Əlaqə Arxiv
news Image
2017.07.26
08:00
| A A A
Azərbaycan və Rusiyadan üçüncü qüvvələrə sərt mesaj
İlqar Vəlizadə: “Əsas məsələ konstruktiv şəkildə dialoqun davam etdirilməsidir” Elxan Şahinoğlu: “Bizim üçün əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir”

Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə diqqət mərkəzində saxlanılan məsələlərdən biri də ikitərəli münasibtlərin inkişafı ilə bağlı oldu. Belə bəlli oldu ki, müəyyən qüvvələrin cəhdlərinə baxmayaraq, ikitərəfli münasibətlərə kölgə salmaq mümkün olmayacaq. 

Nəzərə alaq ki, son zamanlar Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun yaranması kimi təəssürat formalaşmışdı. O baxımdan bu görüş qarşılıqlı münasibətlərin yeni inkişaf mərhələsi kimi də dəyərləndirilir. Politoloq İlqar Vəlizadə bildirdi ki, görüş iki lider arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərdi: “Bu da heç bir protokolsuz, əvvəlcədən razılıq olmadan görüşlərin keçirilməsinə imkan verir. Rəsmi protokoldan kənarda olan görüşlərdir. Bu görüşlər də sərbəst şəkildə müxtəlif mövzulara toxunmalarna imkan verir. 
Son zamanlar Rusiya-Azərbaycan münasibətlərində müəyyən anlaşılmazlıq nəzərə çarpırdı. Bunun da səbəbləri müxtəlifdir. Bu fonda müxtəlif spekuliyasiyalar, fərziyyələr ortaya çıxırdı ki, Rusiya ilə Azərbaycan arasında böhran yaşanılır. Bu fərziyyələri də əsasən ermənilər yayırdılar. Belə şayiələri aradan qaldırmaq üçün görüş vacib oldu. Görüş göstərdi ki, maraqlar fərqli olsa da, münasibətlər dəyişmir, yüksək səviyyədə olaraq qalır.  Bu da gələcək perspektivlərlə bağlı fikir mübadilələri aparmağa imkan verir. 
Hazırda «Şimal-Cənub» dəhlizi reallaşmaq üzrədir. Eyni zamanda terrorla mübarizədə Azərbaycanın müəyyən rolu var. Hansı ki bu məsələdə Rusiya da fəal oyunçudur. Bu məsələdə iki ölkə arasındakı münasibət regionda olan riskləri dəf edib. Eyni zamanda müxtəlif enerji layihələri də var ki, iki ölkə arasında əməkdaşlıq predmetidir. Məsələn, “Qazprom”la SOCAR arasında əməkdaşlığı göstərə bilərik. Çox güman ki, yaxın zamanlarda bu əməkdaşlıq real layihələrlə gündəmə gələcək. Həmçinin Qarabağ da gündəmdə olan mövzudur. Azərbaycan növbəti dəfə öz narahatçlığını bildirib. Hətta fərziyyələr də var ki, bu görüşdə Rusiya Azərbaycandan müharibəni başlamamağı istəyib. Amma Azərbaycanın maraqları var və bu da Rusiyayanın bir daha nəzərinə çatdırılıb. Əsas məsələ konstruktiv şəkildə dialoqun davam etdirilməsidir. Çox güman ki, Rusiya Ermənistanla danışıqlar aparacaq. Danışıqlar prosesində irəliləyiş olmalıdır ki, müharibə ehtimalı azalsın”. 
“Atlas” Araşdırmalar Birliyinin sədri Elxan Şahinoğlu hesab edir ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün iki ölkə arasında münasibətlərə fövqəladə təsir edəcəyi gözlənilmir: “Münasibətlər hansı formadadırsa, o cür də davam edəcək. Azərbaycanın Rusiyanın siyasəti ilə bağlı müəyyən narahatçılıqları var. Dövlət başçısı böyük ehtimalla həmin narahatçılıqları Vladimir Putinin diqqətinə çatdırıb. Ola bilsin, V.Putinin də Azərbaycanın siyasəti ilə bağlı hansısa sualları var. 
Bizim üçün əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ən böyük istəyimiz Rusiyanın Ermənistan hakimiyyətinə təzyiq edərək ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında rayonları boşaltmasıdır. Təəssüf ki, bu, baş vermir. Ötən ilin aprel döyüşlərində Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan müdafiə naziri Zakir Həsənovdan döyüşlərin dayandırılmasıın xahiş etmişdi. Ancaq bunun qarşılığı olaraq Rusiya heç bir addım atmır. Görüşdən sonra da Qarabağla bağlı heç bir irəliləyiş olmadı. İrəliləyiş olsaydı, cəbhə bölgəsində sakitlik hökm sürərdi. Yəni, Soçi görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə edilsə də, ciddi nəticələr əldə olunmayıb. Rusiya istəsə, Qarabağ problemini qısa müddətə həll edə bilər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz