Əlaqə Arxiv
news Image
2017.07.28
07:00
| A A A
Azərbaycan Ermənistana son xəbərdarlığını edir
Məhəmməd Əsədullazadə: “Son üç ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən təxribatlar Qarabağ konfliktinin həllində irəliləyişə aparacaq bütün danışıqlar prosesini sabotaj edib” Tofiq Abbasov: “Ermənistan gərginlik istəmirsə, dağıdıcı siyasətindən imtina etməli və danışıqlar masasına gəlməlidir”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanat yayıb. Bəyantda  xüsusi vurğulanır ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaqdır. Beləliklə, Azərbaycan Ermənistana qarşı müvafiq addımlar atılması üçün dünya ictimaiyytini konkret şəkildə xəbərdar etdi. Siyasilər  dünya ictimaiyyəti bu məsələdə yenə də laqeyq yanaşacaqsa, Qarabağ cəbhəsində proseslərin hərbi müstəvidə inkişafını istisna etmirlər.  

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın  Azərbaycana qarşı işğalçılıq siyasəti region üçün artıq ciddi təhlükəsizlik probleminə çevrilib: “Son üç  ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən təxribatlar Qarabağ konfliktinin həllində irəliləyişə aparacaq bütün danışıqlar prosesini sabotaj edib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri çərçivəsində İrəvan və Bakı səfərindən hər hansı bir nəticənin olmaması Ermənistanın qeyri-konstruktiv mövqeyidir. 
Azərbaycan işğalçı ölkəyə substantiv danışıqları bərpa etmək üçün daima çağırışlar edir.  Amma bu çağırışlara işğalçı ölkə cəbhədə mülki insanlara atəş açmaqla bir növ qarşılıq verir. Göründüyü kimi, Minsk qrupunun həmsədrlərinin səfəri, Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin apardığı görüşə baxmayaraq, işğalçı ölkə cəbhədə  yenidən intensiv şəkildə atəşkəsi pozur. Brüsseldə payızda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü razılaşdırılsa da, bu görüşün baş tutmaması üçün rəsmi İrəvan öz ambissiyalı və işğalçı siyasətini davam etdirir. Görüşlərin razılaşdırılmış bir məqamında Ermənistan siyasi-hərbi rəhbərliyi bir daha iri çaplı silahlarla atəşkəsi mütəmadi pozursa, PUA-lar vasitəsilə hücuma cəhd edirsə, onda heç bir konstruktiv danışıqlardan söhbət gedə bilməz. 
Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatından aydın olur ki, Ermənistan danışıqlardan yayınır və dünya birliyi, xüsusilə münaqişənin həllində məsul olan dövlətlər laqeydlik edirsə, bu, regionda müharibənin alovlanması ilə nəticələnə bilər.  Azərbaycan haqlı mövqeyindən həyacan təbilini çalır. Əgər Minsk qrupunun həmsədrləri, başda Ermənistanın strateji müttəfiqi olan Rusiya danışıqlarda maraqlı olmasa, Azərbaycan Ermənistana güc yolu ilə təzyiqləri davam etdirəcək. Payızda növbəti görüş baş tutmasa, mümkündür ki, yenidən cəbhədə şiddətli toqquşmalar baş versin”.
Digər politoloq Tofiq Abbasov bildirdi ki, dünya ictimaiyyətini necə reaksiya verəcəyindən önəmli olanı bu bəyanatın Ermənistanda böyük əks-səda doğurmasıdır: “Bəyanatın qarşılığında Ermənistanın müdafiə naziri ölkəmizini ittiham edərək, guya Azərbaycanın cavabını verməyə hazır olduqlarını bildirib. Ancaq Azərbaycanın bəyanatı təsadüfi deyil. Bu, artıq son xəbərdarlıq anlamına gəlir. Çünki Ermənistan bilərəkdən sülh vəziyyətini iflic vəziyyətə salmaqla, status-kvonu ciddi cəhdlə saxlamağa çalışdığı halda Azərbaycanın bir yolu qalır. Bu da bölgədə böyük risklər yaradan Ermənistana hərbi yolla cavab verməkdir. 
Ermənistan yaxşı başa düşür ki,  hərbi-texniki baxımdan Azərbaycandan çox-çox zəifdir. Ona görə də son zamanlar Rusiyadan kreditlə silah almaq üzrə danışıqlar aparır. Ermənistan yenidən Rusiyadan kredit götürməyi planlaşdırır.  Ancaq Ermənistan nə etsə də, Azərbaycandan geridədir. Çünki Azərbaycan bu məsələdə xüsusi, məqsədyönlü siyasət yürüdür. O baxımdan Azərbaycanın indiki diplomatik, hərbi, siyasi mövqeləri Ermənistandan qat-qat güclüdür. Ermənistan gərginlik istəmirsə, dağıdıcı siyasətindən imtina etməli və danışıqlar masasına gəlməlidir. Əgər bu olmayacaqsa, ən yaxın zamanda hərbi əməliyyatlar başlayacaq və Ermənistan bundan ciddi zərər çəkəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz