Əlaqə Arxiv
news Image
2017.08.22
09:30
| A A A
Terrora ikili yanaşma qərbin öz başında çatlayır
Bu problem dünyanı ağuşına alıb, amma süpergüclər yenı siyasi aləmi qarışdırmaqda maraqlıdırlar

İspaniyanın Barselona şəhərində baş verən və bütün dövlətlərin lənətlədiyi terror hadisəsindən sonra düşünmək olardı ki, terrorizmə beynəlxalq səviyyədə ciddi təpki göstəriləcək. Amma tarixdə terrorun həmişə mövcud olduğunu xatırlayanda və bu məşum hadisənin daim siyasi təzyiq metodu kimi rol oynadığını yada salanda pessimizm hissi güclənir. Belə qənaət yaranır ki, nə qədər siyasət, siyasi ambisiya, geosiyasi maraqlar var, bu niyyətlərə çatmaq üçün terror hadisələri də törədiləcək. Ancaq XXI əsrdə terrorun dəhşətini artıran digər məsələlər də var. Əvvəllər terrorun qurbanları tək-tək şəxslər-hakimiyyət mənsubları, siyasi liderlər, yaxud rəqiblər olurdu. İndi isə ictimai fikrin yönləndirilməsi üçün daha çox sadə insanlar, başqa sözlə, hakimiyyətə səs verən seçicilər hədəf seçilir. Bu isə kütləvi qırğınlara gətirib çıxarır.

Terror nə qədər dəhşətli olsa da əslində, yüksək inkişaf etmiş, yüksək mədəniyyətə və ictimai fikrə sahib olan ölkələr tərəfindən ya yaradılır, ya da maliyyələşdirilir. Artıq müharibələr də geniş terror hadisəsi üslubunda aparılır. İnkişaf etmək istəyən, inkişaf etməkdə olan, dünyada öz mövcudluğu müqabilində müvafiq söz sahibi olmaq istəyənlər daha güclülərin müqaviməti ilə qarşılaşırlar. 
Yaxın Şərq böhranını kimlər yaradlb? ABŞ başda olmaqla 30-a qədər Qərb dövləti İraqa qarşı koalisiya yaradıb guya atom bombası yaradan Səddam Hüseynə qarşı mübarizə apardılar. Ölkənin yüz minlərlə müsəlman əhalisi məhv edildi, S.Hüseyn devrildi. Sonda Qərb özü etiraf etdi ki, İraqda atom bombası-filan olmyıb. Amma bu ölkənin zəngin neft ehtiyatları var idi və bunun hesabına ölkə ildən-ilə varlanır, inkişaf edirdi. Liviya, Suriya da həmçinin. Bu ölkələr viran qaldı. İndi də növbə ərəb ölkələrinindir. Müharibə üçün bəhanə tapılmayanda “Taliban”, PKK,  “İraq İslam Şam Dövləti” kimi terrorçu qruplaşmalar yaradılır. Bu cür qruplaşmaların yaratdığı fəsadlar dünya ictimaiyyətində o dərəcədə etiraz doğurur ki, eyni qüvvələr münaqişə ocağından uzaqda yerləşən, inkişaf etmiş hansısa Qərb ölkəsində də terror törədirlər ki, seçicilərin gözünü qorxutsunlar. Məsələn, müsəlman inanclı insanları pul və sairə ilə ilgəyə keçirib onlarda qərblilər haqda mənfi təsəvvürləri gücləndirir və onlara təlqin olunur ki, Şərqin bütün bəlalarının səbəbkarları qərblilərdir. Və fərdi qisasçılıq hissləri alovlanan hansısa müsəlman avtomobil və ya bıçaqla silahlanıb küçədə insanları qətlə yetirirlər. Düzdür, Yaxın Şərq terroru ilə müqayisədə bu hadisələr heç nə təsiri bağışlayır, amma insan tələfatı ilə müşayiət olunduğuna görə dəhşət saçır. Axı, günahsız insanlar nə üçün həyatlarını itirməlidirlər?! Məsələ burasındadır ki, hegemon dövlətlər bundan udur. Birincisi, İslam ölkələrində törətdikləri terrora görə alibi qazanırlar. İkincisi, həmin dövlətlərin var-dövlətini daşımaqla varlanırlar. Üçüncüsü, öz ölkələrinin əhalisini siasi tərəfdara çevirilər ki, bu da hakimiyyətdə qalmaq şansını artırır. Məsələni daha da incələyib bu cür səbəblərin sayını artırmaq olar. Ancaq məqsəd bu yox, terrorun antibəşəri mahiyyətidir ki, buna qarşı mübarizə aparmaq mümkün olsun. Sadaladığımız səbəblər isə ona qarşı mübarizənin çətin olmasını stimullaşdırır.
Barselonadakı terrordan sonra avqustun 20-də yüzlərlə müsəlman İspaniyanın paytaxtı Madridin mərkəzində, Barselonada və Kambrilsdə radikal islamçılar tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçiriblər. Nümayiş “Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub. Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, “Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, “Bizim adımızdan istifadə etməyin!”, “Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar. Bu, sübut edir ki, terror hadisələrində müsəlman izi axtarmaq “bir güllə ilə iki dovşan vurmaq” kimi klassik hiyləyə söykənir. Lakin daha dünya oyanıb və bu cür hiylələr keçmir.
Bundan başqa, dövlət terrorizminin Qərb tərəfindən dəstəklənməsinə dair daha bir real fakt. 25 ildir, Ermənistanın birbaşa iştirakı və Rusiyanın hərtərəfli yardımı ilə Azərbaycanın torpaqları işğal olunub. Məqsəd separatizmi terror vasitəsilə Azərbaycanın parçalanmasına yönəltməkdir. Bəs, bunun arxasında kimlər durur? Yenə də daha çox inkişaf etmiş ölkələr.  Üstəlik, həmin ölklərin 99 faizi xristianlardır. Niyə Azərbaycan torpaqlarının işğalından danışarkən “xristian terrorçular” ifadəsi işlədilmir? Demək, terrorçuları “İslamçı və ya xristian” deyə iki cəbhəyə ayırmaq absurddur. İspaniyadakı son dəhşətli hadisəni də tadikal islamçılar yox, sadəcə, terrorçular törədiblər. İndi əsas məsələ bütün bu saydıqlarımızı gözəl bilən iri dövlətlərin hansı addımları atacaqlarıdır. Nəhayət, onlar terrorizmin aradan qaldırılması yolunda real addımlar atacaqlarmı, yoxsa əvvəlki qaydada üzdə terroru pisləyib, əlaltdan alovu körükləyəcəklər? 

N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz