Əlaqə Arxiv
news Image
2017.07.27
09:45
| A A A
Təxribatlarına görə düşmən qanına qəltan ediləcək
Fəzail İbrahimli: “Ermənilərin cəbhə zonasında təxribatları davam etdirməsinin fəlsəfəsi məlumdur” Mais Səfərli: “Ermənistanın bu hərəkəti müharibəyə aparan bir yoldur”

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından (PUA) istifadə ediblər. Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb. Bütün bunlar onu göstərir ki, işğalçı ermənilər təxribatlarını davam etdirir. Yəni bircə gün də olsun atəşkəsə əməl etmirlər. Nəinki hərbçilərimizi, hətta müharibə aparmaqla bağlı beynəlxalq konvensiyaları kobudcasına pozaraq mülki əhalini, hətta körpə uşaqları belə hədəfə alırlar. Bie sözlə, Ermənistan özünün işğalçı siyasətini və bu fonda da təxribatlarını davam etdirir. Düşmən nədən təxriaba son qoymur və belə vəziyyətdə münaqişə ətrafında hadisələr hansı səpkidə inkişaf edəcək?

Milli Məclisin deputatı Fəzail İbrahimli bildirdi ki, məhz cəzasızlıq mühiti düşməni təxribatları davam etdirməyə sövq edir: “Əslində, ermənilərin cəbhə zonasında təxribatları davam etdirməsinin fəlsəfəsi məlumdur. Düşmən cəzasızlıq mühitində yaşayır. Ermənistan beynəlxalq aləmdə müəyyən qüvvələr tərəfindən müdafiə olunur, bu səpkidə də işğalçı kimi tanınmır. Ona görə də düşmən susmur, barışığa gəlmir. 
İnsanların pis yoldan uzaqlaşdırılmasında bilirsiniz ki, ictimai qınağın böyük əhəmiyyəti vardır. İctimai qınaq da kara gəlməyəndə insan qanun qarşısında cavab verir. Ermənistana qarşı da hazırda hər hansı bir cəza mühiti və ictimai qınaq tətbiq edilmir. Məhz bunun nəticəsidir ki, ermənilər də təxribatlarını və işğal prosesini davam etdirirlər. Hazırda dünyada beynəlxalq gücün fəaliyyət göstərdiyi dövrdür, beynəlxalq hüquq dəfn olunub. Prosesi törədənlər Qafqazda mövqelərini möhkəmləndirmək istəyən güclü dövlətlərdir. Ermənistan da onu icra edir. Ona görə də danışıqları pozmaq, ölkəmizə qarşı şər-böhtan kampaniyası aparmaq, Ermənistan əhalisinin başını qatmaq üçün belə təxribatlara gedirlər. Məhz cəzasızlıq mühitinin olmasının nəticəsidir ki, ermənilər təxribatlarını davam etdirirlər. Mövcud vəziyyət daimi olaraq belə davam edə bilməz. Hansısa bir zamanda aprel hadisələri təkrar olunmalı və Azərbaycan ayağa qalxmalı və cinayətkarı cəzalandırmalıdır. Bu istiqamətdə yeganə ümid yeri də ancaq özümüzük”. 
Yurddaş Partiyasının sədri Mais Səfərlinin də fikrincə, təzyiqlərin olmadığı fonda Ermənistan işğalçı siyasətini və təxribatlarını davam etdirəcək: “Nə qədər ki, danışıqlar prosesində işğalçı Ermənistana təzyiq göstərilmir, beynəlxalq hüququn sərt üzü onlara tətbiq olunmur,  ermənilər təxribatlarını davam etdirəcəklər.  BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 məlum qətnaməsi var. Ermənistan bu qətnamələri yerinə yetirməyə borcludur, amma yerinə yetirmir. Həmçinin münaqişənin çözülməsilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri məşğul olur. Lakin həmçinin BMT Təhlükəsizlik Şurasının üzvü olan bu həmsədrlərin üçü də Ermənistana yaxın dövlətlərdir. Fransa və ABŞ-da güclü erməni diasporu var, Rusiya da müəyyən qədər Ermənsitanı dəstəkləyən dövlətdir. Belə desək, hardasa Ermənistanı dəstəkləyir, işğalçıya sanksiya tətbiq etmək istəmirlər. Bu kimi ciddi təzyiqlərin olmaması fonunda ermənilər danışıqlardan qaçır, mütəmadi olaraq atəşkəsi pozurlar. Belə olan vəziyyətdə Azərbaycan ondan ciddi nəticə çıxararaq, məsələni yenidən ciddi şəkildə BMT Təhlükəsizlik Şurasında qaldırmalıdır. Əks təqdirdə, məsələni özümüzün həll etməsinə qərar verməliyik. 
Artıq yetər, Ermənistanın bu hərəkətlərinə dözmək olmaz. Gərəkdirsə, ən azından Türkiyəni əlavə etməklə Minsk qrupu həmsədrlərinin yeni formatda tərkibi formalaşmalıdır. Yoxsa, vəziyyət bu cür davam edə bilməz”. 
Mövcud vəziyyətin dəyişməməsi isə  həmsöhbətimizə görə, müharibəyə aparacaq: “İşğalın davam etməsi sözsüz ki, müharibəyə aparan bir yol olacaq. Ermənistanın bu hərəkətləri bölgədə vəziyyətin hərbi əməliyyatların yenidən alovlanmasına qədər gərginləşməsinə gətirib çıxara bilər.  Bu zaman isə baş verəcək hərbi toqquşma təkcə iki dövlət arasında olacaq müharibə olmayacaq. Nəticədə mövcud durum regionda böyük bir müharibənin alovlanmasına, hətta qlobal toqquşmalarla müşayiət olunan yeni bir dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər. Belədə, bölgəmizdə alovlana biləcək müharibə təkcə region üçün deyil, dünya üçün böyük problemlər yaradacaq. Odur ki, vəziyyətin bu həddə çatmaması üçün böyük güclər nəhayət Qarabağ münaqişəsinin real olaraq həlli barədə düşünməli, işğalçıya sanksiya tətbiq etməlidirlər. Əks təqdridə böyük bir müharibənin başlanması ilə super dövlətlər də çox şey itirəcəklər. Azərbaycan diplomatiyası da daha böyük işlər görərək, hücum mövqeyində durmalıdır”.
 

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz