlxalq güclər arasında qarşıdurmanın digər bölgələrdə kəskin fazaya keçməsi ATƏT-in Minsk qrupunda konfliktin tənzimlənməsi üçün daha fərqli mövqelərin sərgilənməsinə imkan vermir. ABŞ-ın transmilli şirkətlər fonunda Azərbayan iqtisadiyyatında ciddi paya malikdir. Həmin transmilli şirkətlər də hazırda bölgədə sabitliyin qorunub-saxlanılmasında maraqlıdırlar. Bu mənada ABŞ-ın bölgəmizi Rusiyaya güzəştə gedəcəyini də zənn etmirəm. Sadəcə olaraq, bizə hələlik gözləmək lazım gəlir. Azərbaycan bu fonda antiterror əməliyyatları apara bilər. 
Minsk qrupuna münaqişənin tənzimlənməsinlə bağlı mandat BMT tərəfindən verilib. İndi də müəyyən təkliflər var ki, münaqişənin tənzimlənməsilə bağlı mandat BMT-yə qaytarılsın. Hətta NATO rəsmiləri özləri belə dəfələrlə bəyan edib ki, qurum Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasına baxmayaraq, münaqişəyə müdaxilə etmək fikrində deyil». 
Həmsöhbətimiz həmsədrlərin fəaliyyətindən Azərbaycanda yaranan narazılıq fonunda, onlardan imtina edilməsini mümkün hesab edir. Ona alternativ variant olaraq da, E. Manafov Moskva ilə razılaşmaya getməyin daha məqbul variant olduğunu diqqətə çatdırdı: “Həmsədr ölkələr Azərbaycan ictimaiyyətinin onların fəaliyyətindən narazı qaldığını nəzərə alıb, əməli fəaliyyətə keçməsə, sözsüz ki, onların fəaliyyətindən imtina edə bilərik. Bu zaman da başqa bir variant ortaya çıxa bilər. Münaqişənin tənzimlənməsilə bağlı prosesə bildiyiniz kimi, Moskvanın kifayət qədər təsir etmək imkanı var. Belə olan halda, düşünürəm ki, məhz Ermənistanla deyil, Rusiyanın özü ilə birbaşa danışıqlara da getmək olar. Moskva Azərbaycanı Avrasiya İttifaqı, Gömrük İttifaqında görmək istəyir. 
Bu da ondan irəli gəlir ki, Azərbaycanın sözügedən qurumlarda təmsil olunması onların Qərbdəki qurumlara alternativ bir təsisata çevrilməsinə şərait yarada bilər. Ölkəmiz nəhəng maliyyə və enerji resursları ilə haqqında söhbət açdığım qurumları kifayət qədər gücləndirəcək bir dövlətdir. Azərbaycanda enerji və ərzaq təhlükəsizliyi kimi problemlər olmadığından təbii ki, Moskva ölkəmizlə Ermənistanla vassal ölkə formasında danışdığı tərzdə danışa bilmir. Azərbaycanın Avrasiya  İttifaqı və Gömrük İttifaqında olması həmin qurumlarda yer alan digər türkdilli dövlətlər üçün də faydalıdır. 
Bu əsasda düşünürəm ki, münaqişəni Qərb dövlətlərilə razılaşdırmadan Rusiya ilə razılığa gələrək həll etmək imkanlarımız var. Lakin hər halda onu da unutmamalıyıq ki, Qərb dövlətlərinin Azərbaycanda kifayət qədər investisiya layihələri mövcuddur. Ona görə onlar Azərbaycanın münaqişənin həlli istiqamətində Rusiya ilə razılaşmaması üçün əllərindən gələni edəcəklər”.
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz