Əlaqə Arxiv
news Image
2017.08.12
10:03
| A A A
Qarabağda hərbi əməliyyatların yenilənməsi zərurətə çevrilir
Oqtay Sadıqzadə: “Qarabağ münaqişəsinin hərbi yolla həlli heç vaxt istisna edilməyib” Tərlan Eyvazov: “Bizim üçün yalnız bir yol qalıb”

Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan Ordusu zəbt olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrini süpürüb atmağa hazırdır. Hərbi, siyasi, iqtisadi və digər sahələrdə üstünlük uzun illərdir, Azərbaycanın tərəfindədir. Bu fonda beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk qrupu Ermənistana təzyiq edib münaqişənin sülh yolu ilə həllinə nail olmasa, Azərbaycanın hərb varinatına əl atması an məsələsidir. İndi əksər siyasilərin fikrincə, bunu üçün lazımi şərait də yetişib.

Politoloq Oqtay Sadıqzadə bildirdi ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli heç vaxt istisna edilməyib: “Bu gün - tərəflərin hərbi texniki cəhədən öz ordularını zənginləşdirdiyi bir dövrdə müharibə ehtimalı gündəmdən çıxmayıb. Orduya böyük pullar xərclənirsə, bunun arxasında problemin hərbi müstəvidə çözülməsi dayanır. 
Azərbaycan hökuməti tərəfindən məsələnin hərbi yolla həlli varinatı heç zaman gündəmdən çıxarılmayıb. O baxımdan yalnız müdafiə yox, hücum silahları da almaqda davam edirik. Hətta beşinci nəsil qırıcı təyyarələrə qədər alınacaq. Aydındır ki, Qərb münaqişə tərəflərinə silah satmır. O baxımdan da biz həmin qırıcıları Rusiya, Çin, Türkiyə və ya Pakistandan ala bilərik. Pakistandan artıq 10 ədəd müasir “Super Muşak” təyyarələri almışıq. Ümumiyyətlə, bütün ordu birləşmələri üzrə silahlanma prosesi davam edəcək. Bu qədər böyük hərbi xərclərinin ardında da elə-belə kampaniya istəyi dayanmır. Bunu erməni tərəfi də gözəl anlayır. Silahlanmanın ardınca Qarabağ istiqamətində genişmiqyaslı əməliyyatlar gələ bilər. Ancaq paralel olaraq da beynəlxalq ictimaiyyətlə izahat işləri gücləndirilməlidir. Təbliğat-təşviqat işləri günü-gündən artmalıdır. 
Beynəlxalq ictimaiyyət Qarabağın tarixən Azərbaycan torpaqları olmasını tam anlamalıdır ki, sabah Azərbaycan ordusunun həmləsini gördükdə təəccüblənməsinlər”.
Hərbi məsələlər üzrə ekspert Tərlan Eyvazovun fikrincə, hücumlar üçün şərait var: “1990-cı illərdə ermənilər Azərbaycana hücum edəndə bizdə düşünürdülər ki, ermənilər bunu edə bilməz, beynəlxalq qalmaqala səbəb ola bilər. Amma hücum etdilər və heç bir qalmaqala da səbəb olmadı. İndi biz də o cür etməliyik. 
Bu gün heç kim bizə “get torpağını azad et” demir. Siyasilərin problemin həlli yolunu həmişə sülh müstəvisinə çəkirlər. Ancaq görünür ki, artıq bu yol dalana dirənib. Danışıqların heç bir mənası yoxdur. Heç danışıqlar da yoxdur. Erməni tərəfi danışığa gəlmir. Yəni, artıq bizim üçün yalnız bir yol qalıb. O baxımdan da orduya bu qədər pul boş-boşuna xərclənməyib. Əlimizdə olan plan əsasında Dağlıq Qarabağda genişmiqyaslı olmasa da, müəyyən hərbi əməliyyatlara başlamağın zamanıdır”.
 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz