Əlaqə Arxiv
news Image
2017.08.18
09:00
| A A A
Azərbaycana xəyanət edənlər
Elçin Mirzəbəyli: “Sosial şəbəkələrdə, internet resurslarında fakta söykənməyən məlumatlar yaymaqla şəxslərin, eyni zamanda Azərbaycan dövlətinin nüfuzuna xələl gətirməyə cəhd göstərirlər” Şahin Camalov: “Harada yaşamasından, siyasi mövqeyindən asılı olmayaraq, hamı dövlətin siyasətinə münasibətdə birlik nümayiş etdirməlidir”

Məlumdur ki, bu gün Avropaya sığınan, müxtəlif vasitələrlə siyasi mühacir statusunu qazanmış vətəndaşlarımız az deyil. Bu, azmış kimi həmin insanlar anti-Azərbaycan fəaliyyətlərindən də qalmırlar. Belə ki, xüsusən sosial şəbəkələrdə Azərbaycana qarşı hər cür hədyanlar, fakta söykənməyən böhtanlar yağdırırlar. Araşdırmalar göstərir ki, bunlar əsasən radikal müxalifət düşərgəsindən olan insanlardır. Məsələn, bir vaxtlar AXCP sədri olmuş Əli Kərimlinin ətrafında olanlar, sonradan Avropaya qaçanlar bu xüsusda xeyli fəaldırlar. Eyni sözləri Müsavat Partiyasının üzvü olub, indi Avropanı müxtəlif dövlətlərində anti-Azərbaycan fəaliyyəti göstərənlər barədə də demək olar. Belələri anti-Azərbaycan dairələrin sifarişi ilə milli maraqlara xələl gətirən mövqe nümayiş etdirməkdən də çəkinmirlər. Siyasilərin fikrincə, belələrinin durudurulması üçün ı hüquqi müstəvidə də cəza tədbirləri işə salınmalıdır. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, insan hüquq və azadlıqları kompleks məsələdir: “Konkret olaraq hansısa ölkənin sərhədləri çərçivəsinə daxil deyil. Azərbaycandan kənarda yaşayan və ayrı-ayrı dairələrin əlində girova çevrilmiş insanların fəaliyyətində bilavasitə insan hüquq azadlıqlarına qarşı yönəlmiş, ayrı-ayrı şəxslərin şəxsiyyətinə ünvanlanmış zidd davranışlar ortaya qoyulur. Sosial şəbəkələrdə, internet resurslarında fakta söykənməyən məlumatlar yaymaqla şəxslərin, eyni zamanda Azərbaycan dövlətinin nüfuzuna xələl gətirməyə cəhd göstərirlər. Bütün bunlar da hüquqi məsuliyyət daşıyan addımlardır. Bununla bağlı atılası bir neçə addım var. 
Əvvəla, Azərbaycan daxilində məhkəmələr qiyabi şəkildə həmin şəxslər haqqında müvafiq hökm çıxarıb yaşadıqları dövlətin müvafiq strukturlarına müraciət edə bilər. Yaxud da həmin şəxslərin Azərbaycana təhvil verilməsi ilə bağlı müraciət mümkündür. Lakin məlumdur ki, əllərində girova çevirən dairələr onları öz dövlətlərinə - Azərbaycana qarşı istifadə edirlər. Çox güman ki, əgər onların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində Azərbaycan tərəfindən müraciət olunacaqsa, anti-Azərbaycan dairələri müvafiq addımlar atmayacaq. Ancaq bütün hallarda Azərbaycan tərəfi həmin şəxslərin davranışları ilə bağlı hüquqi addımlar ata bilər”.
Elçin Mirzəbəyli bu cür insanları çox da ciddiyə almamağı təklif edir: “Bəzən ümumiyyətlə, heç nəyə yaramayan, Azərbaycan ictimai rəyinə təsir etməyi bacarmayan insanın ətrafında geniş söhbət açmaqla onların məşhurlaşmasına yol veririk. Yəni, onlara xüsusi önəm və diqqət vermək lazım deyil. Əgər söhbət bir şəxsin yürütdüyü kütləvi kampaniyadan gedirsə və bu, total xarakter daşıyırsa, məsələyə hüquqi müstəvidə diqqət yetirmək lazımdır”. 
«İnsan Hüquqları XXI Əsr» Fondunun sədri Şahin Camalov bildirdi ki, harada yaşamasından, siyasi mövqeyindən asılı olmayaraq, hamı dövlətin siyasətinə münasibətdə birlik nümayiş etdirməlidir: “Ancaq təəssüf ki, Azərbaycandan kənarda yaşayan siyasi mühacirlər anti-Azərbaycan qüvvələri ilə birləşib ölkəmizə qarşı mübarizə aparırlar. Mübarizə aparmağın da üsulları var. Biri var ki, öz əqidənlə mübarizə aparırsan. Biri də var ki, dövlətin düşmənləri ilə birləşib, öz dövlətinə qarşı mübarizə aparasan. İkinci üsul yolverilməzdir. Həmin şəxslərə qarşı müəyyən addımlar atmaq olar. Ancaq belə şəxslərlə mübarizə aparmağa dəyməz. Çünki o cür şəxslərin nə qədər şərəfsiz olduğunu dövlət də, xalq da yaxşı bilir. Yəni, hüquqi müstəvidə mübarizədə dövləti daha da ləkələyəcəklər. Elə məqsədləri də dövlətə qara yaxmaqdan ibarətdir. 
Avropa özü demokratiyadan danışır, amma həmin şəxslərdən elə öz ölkələrinə qarşı mübarizədə istifadə edir. Onlarla hüquqi müstəvidə ancaq məhkəmə vasitəsi ilə mübarizə aparılmalıdır. Ancaq hansısa nəticə verəcəyi real görünmür. Girovuna çevrildikləri ölkələr onları Azərbaycana verməz”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz