Əlaqə Arxiv
news Image
2017.07.18
09:15
| A A A
Səudiyyə Ərəbistanından Azərbaycana böyük sərmayə axını başlanır
Natiq Cəfərli: “Səudiyyə Ərəbistanının investisiya fondları Azərbaycanda nəqliyyat, tikinti, aqrar, İKT sahəsinin inkişafı, yeni iş yerlərinin yaradılması və əlavə gəlir əldə edilməsində mühüm rol oynayacaq” Rəşad Həsənov: “Səudiyyə Ərəbistanından prioritet elan olunan kənd təsərrüfatı, tikinti, nəqliyyat sektoru kimi sahələrə pul gətirmək mümkündür”

Azərbaycan Səudiyyə Ərəbistanına investisiya layihələri paketini təklif edəcək. Təkliflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qarşıdakı iclası zamanı təqdim olunacaq. Sayca 5-ci olan iclasın Bakıda oktyabrda keçirilməsi nəzərdə tutulur. Məlumata görə, təkliflər nəqliyyat, aqrar, tikinti və İKT sektorunu əhatə edir. Səudiyyə Ərəbistanından bu sahəyə investisiyalar qoyuluşu Azərbaycana nə vəd edir? 

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Səudiyyə investisiyasının Azərbaycana gətirilməsi ölkəmizdə yeni iş yerlərinin yaradılması və əlavə gəlirlərin əldə edilməsi demək olacaq: “Səudiyyə Ərəbistanında xarici ölkələrə birbaşa investisiya yatıran bir neçə fond fəaliyyət göstərir. Bu fondların dövlət tərəfindən idarə olunmasına baxmayaraq, investisiya layihələrini öyrəndikdən sonra özləri hər hansı bir yatırım etmək hüququna malikdirlər. Çox güman ki, Azərbaycanın təklif etdiyi layihələrdə gəlirlik marağı yüksək olacaq və onları maraqlandıracaqsa, Səudiyyə Ərəbistanından olan fondlar ölkəmizə investisiya qoyuluşunda maraqlı olacaqlar. Çünki bu istiqamətdə onların kifayət qədər imkanları da var. Belədə sözügedən ölkənin investisiya fondları Azərbaycanda nəqliyyat, tikinti, aqrar və İKT sahəsinin inkişafı, bu istiqamətlərdə yeni iş yerlərinin yaradılmasında, əlavə gəlir əldə edilməsində mühüm rol oynaya bilərlər. 
Həmin fondlar regionda, ümumiyyətlə, ölkəmizdə aktiv rol oynamağı düşünürsə, belədə ölkəmizə qoyulan investisiyalardan həm özləri qazanmağa çalışacaq, həm də Azərbaycanda yeni iş yerləri və gəlirli sahələrin yaradılmasında bu, mühüm addım olacaq. Səudiyyə investorlarının ölkəmizə cəlb edilməsi üçün isə Azərbaycan daha ciddi təşviq proqramları təklif etməlidir. Həmçinin, müəyyən güzəştlər də təklif olunmalıdır ki, həmin fondlar Azərbaycana investisiya yatırmaqda və davamlı şəkildə bu işdə maraqlı olsunlar. Yəni, fikrimcə, sözügedən paketlərlə paralel olaraq müəyyən təşviq proqramlarının da qəbul edilməsi, investorlara müəyyən üstünlüklər qazanmaq üçün təkliflər verilməsi çox vacib addım olardı. Bu addım ölkəmizdə gələcəkdə yeni iş yerləri və əlavə gəlir mənbələrinin yaranmasına səbəb ola bilər”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov da vurğuladı ki, gələcək perspektivdə Səudiyyə Ərəbistanından gələn investisiya yönələcək sahələrdə yeni inkişafa təkan verəcək: “Təşviq olunan investisiya layihələrində ilk məsələlərdən biri onun cəlbediciliyi məsələsi olmalıdır. Dünyada kapital çatışmamazlığı fonunda inkişaf etməkdə olan ən müxtəlif paketlərlə neft sahibi olan ölkələri öz iqtisadiyyatlarına investisiya qoymağa həvəsləndirirlər. 
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normal olduğunu nəzərə alsaq, Əl-Riyaddan olan investorların ölkəmizə investisiya yatırmaları mümkündür. Amma təklif olunan layihələr daha real və cəlbedici olmalıdır ki, Səudiyyə Ərəbistanı investorları da ölkəmizdə müxtəlif sahələrə pul yatırmaq prosesində maraqlı olsunlar. Səudiyyə Ərəbistanından Azərbaycana pul gətirmək mümkündür. Xüsusən də prioritet elan olunan kənd təsərrüfatı, tikinti, nəqliyyat sektoru kimi sahələrə. Bununla həmin sahələrdə müəyyən inkişafa da nail ola bilərik. Amma eyni zamanda onu da nəzərə almalıyıq ki, Səudiyyə Ərəbistanı və Yaxın Şərqin digər ölkələrindən cəlb olunan investisiyalar sadəcə, ölkəmizə pul şəklində gələcək. Lakin həmin ərəb ölkələrinin sözügedən istiqamətdə o qədər də təcrübəsi, biliyi, vəsaitləri idarə etmək ruhu yoxdur. Bu mənada Səudiyyə Ərəbistandan gələn investisiya vəsaitlərinin ölkəmizdə də birgə idarəedilməsi məsələsi yarana bilər. Lakin Avropadan gələn investisiya özü ilə birgə həmçinin təcrübə də gətirir. Ona görə hökumətin bu amili də nəzərə alması yaxşı olardı. Gələcəkdə Səudiyyə Ərəbistanından gələn investisiya təbii ki, hansı sahələrə yönələcəksə, həmin sektorlarda kapital çatışmamazlığını aradan qaldırmaq, innovasiya mühitinə şərait yaratmaqla inkişafı dəstəkləyə bilər”.

Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz