news Image
2017.07.18
09:00
| A A A
Radikal müxalifətin unutduğu Qarabağ münaqişəsi
Mais Səfərli: “Müxalifət şəxsi marağını milli maraqlardan üstün tutduğundan xaricilərlə təmaslarda Qarabağ məsələsini də gündəmə gətirmirlər”

Ermənistanın işğalçılıq siyasətinin dünya miqyasında ifşa edilməsi, düşmənin vandal və riyakar iç üzünün açılmasında əlindən gələn yardımı etmək kimliyindən, hansı siyasi təşkilata qulluq etməsindən, iqtidarda və yaxud müxalifətdə olmasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur.  Bu mənada Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında iqtidar, diaspor təşkilatları bütün güclərini səfərbər ediblər. Hökumət beynəlxalq tribunalardan istifadə edrək bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini, onun fəsadlarını qabardır. Məhz Azərbaycan hökumətinin bu istiqamətdə apardığı uğurlu siyasətin nəticəsidir ki, son illər dünya getdikcə daha çox dərəcədə Azərbaycan həqiqətləri barədə doğru olaraq məlumatlanırlar.
Lakin nədənsə Azərbaycan müxalifəti xaricdən olan rəsmilərlə görüşlərində Ermənistanın işğalçılıq siyasətilə bağlı məsələyə ümumiyyətlə, toxunmurlar. Sanki onlar üçün belə bir problem yoxdur. Görəsən, niyə müxalifət xarici rəsmilərlə təmaslarında Ermənistanın işğalçılıq siyasətini önə çəkməkdən yayınır və çəkinirlər? 
Yurddaş Partiyasının sədri Mais Səfərli qeyd etdi ki, şəxsi maraqların qurbanı olması müxalifəti milli maraqları arxa plana çəkmələrinə gətirib çıxarıb: “Bu gün təkcə Azərbaycan dövlətinin deyil, bütün dünyada yaşayan 50 milyonluq xalqımızın, eləcə də türk dünyasının ən böyük problemi Qarabağ məsələsidir. Bu, elə bir məsələdir ki, təkcə dövlət, dövlət rəhbərləri, onu idarə edənlər deyil, hər bir azərbaycanlı həmin məsələ ilə məşğul olmalı, imkan düşən hər bir yerdə erməni işğalını ifşa etməlidir. 
İnsaf naminə onu da qeyd edim ki, erməni işğalının ifşa edilməsi istiqamətində dövlət səviyyəsində ciddi işlər görülür. Dövlətimizin apardığı uğurlu siyasət olmasaydı, xristian təəssübkeşləri çoxdan Dağlıq Qarabağdakı separatçı rejimi de-yure tanıyardı. Amma bu gün həmin separatçı rejimin de-yure tanınmamasının əsas səbəbi başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin göstərdiyi səy və fəaliyyətin nəticəsidir. Çırtdan dövlət olan Ermənistanı təkcə Rusiya deyil, dünyanın bir sıra aparıcı digər dövlətləri də himayə edir. Eyni zamanda Azərbaycan dövlətinin qurduğu diaspor siyasəti də bu məsələdə dünya ictimaiyyətinin həqiqətləri bilməsində karımıza gəlib. 
Ulu öndər Heydər Əliyev uzaqgörən bir siyasətçi kimi diaspor işilə məşğul olan dövlət qurumu yaradıb. Hazırda da həmin qurum Prezident İlham Əliyevin diqqət mərkəzindədir, ona hər cür dəstək verir. Həmin qurumun xaricdəki diaspor təşkilatlarını koordinasiya etməsi fonunda Qarabağ və digər məsələlərdə dövlətimizin haqq səsi getdikcə daha ucadan səslənməyə başlayıb. Amma müxalifət deyilən təşkilatlar Qarabağ məsələsində yalnız seyrçi mövqe tutub. Sanki Qarabağ onların deyil. Xüsusilə də bu gün müxtəlif adlarla mühacirətə gedən radikal müxalifətin nümayəndələri Qarabağla ümumiyyətlə, ilgilənmirlər. Onların istəyi ancaq və ancaq bu və ya digər formada Azərbayana təzyiq etmək istəyən beynəlxalq təşkilatlar, ayrı-ayrı hüquq müdafiə təşkilatlarının quluna çevrilməkdən ibarətdir. Yəni, Azərbaycan müxalifəti son proseslər də göstərir ki, yalnız xaricdəki hamilərinin göstərişilə oturub-durur. Hətta bu əsasda onlar bir çox hallarda ermənilərə dəstək olan hüquq müdafiə təşkilatları ilə belə əməkdaşlıq etməkdən çəkinmirlər. Belədə onlar xaricilərlə görüşlərdə ancaq bir məsələni qabardırlar. Guya Azərbaycanda insan haqları pozulur. Bunun müqabilində bir nömrəli problemimiz olan Qarabağ məsələsini heç yada da salmırlar. Bu da onu göstərir ki, müxalifət təşkilatları, onun rəhbərləri yalnız şəxsi maraqlarını önə çəkirlər. Milli maraqlar bu qüvvələr üçün prioritet təşkil etmir. Müxalifət hesab edir ki, hakimiyyət başında duranlar onlardan deyilsə, deməli, dövlət onların deyil. Bu isə olduqca zərərli, milli marağımıza ziyan vuracaq bir mövqedir. Dövlət kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu xalqa məxsusdur. Dövlətin, xalqın milli maraqları var ki, iqtidarlı müxalifətli hər kəs bu maraqları öz fəaliyyətlərində hər zaman öndə tutmalıdır. İstər müxalifətdə, istərsə də, hakimiyyətdə olmağımızdan asılı olmayaraq, milli maraqlar başımızın üzərində olmalıdır. Fəaliyyətimizi də məhz həmin maraqlardan çıxış edərək qurmalıyıq. Radikal müxalfət isə göründüyü kimi yalnız və yalnız özlərini, öz həyat tərzlərini düşünür. Şəxsi maraqları mili maraqlardan üstün tutmalarının nəticəsidir ki, müxalifət xarici rəsmilərə görüşlərdə Qarabağ məsələsində ümumən susmağa üstünlük verir. Bu isə dövlətçiliyimiz üçün zərərli tendensiyadır”.
 

Rüfət NADİROĞLU

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs