Əlaqə Arxiv
news Image
2017.07.28
08:00
| A A A
Rusiya və ABŞ qarşıdurması Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər
Qabil Hüseynli: “Bu qarşıdurma prosesində Azərbyacan üçün Qarabağ konfliktinin həlli istiqamətində yeni perspektivlər açıla bilər”

Rusiya və ABŞ arasında münasibətlərin getdikcə daha da kəskinləşdiyi müşahidə olunur.  ABŞ-ın yeni sanksiyaları vəziyyətin daha da pisləşdiyini göstərir. Moskva buna qarşı cavab tədbirləri görəcəyini bildirir. Bir sözlə, hazırda ABŞ-la Rusiya arasında Ukrayna, Yaxın Şərq, hətta Şimali Koreya kimi məsələlərlə bağlı olaraq ciddi gərginlik atmosferi hökm sürür. 

Politoloq Qabil Hüseynlinin fikrincə, ABŞ-la Rusiya arasında münasibətlərin gərginliyin artan istiqamətdə getməsi Azərbaycan üçün Qarabağ münaqişəsinin həlli prosesində də yeni perspektivlər yarada bilər: “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dililə desək, Vaşinqton Rusiyanı onun əhalisinə əziyyət verə-verə məğlub etmək istəyir. Qərbin əksər ölkələri də bu fonda Moskvaya qarşı tətbiq edilməsi gözlənilən yeni sanksiyalara və onun iqtisadi imkanlarının zəiflədilməsinə dəstək verir.  Artıq sanksiyaların yeni paketi hazırlanıb ki, o da enerji sektorundan tutmuş, Rusiyanın neft və qaz ixracına qədər olan bütün sahələri əhatə edə bilər. 
Burada əsas hədəf Rusiyanın Qara dəniz və Türkiyənin ərazisindən keçəcək enerji layihəsinin önlənməsidir. Bu da Azərbaycan üçün əlverişli şərait yaradır. ABŞ dövlət katibi Reks Tillersonun Azərbaycan Prezidentilə görüşü zamanı Amerikanın “Cənub Qaz Dəhlizi” layihəsinə  dəstəyini artıracağını vəd etməsi də onu göstərir ki, “Şahdəniz-2” layihəsinin işə düşməsilə Avropaya ildə 30-32 milyon kubmetr həcmində qaz ixrac ediləcək. Üstəlik Türkmənistan qazının  TANAP layihəsinə qoşulması ideyasının reallaşdırılması istiqamətində də addımlar atılır. Bütün bunlar onu göstərir ki, Rusiyaya təzyiqlər artdıqca onun Cənubi Qafqazdakı fəaliyyəti hiss ediləcək dərəcədə zəifləyə bilər. 
Rusiya son zamanlar keçmiş sovet ərazilərini yenidən özünə qatmaq istiqamətində ilhaqçı siyasət aparmağa başlayıb. Bu siyasətilə də Moskva heç kimdən çəkinmədiyini nümayiş etdirir. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra bu ölkənin dünya düzəninə cavabdeh olması kimi yaranan  fikir də müəyyən qədər tənəzzülə uğrayıb. Amma bununla belə ABŞ yenidən özünü düzəldərək Rusiyanı əvvəlki çanağına qaytarmaq istəyir. Vaşinqtonun Rusiyanı zəiflədərək, yenidən regional dövlət statuslu bir vəziyyətə qaytarmaq siyasəti Qərbin əksər ölkələri tərəfindən də müdafiə edilir. Bu prosesdə də Azərbyacan üçün Qarabağ konfliktinin həlli istiqamətində yeni perspektivlər açıla bilər. Çünki Rusiyanın zəifləməsi onun Ermənistana olan dəstəyinin azalmasına gətirib çıxarar. Hazırda isə bu dəstək genişmiqyaslıdır. Hərbi sahədən tutmuş, iqtisadi sahələrə qədər geniş bir miqyası əhatə edir. Az qala Ermənistanın bütün təminatı Rusiyanın üzərindədir. Moskva həmçinin bu işğalçı ölkə ərazisində hərbi bazalar saxlayır. Ondan da yeri gələndə təhdid vasitəsi kimi yararlanır. Son zamanlar Rusiyanın Ukrayna və Gürcüstana yeni təzyiqlər etməsi, Azərbaycanla bağlı da xoşagəlməyən müəyyən fikirləri səsləndirməsi zənnimcə, Moskvaya qarşı Qərbin mövqeyini kəskin bir səviyyəyə qaldırır. Güman ki, Trampın nə fikirləşməsindən asılı olmayaraq, ABŞ başda olmaqla Qərb Rusiyaya qarşı yeni, həm də öldürücü sanksiyaların tətbiqinə start verəcək. Bu da Azərbaycanın iqtisadi layihələrinin həyata keçməsinə, neft-qaz sahəsində ölkəmizin Qərbi təchiz etməkdə rolunun artmasına gətirib çıxarmaqla yanaşı, həm də Ermənistanın əvvəlki tək təhdid ritorikasında danışmasının qarşısını alacaq. Bir çox ekspertlərin qeyd etdiyi kimi Rusiya bir neçə günlüyə əlini Ermənistanın üzərindən çəksə, Azərbcayan öz gücünə Dağlıq Qarabağ problemini həll edə bilər. Bakı Moskva ilə münasibətlərin normal olmasına çalışır. Amma bu normal münasibətlər Minsk qrupunun həmsədri olaraq Moskvanın obyektiv olması, Azərbaycanla qərəzli davranmaması və Qarabağ probleminin həllində ölkəmizin haqlı tələblərini müdafiə etməsi zəminində mümkün ola bilər. Məhz bu zəmində iki ölkə arasında münasibətlər inkişaf edə bilər ki, Azərbaycan da bunun tərəfindədir. 
Rusiya ilə münasibətlər normal zəmində inkişaf etməlidir, amma bir şərtlə ki, Moskva Bakının ziyanına addım atmasın. Hər halda Qərblə olan münaqişənin bir çox səbəbləri Rusiyanın özü ilə bağlıdır. Rusiyanın Ukraynanın şərqini və Krımı ilhaq, Baltikyanı ölkələri, Gürcüstanı təhdid etməsi  sözsüz ki, bölgədə yeni gərginlik mınbəyinin yaranmasına səbəb olacaq. Bir sözlə, Qərbin Rusiyaya qarşı yeni sanksiyaları qapının ağzındadır və onun işə düşməsilə Moskva üçün xoş olmayan günlər başlaya bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz