Əlaqə Arxiv
news Image
2017.08.18
09:30
| A A A
Ermənilər Qarabağı tərk etməyə hazırlaşırlar
Qabil Hüseynli: “Düşmən dövlətdə getdikcə daha çox insan yaxşı başa düşür ki, gec-tez Azərbaycan öz haqq işini qələbə ilə başa çatdıracaq” Rüstəm Məmmədov: “Bu kimi etirafların artması İrəvanın çıxılmaz vəziyyətdə qalmasının göstəricisidir”

“Qarabağın başının üzərini qara buludlar alıb və ermənilərin bölgədən çıxarılması perspektivi qaçılmaz görünür”. Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni yazıb. Onun sözlərinə görə, Azərbaycan Ermənistanı zəiflədən “yorucu müharibə”ni davam etdirir. 
Keçən ilin aprelində düşmən təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi 4 günlük uğurlu əməliyyat dövründən başlayaraq, Ermənistan cəmiyyəti dərin pessimizm və durğunluq dövrünə qədəm qoyub. Həmin ana qədər ermənilər elə zənn edirdilər ki, cəbhə zonasında daha güclüdürlər. Lakin Azərbaycan Ordusunun düşmənə vurduğu sarsıdıcı zərbə uzağı görməyi bacaran bəzi ermənilərə anlatdı ki, artıq bölgədə vəziyyət dəyişib və dəyişən durum onların xeyrinə işləmir. Başqa bir tərəfdən, Ermənistan diplomatik cəbhədə də artıq mövqelərini Azərbaycan diplomatiyasının xeyrinə itirməyə başlayıb. Belə ki, erməni işğalçılarının mülki əhalini, o cümlədən məsum körpələri hədəfə alması faktı dünya ictimaiyyəti arasında kəskin etirazla qarşılandı. Bununla dünyaya bir daha bəyan oldu ki, Ermənistan hakimiyyəti beynəlxalq sivil qayda və normalara zidd siyasət yürütməkdə davam edir. İrəvan hətta strateji müttəfiqi sayılan Moskvanın da yanında etibardan düşüb. Belə ki, Ermənistan Kremldən icazəsiz NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərinə qoşulmaqla Rusiyanı xeyli dərəcədə əsəbiləşdirib. Azərbaycan diplomatiyası isə bu müddət ərzində şimal qonşusu ilə münasibətləri daha da dərinləşdirir. Rusiya Ermənistanın bütün etirazlarına rəğmən, Azərbaycana silah satmaqda davam edir. Beləliklə, artıq görürük ki, bütün sahələr üzrə Ermənistan Azərbaycana uduzmağa başlayıb. 
İqtisadiyyatı ağır durumda olan Ermənistan günü-gündən daha da zəifləyir. Açıq şəkildə görünür ki, kənar müdaxilə olmasa, Ermənistan Azərbaycan Ordusunun qarşısında bir gün olsa da belə tab gətirə bilməyəcək. Azərbaycanın apardığı uğurlu diplomatik gedişlərin nəticələri də onu da deməyə əsas verir ki, İrəvan tədricən kənar dəstəkdən də məhrum olmaq üzrədir. Bir sözlə, Ermənistan artıq uçurumun dibindədir. Ona görə də, artıq Ermənistanda tez-tez belə fikirlər səslənir ki, ermənilərin Qarabağdan çıxarılması perspektivi qaçılmazdır. Bu etirafların artması nəyin göstəricisidir? 
Politoloq Qabil Hüseynli bildirdi ki, ermənilərin başının üzərini qara buludların alması barədə Ermənistanda səslənən fikirlər Azərbaycanın öz haqq işi uğrunda mübarizədə apardığı uğurlu siyasətinin nəticəsidir: “Ermənilər Azərbaycanın öz mövqeyində möhkəm dayandığını artıq açıq şəkildə görməyə başlayıblar. Ermənilər Azərbaycan cəmiyyətilə öz cəmiyyətləri arasında paralellər də aparırlar. Bu fonda da öz cəmiyyətlərində kök salmış dərin uçurumu da görürlər. 
Üstəlik ictimai inkişafın perspektivlərini araşdırmaqla görürlər ki, bu fonda da Azərbaycandan çox geri qalıblar. Onlar həmçinin ölkə əhalisinin tükəndiyinin də fərqindədirlər. Hər il daha çox sayda erməni xaricə üz tutur. Həmçinin, Azərbaycan apardığı uğurlu xarici siyasət nəticəsində problemin dəqiq anatomiyasının yaradılması istiqamətində addımlar atmağa başlayıb. Bu səbəbdən düşmən dövlətdə yaxşı başa düşürlər ki, gec-tez sözügedən məsələdə Azərbaycan öz haqq işini qələbə ilə başa çatdıracaq. Ermənilərin Azərbaycan Ordusunun real gücü ilə əyani şəkildə tanış olmaları da onlar arasında ruh düşkünlüyünün artmasına, başlarının üzərini qara buludların almasına gətirib çıxarıb. Heç kimə sirr deyil ki, keçən ilin aprel döyüşləri Ermənistanı xeyli dərəcədə qorxudub və onlar hələ də bu qorxu işində yaşamaqda davam edirlər”. 
Politoloq Rüstəm Məmmədov da qeyd etdi ki, Ermənistan öz siyasi rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində dərin və çıxılması mümkün olmayan uçuruma düşdüyündın, indi bu ölkədə pessimist əhval-ruhiyyə hakimdir: “Ermənistanda ermənilərin işğal etdikləri torpaqlardan çıxarılması perspektivinin qaçılmaz olduğu barədə etirafların artması İrəvanın çıxılmaz vəziyyətdə qalmasının göstəricisidir. Ermənistanda hazırda əsl böhran yaşanır ki, bu böhran da bütün sahələri hərtərəfli şəkildə əhatə edir. 
Erməni xalqı öz siyasi hakimiyyətindən narazıdır. Siyasi hakimiyyətin biganəliyi erməni əhalisi arasında iqtidardan narazı qalanların sayının artmasına gətirib çıxarıb. Erməni xalqı hiss edir ki, Ermənistan hökuməti əvvəl-axır Qarabağ uçurumu altında çökəcək. Bu prosesə Azərbaycan Ordusunun əldə etdiyi qələbələr də öz töhfəsini verib. Azərbaycan inamla addımlayaraq yeni-yeni mövqelər tutur. Hətta Ermənistanın müttəfiqlərini belə əlindən almağa başlamışıq. Bütün bunların nəticəsi olaraq Ermənistan böyük bir depressiya ilə üz-üzədir”.
Rüfət NADİROĞLU  

 

Sizin Reklam Yeriniz