news Image
2011.11.30
13:53
| A A A
Növbəti prezident seçkilərində xalqın seçimi bəllidir
Zahid Oruc: "Tam əminliklə bildirirəm ki, hazırda Azərbaycan müxalifətindəki insanların əksəriyyəti prezident İlham Əliyevin siyasətini dəstəkləyir" Məlumat verildiyi kimi Xəzər İnformasiya Mərkəzi (Caspian İnformation Centre) beynəlxalq sorğu təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, ölkə əhalisinin 95 faizi prezident İlham Əliyevə etimad göstərir. Təşkilatın rəhbəri Cerald Frost sorğunun Azərbaycanı tam əhatə etdiyini söyləyib.

O qeyd edib ki, sorğu 2011-ci ilin sentyabrında 1000 respondent arasında keçirilib: "Sorğuda iştirak edən respondentlərin böyük hissəsi - 95 faizi prezident İlham Əliyevi dəstəklədiyini, 96 faizi onun yürütdüyü siyasətin uğurlu olduğunu söyləyib, ona etibar etdiyini deyib. Respondentlərin 79 faizi ölkədə proseslərin yaxşı istiqamətdə getdiyini desə də onların 40 faizi iş tapmağın çətinləşdiyi qənaətində olduğunu söyləyib".

Millət vəkili Zahid Oruc bununla bağlı bildirir ki, Xəzər İnformasiya Mərkəzi beynəlxalq nüfuza malik bir təşkilatdır: "Bu mərkəz təkcə sorğu keçirməklə deyil, həm də ciddi tədqiqatlar aparan bir qurumdur. Onun tədqiqatları, sorğuları nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. Xəzər İnformasiya Mərkəzi daha öncə Qazaxıstanda prezident seçkiləri öncəsi sorğu keçirib ki, nəticələr digər beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə qəbul olunur. Ona görə də hesab edirəm ki, Xəzər İnformasiya Mərkəzinin Azərbaycanda keçirdiyi sorğu obyektivliyi əks etdirir".

Z.Orucun sözlərinə görə, hətta Xəzər İnformasiya Mərkəzi sorğu keçirməsə belə, prezident İlham Əliyevin təkcə Azərbaycanda deyil, beynəlxalq arenada dəstəklənən lider olması şübhəsizdir: "İlham Əliyev bu gün ölkədə ən yüksək reytinqə malik siyasətçi olmasını qətiyyən təəccüblə qarşılamadım. 2003-cü ildə prezident seçiləndən bu günə İlham Əliyev Azərbaycan xalqının milli maraqlarına qarşı heç bir qərar qəbul etməyib, əksinə bu maraqların təmin edilməsinə çalışıb. Hətta "WikiLeaks" təşkilatının açıqladığı məxfi yazışmalarda da görünür ki, prezident İlham Əliyev ABŞ diplomatları ilə görüşdə onları Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı qərəzli mövqe tutmaqda ittiham edir. Prezidentin yürütdüyü iqtisadi, sosial siyasət, xarici siyasi kurs birmənalı şəkildə xalqın maraqları ilə üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycan xalqı 2013-cü il prezident seçkilərində birmənalı şəkildə Azərbaycan prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Düşünürəm ki, bu gün Azərbaycan prezidentini Azərbaycan xalqının 95-96 faizi deyil, 100 faizi dəstəkləyir".

Zahid Oruc onu da bildirdi ki, Xəzər İnformasiya Mərkəzinin keçirdiyi sorğunun nəticələri eyni zamanda ölkə müxalifətinin, xüsusilə də radikal müxalifətin durumunu açıq-aydın göstərir: "Bu o deməkdir ki, radikal müxalifəti xalq dəstəkləmir. Tək-tük adamlar tapılar ki, radikal müxalifətin tərəfində olsun. Bu da korrupsiya, yarıtmazlıq və digər ittihamlarla vəzifədən uzaqlaşdırılmış şəxslər ola bilər. Tam əminliklə bildirirəm ki, hazırda Azərbaycan müxalifətindəki insanların əksəriyyəti prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Ayrı-ayrı müxalifətçilər mənimlə söhbətlərində bildirirlər ki, Azərbaycanda xarizma, bacarığına görə İlham Əliyevə çatan siyasətçi yoxdu. Sadəcə, abırlarına qısılıb müxalifəti tərk etmək istəmirlər".

Millət vəkilinin qənaətincə radikal müxalifət liderlərinin xalq tərəfindən dəstəklənməməsinin bir neçə səbəbi var: "Əsas səbəb odur ki, radikal müxalifət liderləri hakimiyyətə qarşı barışmaz mövqedədilər. Aparılan bütün siyasəti tənqid edirlər. Sanki hakimiyyət hər gün bütün sahələrdə səhv buraxır. Onlara inansaydıq bu gün Azərbaycanın çökdüyünü görərdik. Amma bunun əksi baş verir. Ölkədə siyasi sabitlik hökm sürür. Mədəniyyət, diplomatiya sahəsində uğurlar bir-birinin ardınca gəlir. Dövlət büdcəsi, əhalinin maaşı, pensiyalar hər il artan xətlə davam edir. Bir tərəfdə hər gün uğurlara imza atan siyasətçi İlham Əliyev var. Digər tərəfdə isə daim uduzan, intriqalara meyil edən, pessipist ruhlu müxalifət lideri. Belə olanda xalqın seçiminin İlham Əliyev olması təbiidir".

Ruslan Qaçayoğlu

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs