Əlaqə Arxiv
news Image
2017.07.25
08:45
| A A A
Soçi görüşü Qarabağ münaqişəsi ilə bağlı status-kvonu dəyişir?!
Aydın Ağayev: “Beynəlxalq sənədlərə istinad edərək ərazi bütövlüyümüzün bərpası istiqamətində müəyyən addımların atılması haqqını əlimizdən heç kim ala bilməz” Elşən Manafov: “Soçi görüşü Azərbaycanla Rusiya münasibətlərində həllini gözləyən bir sıra problemlərin həllinə öz töhfəsini verib”

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putinin dəvətilə ötən həftənin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə gedərək onunla görüşüb. Həmin görüşdə əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi olub. Bu fonda bir sıra analitiklərin qənaətincə, İlham Əliyevlə Vladimir Putinin həmin görüşündən sonra Qarabağ məsələsində irəliləyişlər gözlənilir. 

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev qeyd etdi ki, problem dinc yolla həllini tapmadığı təqdirdə, ərazi bütövlüyünün bərpası istiqamətində Azərbaycanın beynəlxalq qanunlara istinadən müəyyən addımlar atmağa tam haqqı var: “Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünü faydalı və aktual hesab edirəm. Ona görə faydalıdır ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi hər belə görüş Bakı ilə Moskva arasındakı münasibətlərin inkişafına impuls verir. Görüşün aktuallığı isə onunla bağlıdır ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşı məcrada inkişafını istəməyən qüvvələr bir sıra hallarda neqativ məqamları uyduraraq ikitərəfli münasibətlərdə həmişə pisləşmə mənzərəsini yaratmağa çalışıb və çalışırlar. Lakin keçirilən görüşün atmosferi və onunla bağlı gedən şərhlər həmin təmasın faydalı olduğunu göstərdi. 
Azərbaycan üçün əlbəttə ki, ən vacib məsələ Dağlıq Qarabağ məsələsidir. Onu da nəzərə alaq ki, problemin həllində Rusiyanın həm vasitəçi, həm də regionun böyük dövləti kimi mühüm çəkisi var. Rusiya ilə münasibətlərimizin yaxşılaşması kontekstində əsas problemimizin həlli üçün fayda götürə bilərik. Azərbaycanın üstünlüyü ondadır ki, həm Rusiya, həm istənilən digər dövlətlərlə əməkdaşlıqda müzakirəyə ehtiyac olan məsələləri arxayın, özünə inamlı şəkildə müzakirə edir və ondan faydalı nəticələr də alır. Ermənistan haqqında isə bunu söyləmək olmaz. Ermənistanın Rusiya ilə bütün əlaqələri böyük bir minnətin üstündədir. İndi Ermənistanda hakimiyyətdə olan klanın dili çox qısadır. Deyilənə görə, Serj Sarkisyan klanı danışıqlardan imtina etmək və mahiyyəti üzrə danışıqlardan yayınmaqla prosesin uzanmasına və belədə öz klanının da iqtidarda ömrünün uzanmasına nail olmaq istəyir. Amma məsələnin  ikinci tərəfi var. Rusiya situasiyanı yaxşı bilir. Bu cür əhəmiyyətsiz məsələləri qabardıb müzakirə mövzusu kimi təqdim etmək, mahiyyəti üzrə danışıqlardan qaçmaqla hara və haçana qədər qaçmaq olar?  Sonda Moskva da bezəcək. O halda tamamilə Moskvadan asılı olan Sarkisyan klanının siyasi taleyinin necə olacağı məlum deyil. Bəlkə də məlumdur. Onlar malik olduqlarını itirəcəklər. 
Ümid edirəm ki, vaxt uzanması, Rusiyanın bezməsi, Azərbaycanın Moskva ilə münasibətlər, həm də regionda rolu və çəkisinin artmasının mövcud vəziyyətə də təsiri olacaq. Belə olan halda Sarkisyan hakimiyyətinə təzyiqlərin artacağını da gözləyirəm. Ermənistan daxilindəki real vəziyyətin özü də Sarkisyan klanı üçün sürprizlər yarada bilər. Bir sıra hallarda deyilir ki, ilin sonuna yaxın, yaxud da gələn ilin əvvəllərinə Ermənistanda daxili siyasi vəziyyət pisləşməyə doğru gedəcək. Bu halda da Sarkisyan klanı hər şeyi itirəcək. Rusiyanın bu məsələyə obyektiv olaraq ciddi yanaşacağını da istisna etmirəm. Hərçənd Rusiyanın özündə hakimiyyət çevrələrində belə Bakı ilə Moskva arasında münasibətlərin yaxşılaşmasını istəməyən qüvvələr çoxdur. Lakin Rusiyada siyasi hakimiyyətdə əsas rol Putinə məxsusdur. Bu mənada Soçi görüşünü, orada müzakirə olunan məsələləri və Rusiya ilə münasibətlərin yaxşılaşmasını göstərən şərhlərin hamısını bölüşürəm. Problemin həlli perspektivləri üçün də belə görüşlərin böyük əhəmiyyətinin olduğu danılmazdır. Dağlıq Qarabağ məsələsilə bağlı Azərbaycanın mövqeyi çox açıqdır. Azərbaycan özünün ərazi bütövlüyünün pozulması və onun bərpa edilməsini illərlə gözləməyəcək. Bunu Rusiya, bütün dünya, Ermənistan özü də çoxdan bilir. Azərbaycan onilliklərlə mövcud vəziyyətlə barışmayacaq. 
Kənardan məsələhət verənlər problemin dinc yolla həll olunmalı olduğunu deyir. Azərbaycan Prezidenti də dinc yolun tərəfdarı olduğunu deyib və əməlimizlə bunu göstəririk. Belə olmadıqda mühüm beynəlxalq sənədlərə istinad edərək ərazi  bütövlüyümüzün bərpası istiqamətində müəyyən addımların atılması haqqını əlimizdən heç kim ala bilməz”. 
Politoloq Elşən Manafov bildirdi: “Düşünürəm ki, hər halda Soçi görüşü Azərbahycanla Rusiya münasibətlərində həllini gözləyən bir sıra problemlərin həllinə öz töhfəsini verib. İkitərəfli münasibətlərdə diqqət mərkəzində olan mühüm məsələlər, təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq, miqrasiya, sosial siyasət və Qarabağ məsələlərindən ibarətdir.  
Təbii ki, Soçi görüşündə Qarabağ məsələsilə əlaqədar olaylar da diqqət mərkəzində olub. Son bir neçə ay ərzində təmas xəttində gərginliyin artması bölgədə geosiyasi maraqları olan Rusiyanın diqqətindən yayına bilməzdi. Bu mənada Soçi görüşündə tərəflər arasında Qarabağ probleminin həlli istiqamətində növbəti addımların atıla biləcəyini istisna etməzdim.  Bütövlükdə bu kimi görüşlər münaqişə tərəfi olan dövlətlər arasında gərginliyin daha da artması  və onun genişmiqyaslı  hərbi əməliyyatlara keçməsinin qarşısını almağa hər halda öz töhfəsini verir.  
Qarabağ münaqişəsi fonunda Rusiya öz silahlarını Azərbaycana da satmaq imkanı qazanıb. Azərbaycan Rusiyadan silah alan dövlətlər sırasında ilk beşlikdə yer alıb. Bu mənada Azərbaycanla əməkdaşlığın genişləndirilməsi Rusiyanın hərbi sənaye kompleksinin maraqlarına bütün hallarda cavab verir. Baxmayaraq ki, Ermənistanın bununla bağlı müəyyən narazılıqları var. Lakin Moskva İrəvanın bu narazılığını nəzərə alan deyil. Çünki Ermənistan tərəfi Azərbaycandan fərqli olaraq müstəqil siyasət yürütmək iqtidarında deyil, Rusiyanın forpostudur. 
Azərbaycan problemi hərbi yolla həll etmək imkanlarına malikdir. Beynəlxalq hüquq da Azərbaycana bu hüququ tanıyır. Amma problemin danışıqlar yolu ilə həll variantı tükəməyibsə, danışıqları davam etdirmək lazımdır. Bu mənada düşünürəm ki, Azərbaycan və Rusiya dövlət başçıları səviyyəsində belə görüşlər problemin yaxın perspektivdə həlli üçün  münasib şərait yaratmasa da, hər halda münaqişə ətrafında gərginliyin yüksələn xətlə artmasının qarşısını alır”. 
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz