Əlaqə Arxiv
news Image
2017.08.12
09:00
| A A A
Nağdsız alış-verişdə hələ də istənilən nəticə yoxdur
Natiq Cəfərli: “Nağdsız alış-veriş edən, daha çox dövriyyəsi olan şirkət, ticarət şəbəkələrinə güzəştlər tətbiq etmək olar”

Azərbaycanda cari ilin yanvar-iyun ayları ərzində bankomatlar və POS-terminallar vasitəsilə ümumilikdə 508 milyon manat həcmində əməliyyatlar həyata keçirilib. Hesabata əsasən, cari ilin iyun ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 5 milyon manat və ya 8% azalaraq 58 milyon manat təşkil edib. 

Qeyd edək ki, son dövlərdə hökumət nağdsız ödənişləri stimullaşdırmaq üçün müəyyən təşəbbüslər göstərib, tədbirlər görüb. Bir sıra xidmətlər elektronlaşdırılıb. Lakin görülən tədbirlərə rəğmən, nağdsız ödənişlərin həcmində istənilən artım yoxdur.   
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, nağdsız ödənişlərin həcminin azalmasında stimullaşdırıcı addımların olmaması faktı öz sözünü deyib: “İlkin olaraq, Azərbaycanda əhalini nağdsız ödənişlərə öyrəşdirmək və təşviq etmək lazımdır ki, bu sahədə uğur qazanmaq mümkün olsun. İndilikdə isə ölkə əhalisi nağdsız ödənişlərin üstünlükləri haqqında ümumən məlumatsızdırlar. 
Nağdsız alış-verişin əhalinin həyat tərzlərinə hansı yüngüllüklər gətirəcəyini təşviq proqramları,  maarifləndirmə yolu ilə öyrəşdirmək lazımdır. Təəssüf ki, təqaüdçülər və kartla maaş alan vətəndaşlarımız da əmək haqqı və təqaüdlər karta oturan kimi onu dərhal nağdlaşdırmağa çalışır. Bunun nəticəsidir ki, bankomatlar qarşısında maaş və təqaüd verilən günlərdə hər zaman növbələrin olduğunu müşahidə edirik. Halbuki, həmin maaş və təqaüd kartları həmçinin alış-veriş zamanı istifadə etmək üçün də yararlıdır. Lakin ölkəmizdə hələ də əhali bu pulları nağd şəkildə bankomatlardan çıxarmağa üstünlük verir. Nağdsız ödənişin həcminin artmasına nail olmaq üçün nağdsız  ödəni edənlərə münasibətdə müəyyən təşviqedici addımlar atılmalıdır. 
Dəfələrlə bu istiqamətdə təkliflər də vermişik. Məsələn, nağdsız ödəniş edən hər bir şəxsin aldığı çekin nömrəsi avtomatik olaraq lotereya biletinə çevrilə bilər. Belədə ayda bir dəfə Vergilər Nazirliyi və digər əlaqədar qurumlar həmin çeklər vasitəsilə lotereya keçirməklə vətəndaşlarımızın qiymətli hədiyyələrə sahib olmalarına imkan yaratmış olarlar. Bu yolla da insanlarda nağdsız alış-verişə daha çox üstünlük verməyə, həmişə kartla ödəniş etməyə stimul yaradar. Lakin hələlik belə stimullaşdırıcı proqramların olduğunu görmürük. Ona görə də insanlar aldıqları vəsaitləri dərhal nağdlaşdırmağa üstünlük verməkdə davam edir. 
İkinci bir tərəfdən, Bakının mərkəzi və ona yaxın yerlərindən fərqli olaraq, regionlarda və paytaxtın ucqar yerlərində hələ də pos-terminalların quraşdırılması, onların normal fəaliyyət göstərməsi üçün tam şərait yaranmayıb. Bunun özü də nağdsız alış-verişə mənfi təsir göstərən amillərdən biridir. Ölkənin hər yerində pos-terminalların işləməsi üçün müəyyən lazımi şərait yaradılmalıdır. Bu addımın atılması satıcılar üçün də stimulalşdırıcı addım ola bilər. Nağdsız alış-veriş edən, daha çox dövriyyəsi olan şirkət, ticarət şəbəkələrinə güzəştlər tətbiq etmək olar. Onlara əlavə dəyər vergisi, yaxud gəlir vergisinin bir faizi güzəşt şəklində verilə bilər. Belədə satıcılar da nağdsız ödənişlərin daha çox olmasında maraqlı ola bilərlər. Nə qədər ki, ancaq qadağalar yolu ilə nağdsız alış-verişi tətbiq etməyə çalışacaqlar, lazımi effekt verməyəcək. Qadağalarla paralel olaraq, təşviqedici və stimullaşdırıcı addımlar da olmalıdır”.
 

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz