news Image
2017.08.01
09:00
| A A A
Təxribatlara qarşı Azərbaycan Ordusunun cavabı daha sərt olacaq
Elman Məmmədov: “Cəbhədə vəziyyət gözlənilmədən müharibəyə çevrilə bilər, bunu hər an gözləmək olar” Fəzail İbrahimli: “Özünü pis aparanlara dərs vermək imkanımız kifayət qədərdir”

Ermənistan tərəfinin cəbhədəki son təxribatları işğalçının sülh danışıqlarından imtina etməsi kimi qiymətləndirilir. Rəsmi Bakı isə artıq bununla bağlı həm beynəlxalq qurumları, həm də təcavüzkar dövləti xəbərdar edib - təxribatlara qarşı Azərbaycan Ordusunun cavabı daha sərt olacaq. Bu mənada təxribatların davam etməsinin cəbhədə yeni genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxarmasını gözləmək olarmı?
Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, cəbhə xəttində ermənilərin törətdikləri təxribatlar istənilən anda genişmiqyaslı hərbi əməliyyatların yenidən alovlanmasına gətirib çıxara bilər: “Cəbhədə yeni genişmiqyaslı hərbi əməliyyatların başlana biləcəyini hər an gözləmək olar. Fikir verirsinizsə, erməni fitnəkarları, cinayətkarları təxribatlara əsasən də Azərbaycan Ermənistan dövlət sərhədi hissəsində gedirlər. Son günlər Qazax-Tovuz istiqamətində belə təxribatlar törətdilər. Bundan da məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin, xüsusilə Moskvanın diqqətini bölgəyə cəlb etməkdir. Yəni, KTMT müqaviləsini əsas tutaraq ermənilər təxribatlara getməklə, ancaq onu Azərbaycanın üzərinə atmaqla elə vəziyyət yaratmağa çalışırlar ki, Kreml onlara açıq şəkildə kömək etsin. Belədə belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan Ermənistanın təhlükəsizliyinə xələl gətirir. Yəni, dövlət sərhədi hissəsində törətdikləri təxribatların məqsədi məhz budur. 
Belə güman edirlər ki, təxribatlar törətməklə KTMT üzvü olan dövlətlər onların köməyinə gələcək. Təbii ki, belə olmayacaq. Çünki Azərbaycan və Rusiya prezidentlərinin bu günlərdə Soçidə olan görüşü də iki ölkə arasındakı münasibətlərin gələcəkdə də yüksək səviyyədə inkişaf edəcəyinə zəmin yaradıb. Cəbhədə vəziyyətə gəldikdə, bu, gözlənilmədən, heç kimin gözləmədiyi bir anda müharibəyə çevrilə bilər. Bunu hər an gözləmək olar. Azərbaycan Ordusu erməni təxribatlarının qarşısını ən yüksək səviyyədə almağa tam hazırdır. Sadəcə, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq beynəlxalq təşkilat, həmsədr dövlətləri vaxtlı-vaxtında xəbərdar edir ki, işğalçı, cinayətkar, terrorçu Ermənistan dövləti dinc durmur, daimi belə təxribatlarla məşğuldur. Belədə Azərbaycan həmin təxribatların qarşısını almaq üçün hərbi gücdən istifadə etməyə məcburdur. Ermənistanın bu təxribatı elə-belə ötüşüb keçməyəcək. Fikrimcə, onların bu hərəkəti elə bir vəziyyətə gətirib çıxaracaq ki, daha xoşagəlməz və gözlənilməz bir vəziyyət yaranacaq”.
Milli Məclisin deputatı Fəzail İbrahimli bildirdi ki, Azərbaycanın özünü pis aparanlara dərs vermək imkanı kifayət qədərdir: “Cəbhə xəttində yeni genişmiqyaslı hərbi əməliyyatlara başlamaq Ali Baş Komandanın səlahiyyətinə daxil olan məsələdir. Bütün Azərbaycan xalqı dövlət başçısının göstərişinə tam olaraq hazırdır. 
Aprel hadisələri göstərdi ki, Azərbaycanda siyasi mövqeyi, yaşından, durumundan asılı olmayaraq hər kəsin içində Vətən, torpaq sevgisi vardır. Dövlət başçısı istənilən vaxt istənilən əmri verə bilər. Təbii ki, bunun üçün beynəlxalq şərait, regiondakı vəziyyət nəzərə alınır. Azərbaycan tərəfi erməni təxribatına uyan deyil. Azərbaycan dövlətinin özünün  strateji kursu var. Amma özünü pis aparanlara dərs vermək imkanımız da kifayət qədərdir”.  
Rüfət SULTAN 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs