Əlaqə Arxiv
news Image
2017.08.23
09:30
| A A A
Moskva Qarabağ məsələsində Ermənistana bütün dəstəyini kəsəcək
Sarkisyanı müttəhimlər kürsüsündə oturtmaq vaxtı yaxınlaşır

Son vaxtlar erməni ictimaiyyətində Rusiyaya və ruslara qarşı çağırışlar artıb. Ermənistan hakimiyyəti isə Rusiyanın maraqlarına zidd olaraq NATO və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirir. Bəzi ermənilər bu fonda həyəcan təbili çalır ki, İrəvanı cəzalandırmaq üçün Moskva Qarabağ məsələsində Ermənistana bütün dəstəyini kəsəcək. Doğrudanmı, Rusiya Qafqazdakı dayaqlarını sarsıdan qərarlar qəbul edə bilər?! Əvvəlcə, məsələnin birinci tərəfi barədə. Nə üçün ermənilər rusların əleyhinə təbliğata girişiblər?

Politoloqlara və siyasi ekspertlərə təəccüblü gələn odur ki, Ermənistan hakimiyyəti özündə güc tapıb Rusiya əleyhinə Qərblə münasibətlər qurmaq istəyir. Axı, hamıya məlumdur ki, Ermənistan yarımüstəqil, yarımüstəmləkə ölkədir. Nədən indi cəsarətə gəlib bu cür addımlar atır. Belə çıxır ki, artıq o, Rusiyaya qarşı durmaq gücünə çatıb. Yox, elə deyil, sadəcə, həmişə xəyanətkar mövqe nümayiş etdirən Ermənistan tipli ölkələr Qərb-Rusiya qarşıdurması fonunda Rusiyanın iqtisadi sanksiyalar ucbatından zəiflədiyini düşünərək Qərbə doğru istiqamət kursu götürmək arzusuna düşüb. Qeyd edək ki, 2013-cü ildə də belə bir arzu sərgilənmişdi və Kremlin yüngül işarəsi ilə İrəvan dərhal geri çəkilmişdi. 
Bu dəfə isə Rusiya daha çətin durumdadır və görünür, ermənilərin başbilənləri “arxadan zərbə vurmaq üçün yaxşı fürsət yarandığını” düşünürlər. “İşıqlı Ermənistan” partiyasının üzvü, parlamentdəki “Yelk” fraksiyasından deputat Mane Tandilyan mətbuata açıqlama verərək bildirir: “Şəxsən mən belə hesab edirəm ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında heç bir marağı yoxdur və bu məsələ siyasi gündəliyə nə qədər tez daxil edilsə, bir o qədər xeyirli olar”.  Ermənistan prezidenti Serj Sarkisyan da “yolunu azıb” Moskvaya saymazyanalıq etmək fikrinə düşüb. Bu günlərdə mətbuatda gedən informasiyalarda deyilir ki, Rusiyada 18 nəfərin ölümündə günahkar bilinərək 2013-cü ildə 6 il 9 ay həbs cəzası alan və bu il cəzasının qalan hissəsini Ermənistanda çəkməsi üçün bu ölkəyə ekstradisiya edilən Qraç Arutyunyanı Sarkisyan azad etməyə hazırlaşır. Şübhəsiz ki, burada Sarkisyanı Arutyunyanın taleyi düşündürmür. Əsas məsələ bu payız Avropa İttifaqı ilə əməkdaşlıq sazişini imzalamaq ərəfəsində Moskvaya etinasızlıq jesti etmək və gələn il baş nazir postunu ələ keçirmək üçün əhalinin gözünə “humanistlik” külü üfürməkdir.
Serj Sarkisyan bugünkü fəaliyyəti ilə əməlli-başlı “küyə” gedir və zənnimizcə, özünə quyu qazır. Bu işdə o diaspor təşkilatlarına arxalanır. Çünki, bu günlərdə gələn ay Ermənistan-Diaspor forumunun keçiriləcəyini iclasda artıq elan edib. Deyəsən, onu bir az da Kreml şirnikləndirir. Belə ki, Moskvanın adamı sayılan və hələ ki, etibarı saxlayan indiki baş nazir Karen Karapetyan da jurnalistlərin Ermənistan-Aİ barədə sullarını cavablandırarkən “biz sazişi imzalamağa gedirik” deyə cavab verib. Zənnimizcə, onun bu cavabı Sarkisyanın qızışdırılmasına hesablanıb. Görünür, Kreml artıq Sarkisyanın fitvasını verib və məsələni son anda, Aİ ilə saziş imzalanan ərəfədə həll edəcək. Belə proqnoz vermək olar ki, Sarkisyanı müttəhimlər kürsüsündə oturtmaq vaxtı yaxınlaşır. Bu günlərdə Moskvada adı müxalifət, özü Kremlpərəst olan Züqanov belə bir bəyanat verib ki, “Rusiyanın iştirakı olmadan Qafqazda heç vaxt nə sülh, nə də dinclik olacaq”. Bu, o deməkdir ki, payız Qafqaz ölkələrinin həyatına soyuqluq yox, qaynarlıq gətirəcək. 
Qaldı ki, məsələnin ikinci tərəfinə, Rusiya Qarabağa nəzarəti heç vaxt əlindən buraxmaq fikrinə düşməyəcək. Hazırda bu nəzarət bütün əhatəliliyi ilə ona məxsusdur. Bunu əldə saxlamaq Kremlin uzunmüddətli strateji hədəfidir. Bu nəzarət yalnız Azərbaycanın əlinə keçə bilər, çünki onun ərazisidir və Azərbaycan bunun üçün vuruşur. Regionda siyasi vəziyyətin hazırkı durumu elədir ki, bu məsələ lap yaxın zaman da həll oluna bilər. Sadəcə, beynəlxalq siyasətin gedişatı və Bakının qətiyyəti bu işdə həlledici rola malikdir. 

N.NOVRUZ  

Sizin Reklam Yeriniz