Əlaqə Arxiv
news Image
2017.08.22
09:00
| A A A
Kreml Qarabağ münaqişəsinə diqqəti artırır
Fikrət Sadıxov: “Ermənistana təzyiq göstərilməlidir” Məhəmməd Əsədullazadə: “Moskva Serj Sarkisyana növbəti görüş üçün istənilən variantı qəbul etdirə bilər”

"Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib". Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. M. Zaxarova qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər: "Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir”. 

Siyasilərin sözlərinə görə, Mariya Zaxarovanın açıqlaması Qarabağ probleminin Rusiyanın diqqətində olmasından xəbər verir. Lakin prezidentlərin görüşünün baş tutması və ən əsası, qəbul ediləcək qərarlar haqqında dəqiq fikirlər söyləmək çətindir. Ermənistan tərəfi yenə buna mane olmağa çalışacaq. Bu baxımdan da problemin elə cəbhədə həlli ehtimalı daha böyükdür.
Politoloq Fikrət Sadıxov bildirdi ki, Rusiya Minsk qrupunun həmsədri, Azərbaycanın strateji tərəfdaşı, Ermənistanın yaxın mütəffiqi kimi müəyyən razılığın əldə edilməsində maraqlıdır: “Əsasən də münaqişənin yenidən alovlanmaması üçün müəyyən razılığın əldə olunmasında maraqlıdır. Məhz bu məqsədlə görüş təşkil edilə bilər. Lakin əsas məsələ görüşdə hansısı qərarların qəbul olunmasıdır. Adi protokol görüşüdürsə, ciddi nəticələr gözləməyə dəyməz. Amma M. Zaxarovanın dediyi kimi, Rusiya Dağlıq Qarabağ probleminin həllində maraqlıdırsa, ortaq qərar qəbul olunmalıdır. Bu məsələni tənmizləyən beynəlxalq hüquq və qətnamələr var. Problem həmin qətnamələr əsas götürülərək həll edilməlidir. Amma bütün hallarda prezidentlərin görüşü özlüyündə müsbət haldır”.
Politoloq əlavə etdi ki, prezidentlərin görüş olsa da, olmasa da, Ermənistanın təxribatlarına cavab veriləcək: “Yəni, cəbhdəki hadisələrin birbaşa görüşə bağlılığı yoxdur. Söhbət maraqlarımız çərçivəsində olan hərəkətlərdən gedir. Bu fonda cəbhədə hər zaman vəziyyət gərginləşə bilər. Ancaq münasibətlərin gərginləşməməsi üçün Ermənistana təzyiq göstərilməlidir”. 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiyanın XİN sözçüsü M.Zaxarova münaqişənin Rusiyanın xarici siyasətində pioritet təşkil etdiyini vurğulayır: “Amma Rusiya hazırda Qarabağ konfliktinin həllinin uzadılmasında və həll prosesini əngəlləyən əsas tərəfdir. Bəli, Rusiya Qarabağ münaqişəsini pioritet hesab edir və status-kvonu qorumaqla regionda qalıcılığını qoruyur. Rəsmi Moskva Ermənistan prezidenti Serj Sarkisyana növbəti görüş üçün istənilən variantı qəbul etdirə bilər.  
Nyu-Yorkda keçiriləcək görüşdə konkret sənədlər ətrafında müzakirə aparılacaq. Əsas iş orada prezidentlərin növbəti görüşünü razılaşdırmaqdır. Azərbaycan konkret şərtlər daxilində bu görüşə razılıq verəcək.  Ermənistan isə yalnız imitasiya xarakterli görüşlərə can atır və istənilən ədalətli variantı qəbul etmir. Həmsədrlər  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həllində maraqlı deyil. Halbuki  ərazi bütövlüyü bütün sənədlərdə ehtiva edilir. Amma prezidentlərin görüşü növbəti dəfə qeyri-müəyyəndir. Görüş xatirinə belə bir görüşlər məqbul hesab edilmir.  
Təbii ki, Ermənistanın mövqeyi bir daha sentyabrıda aydın olacaq. Çünki, burada Ermənistan real danışıqlarda maraqlı olacaqsa, proses irəli gedəcək və prezidenlər görüşə bilər. Amma heç bir nəticə əldə olunmasa, prezidentlər görüşməyəcək. Danışıqların növbəti fiaskosu isə cəbhədə hərbi əməliyyatların bərpa olunmasını şərtləndirəcək. Ermənistana təzyiqlər mütləqdir və bunun alternativ variantını İrəvan rejimi sabotaj edir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz