Əlaqə Arxiv
news Image
2017.08.22
09:45
| A A A
Cənubi Qafqazın lideri və dayaq nöqtəsi
Azərbaycanla dünya ölkələri əməkdaşlığını genişləndirir, Ermənistana gəlincə, bunun əksi müşahidə olunur

Müstəqillik illərinə qədər azərbaycanlılarda milli özünəqürurla bağlı ənənəvi suallar tez-tez yaranırdı. Məsələn, nə üçün SSRİ Elmlər Akademiyasının 28 gürcü, 16 erməni akademiki var, amma bircə nəfər azərbaycanlı var, o da vəzifəsinə görə seçilib. İmkan tapıb min cür əziyyətlə xaricə gedəndə, deyirdik azərbaycanlıyıq, heç kim qəbul etmirdi, yəni Azərbaycanın varlığını bilmirdi. İzah edəndə ki, Sovet İttifaqındanıq, deyirdilər, de ki, rusam də... 

İndi dünyanın hamsı coğrafi nöqtəsi olur-olsun, Azərbaycan adı gələndə üzlərdə təbəssüm doğur və o dövrlə bu dövr arasındakı təzad insanın qəlbini oxşayır. Ona görə ki, Azərbaycan tanınır və təqdir olunur. Ona görə ki, indi şirin nemət olan müstəqilliyin bir atributu kimi ölkəmizin dünyanın 175 ölkəsi ilə diplomatik əlaqələri var. Ölkə rəhbərliyinin yürütdüyü sülhsevər və dinc əməkdaşlıq siyasəti sayəsində Azərbaycan və azərbaycanlılar hər yanda tanınır və hörmətlə qarşılanır.
Təbii ki, bütün digər münasibətlərin əsasını təşkil edən iqtisadi əlaqələr daha üstün mövqeyə malikdir. Azərbaycan karbohidrogen ixracı ilə Avropanın enerji təhlükəsizliyinin qorunmasında yaxından iştirak edir. Bu, demək olar ki, bütün Avropa ölkələri ilə əlaqələrin başlanğıcında əsas amil olub. Hazırda inşası davam edən TANAP və TAP boru kəmərləri şəbəkəsinin daxil olduğu “Cənubi Qaz Dəhlizi” layihəsi boyunca yerləşən ən azı 10 ölkə ilə isti diplomatik və iqtisadi əlaqələr genişlənir. Eyni zamanda bu dəhlizdən gələcəkdə istifadə etmək arzusunda olan neçə-neçə Şərq ölkəsi də münasibətlərin yeni səviyyəsi barədə fikirləşir. Bu gün iqtisadi siyasətin əsas məqsədlərindən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun hesabına reallaşdırmaqdır. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eləcə də  “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ndə başlıca hədəflərdən biri budur. Azərbaycanın qeyri-neft sektorunun ekotəmiz məhsulları getdikcə daha çox xarici bazarı əhatə edir. Bununla yanaşı, diplomatik əlaqələrin yeni mərhələsi də başlanır. 
Dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir.
İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya ¬qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaradır. Hazırda Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır.
Azərbaycanı regionun liderinə çevirən və gücləndirən başlıca meyarlar bunlardır. Bu yüksəlişin fonunda qonşu Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinin hansı sonluqla nəticələnəcəyi indidən aydındır. Çünki, Ermənistan, birincisi, asılı dövlətdir və bu səbəbdən onunla azad əlaqə qurulması mümkünsüzdür. Bu ölkənin xarici əlaqələrinin yaradılması əsasən xaricdəki erməni lobbisi və erməni diaspor təşkilatları vasitəsilə qurulur ki, bu da hansısa özünüreklamdan uzağa gedə bilmir. Çünki, diaspor təşkilatları əslində diplomatik əlaqə yox, Erməınistanın yazıq və yoxsul imicini əsas gətirərək özlərinə gün ağlayır və əlaqələri ianələr almaq meyarı üzərində qururlar. Lobbiçilər isə kasıb-kusuba əl tutmaq bəhanəsi altında özlərinə mesenat imici qazanmağa çalışırlar. Çünki, Ermənistanın ixrac üçün konyakdan başqa bir şeyə gücləri çatmır, təbii ki, buraya “oğurluq” brendlər aid deyil. “Bir gül ilə bahar olmaz”, yəni tək konyakla iş aşmaz. 
İndi Azərbaycanın uğurları Cənubi Qafqazın başı üzərində çətir rolunu oynayır və onu baş verə biləcək bəlalardan qoruyur. Belə ki, Ermənistanın varlığı yoxluğuna bərabərdir və indi yalnız Azərbaycanın “regionun lokomotivi” rolunu oynamağa gücü çatır. Diplomatik əlaqələrin gələcək inkişafı da bu platforma üzərində genişlənir.
N.NOVRUZ  

 

Sizin Reklam Yeriniz