Əlaqə Arxiv
news Image
2017.08.16
09:15
| A A A
Bakı-Moskva işbirliyi yenə İrəvanı offsayd vəziyyətə saldı
Elman Məmmədov: “Azərbaycan Rusiyadan da yeni-yeni silahlar almaqda davam edəcək” Tərlan Eyvazov: “Rusiyada istehsal olunan hər hansı müasir silahın Azərbaycan tərəfindən alına biləcəyinə hec bir maneə görmürəm”

Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində hərtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deib. 
Qeyd edək ki, Rusiya silah satışına görə, dünyada ABŞ-dan sonra ikinci yerdədir. Azərbaycan isə Türkiyə, İsrail, Pakistan kimi ölkələrlə yanaşı, son illər Rusiyadan silah alışını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, Azərbaycan Rusiyadan ən çox silah alan ilk beş ölkədən biridir. Bu isə düşmən tərəfi əməlli-başlı çaş-baş salıb. Xeyli müddətdir erməni mətbuatında səslənən fikirlər belə deməyə əsas verir ki, İrəvan Bakı ilə Moskva arasında silah alış-verişinin genişlənməsindən qorxuya düşüb. 
Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, Azərbaycan şimal qonşusundan silah almağa xüsusi önəm verir: “Təbii ki, Azərbaycan Rusiyadan da yeni-yeni silahlar almaqda davam edəcək. Rusiya bildiyiniz kimi aparıcı silah istehsalçısıdır. 
Dünyada silah istehsal edib satan başlıca dövlətlərdən biri də məhz Rusiyadır. Azərbaycanla Rusiya bu istiqamətdə də əməkdaşlıq edirlər. Ölkəmiz Rusiyadan vaxtaşırı ən müasir silahları alır və almaqda davam edir. Bu da düşmən tərəfi həddən artıq çox qıcıqlandırır. Ancaq Rusiya düşmən tərəfi də boş buraxmır. Vaxtaşırı ona da birbaşa və dolayısı yolla lazım olan silahları ötürür. Buna baxmayaraq, Azərbaycan qonşu dövlət olaraq bütün sahələrdə olduğu kimi, hərbi istiqamətdə də Rusiya ilə əməkdaşlıq edir. Ancaq bu, o demək deyil ki, Azərbaycan Ordusu təkcə Rusiya silahından asılıdır. Bu əməkdaşlıq heç bir halda ona gətirib çıxarmır və çıxartmayacaq. Azərbaycan özü də silah-sursat istehsal edir. Həmçinin, digər dövlətlərdən də lazım olan silahları alırıq. Eyni zamanda, Rusiya ilə də əməkdaşlığa önəm veririk”.
Hərbçi ekspert Tərlan Eyvazov da bildirdi ki, Azərbaycan Rusiyadan yeni-yeni silahlar almaqda davam edəcək: “Azərbaycan artıq uzun illərdir ki, Rusiyadan silah-sursat alır və bu proses davam etdirilir. Təbii ki, son illər bu əməkdaşlıq Sergey Şoyqunun Rusiya müdafiə naziri təyin olunmasından sonra daha da intensivləşib. 
Rusiyada istehsal olunan hər hansı müasir silahların Azərbaycan tərəfindən alına biləcəyinə hec bir maneə görmürəm. Çünki Azərbaycan imkanlı və etibarlı tərəfdaşdır. Aldığı silahları da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr kimi daxili qiymətlər hesabına deyil, beynəlxalq qiymətlərlə alır, yerindəcə ödənişini edir. Ona görə də Rusiya silah sənayesi kompleksi və ona cavabdeh olan birinci şəxs vitse-nazir Dmitri Roqozin bu işdə çox maraqlıdır”.
Rüfət NADİROĞLU 

 

Sizin Reklam Yeriniz