Əlaqə Arxiv
news Image
2017.08.23
08:00
| A A A
Azərbaycan döyüş arsenalına yeni raketlər daxil edir
İbrahim Rüstəmli: “Döyüş şəraitinə uyğun daha müasir, daha münasib silahların sıraya qoyulması ölkəmizə həm siyasi danışıqlar masası, həm də hərb meydanında öz sözünü inamla demək imkanı yaradır” İlqar Vəlizadə: “Bu cür siyasət Azərbaycanın hərbi-siyasi dayaqlarını möhkəmləndirir”

Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biridir. Bu haqda “İzvestiya” nəşrinə müsahibəsində hərbi ekspert, “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov deyib. 

Onun sözlərinə görə, bu sistemlər ilk dəfə “Ordu-2017” sərgi-forumda xarici hərbi mütəxəssislərə təqdim ediləcək. Onlardan başqa, sərgidə yenilənmiş “Buk-M3” zenit-raket kompleksi də nümayiş olunacaq. Andrey Frolovun fikrincə, ən yeni zenit-raket sistemlərinin mümkün sifarişçilərin siyahısı kifayət qədər böyükdür. Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Çin, Hindistan, Vyetnam, Əlcəzair, Qazaxıstan, Türkiyə, Misir, İran, İraq, həmçinin Fars körfəzinin bəzi ölkələri - Küveyt, Səudiyyə Ərəbistanı və Qətər raket sistemlərinə maraq göstərə bilər. 
Qeyd edək ki, hələ Azərbaycan hökuməti tərəfindən həmin silahların alınacağı barədə rəsmi açıqlama yoxdur. Ancaq əksər ekspertlər bunu istisna etmirlər. Bu da  düşmən qarşısında üstünlüyün növbəti göstəricisi olacaq. 
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, istədiyi silah-sursatı almaq Azərbaycanın beynəlxalq hüquq və normalar tərəfindən qorunan haqqıdır: “Buna etiraz etməyə heç bir dövlətin, o cümlədən torpaqlarımızın müəyyən hissəsini işğal etmiş Ermənistanın ixtiyarı yoxdur. Yəni, ərazi bütövlüyümüzün tanınması əslində, Azərbaycan Respublikasının hərbi təcavüzə və işğala məruz qalmasının dünya dövlətləri tərəfindən təsdiq edilməsi deməkdir. Belə bir vəziyyətdə Azərbaycanın dayanmadan silahlanması və öz hərbi potensialını maksimum səviyyədə artırması günün tələbi kimi dəyərləndirilməlidir. Çünki Ermənistan sülh danışıqlarına əngəl yaradan və bu sırada birinci yerdə duran təcavüzkar ölkədir. Onu yerinə oturtmaq isə bizim ən ümdə vəzifəmizdir. Yəni, mövcud durum Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılmasını qaçılmaz edir. Bu istiqamətdə atılan addımların, görülən tədbirlərin günbəgün genişləndirilməsi ölkəmizin hər iki istiqamətdə (istər siyasi danışıqlarda, istərsə də ordu quruculuğunda) təşəbbüsü tamamilə ələ almasından xəbər verir. 
Müasir texnologiyalar, müasir silahlar strateji və taktiki baxımdan hərbi sahədə potensial imkanların döyüş meydanına transfer edilməsi deməkdir. Azərbaycan bu istiqamətdə ən optimal və rentabelli variantlardan yararlanmaqla ilk növbədə düşməni daha dərindən düşünməyə vadar edir, onu geri çəkilməyə məcbur etmək imkanlarını ikiqat genişləndirir. Bu mənada döyüş şəraitinə uyğun daha müasir, daha münasib silahların sıraya qoyulması ölkəmizə həm siyasi danışıqlar masası, həm də hərb meydanında öz sözünü inamla demək imkanı yaradır”.
Siyasi şərhçi İlqar Vəlizadə bildirdi ki, sözügedən zenit-raket kompleksləri qarşı tərəfin mövqelərini hədəfə almaq və mümkün olan hərbi təxribatın qarşısını almaq üçündür: “Elə qarşı tərəfin də arsenalı Rusiya istehsalı olan silah-sursatdan ibarətdir. Lakin erməninin aldığı silahlar Azərbaycanın aldığı silahlardan texniki baxımdan çox geri qalır. Bu, onu deməyə əsas verir ki, alacağımız S-500 “Prometey” və “Antey-4000” zenit-raket sistemləri qarşı tərəfdə olan texnikanın daha müasir varinatıdır. Ona görə də bu hərəkətdə siyasi demarş var. 
Bu, onu göstərir ki, ermənilərin hərbi potensialı Azərbaycanın silahlanma prqoramından geri qalır. Amma hər dəfə biz bu cür texnika alanda ermənilərdə Rusiyaya qarşı aqressiya yüksəlir. Ermənilər də Rusiya ilə yeni müqavilələr imzalamağa can atırlar. Ancaq müqavilələrin şərtlərini əsasən Rusiya müəyyənləşdirir. Çünki Ermənistanın pulu yoxdur. Rusiyanın istədiyi kimi hərəkət edirlər. Bununla da Ermənistanın Rusiyadan asılılığı artmış olur. Ancaq bütün hallarda ermənilərin aldığı silahlar Azərbaycanın Rusiyadan aldığı silahlardan keyfiyyət baxımından aşağıda durur. 
Azərbaycan real alıcı olduğundan Rusiya üçün daha əlverişli partnyor sayılır. Rusiya hərbi kompleksi sifariş portfeli hazırlayanda Azərbaycanın mövqeyini nəzərə alır. Yəni, Azərbaycan Rusiya hərb kompleksinin satış portfelində mühüm rol oynayır. Ermənilərə isə əsasən köhnə sinif silahlar verilir. Odur ki, bu cür siyasət Azərbaycanın hərbi-siyasi dayaqlarını möhkəmləndirir”. 
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz