Əlaqə Arxiv
news Image
2017.08.23
09:40
| A A A
Azərbaycan dünyada ictimai dərketmə mərkəzinə çevrilir
Daha bir məsul iş üçün dünya ictimai fikir xadimləri Bakını seçiblər

Azərbaycanın əldə etdiyi ictimai-siyasi və iqtisadi inkişaf ölkənin dünyada qazandığı imicinə “gənc lider dövlət” statusunu da əlavə edib. Bu fikri gücləndirən faktorlar sırasında respublikada keçirilən beynəlxalq forumları, o cümlədən gənclərə şamil edilən tədbirləri misal göstərmək olar. Bu günlərdə  Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bakıda işə başlayan Qlobal Gənc Liderlər Forumu bu qəbildən ən nüfuzlu tədbirlərdən biridir.

Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı iştirak edir. Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da bu mühüm tədbirdə iştirak edirlər. Bundan başqa, Foruma bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunur, debatlar həyata keçirilir. İştirakçıları “Mənə görə liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?”, “Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?”, “Mədəniyyətlər fərqli yol göstərir?” kimi suallar ətrafında fikir mübadiləsi aparırlar.
Bir neçə gün əvvəl BMT-nin sabiq baş katibi, 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün Bakıya gəlmiş Pan Gi Mun mətbuata müsahibəsində demişdi: “Yaxşı yadımdadır, mən BMT-nin baş katibi vəzifəsində çalışarkən Azərbaycan missiyası ilə sıx əlaqə saxlayırdım. Azərbaycan Prezidenti İlham Əliyev sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Mən ona ürəkdən heyranam və onun liderlik qabiliyyətinə hörmət edirəm”. Bu sözlər Azərbaycanın liderlik fəaliyyətində onun dövlət rəhbərinin nə dərəcədə rol oynadığına real sübutdur.
İndi dünya dövlətlərinin keçmiş və hazırkı liderləri Bakıya toplaşaraq Yer kürəsinin gələcək taleyini həll edəcək gənc liderlərin formalaşması yollarını müzakirə edirlər. İlham Əliyev vaxtilə Azərbaycanın rəhbəri olmuş və ümummilli lider statusuna yüksəlmiş Heydər Əliyevdən liderliyin iksirini əxz edib. İndi isə onun özünün yetişdirdiyi gənc liderlər dünyanın tanınmış ictimai xadimləri ilə qazandıqları təcrübəni bölüşür və inkişaf etdirirlər. Bu, hər kəsin və hamının gələcək taleyi üçün bəşəri çağırış və ölkəmizin yerinə yetirdiyi misli görünməmiş humanist addımdır. Çünki, narahat dünyanın rahatlığı uğrunda Azərbaycanın sərgilədiyi fədakar mübarizənin tərkib hissəsidir. 
Son illər elmin, texnologiyanın sürətli inkişafının cəmiyyətdə yeni çağırışlar ortaya qoyduğunu, insanların həyatında mühüm dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının sabiq direktoru İsmail Serageldin deyib ki, Bakı forumunda gənc liderlər bir araya gələrək bütün bu məsələləri ətraflı müzakirə edəcəklər. Söhbət ondan gedir ki, dünyada cərəyan edən hazırkı mürəkkəb şəraitdə yeni cəmiyyətin qurulması bütün səylərin birləşdirilməsini tələb edir. Gənclərin vəzifəsi isə  bu prosesdə fəallıq göstərməkdir.
Qürurverici faktdır ki, belə bir məsul iş üçün dünya ictimai fikir xadimləri Bakını seçiblər. Bu seçim iki ciddi amildən qaynaqlanır: birincisi, Azərbaycan gəncləri həqiqətən liderlik missiyasını bacarıqla daşıyırlar, ikincisi, ölkəmizdə əhalinin yaşam tərzi belə missiyalar üçün əlverişli şərait yaradır. Təbii ki, buraya ilk növbədə Azərbaycanda əmin-amanlığın təmini, ölkə rəhbərliyinin sülhsevər siyasəti, cəmiyyətimizin multicultural və multikonfessial dəyərləri aiddir. 
Bunu Forum iştirakçılarının çıxışlarında da aydın görmək olar. Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev çıxışında qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gələcəyimizin daha yaxşı qurulması, planetimizin gələcək həyatına kömək üçün ən yaxşı yoldur. Gənclər həm fəaldırlar, həm də onların öz mövqeyi var. Forumda iştirak edən ABŞ təmsilçisi Daniel Qoldstern isə tədbirdə gənc liderlərin təcrübəli insanlarla bir araya gələrək müzakirə apardıqlarını təqdir edib və Azərbaycana ilk dəfədir gəldiyini, Bakının gözəlliyinə valeh olduğunu, insanların qonaqpərvərliyinin onda zəngin təəssüratlar yaratdığını söyləyib. 
Qlobal Gənc Liderlər Forumu Azərbaycanın üzərinə “Gənc liderlər platforması” kimi daha bir məsul öhdəlik qoyur və fərəhləndirici fakt odur ki, ölkəmiz bu platformanın davamlı və qalibiyyətli olması üçün bütün mümkün resurslara malikdir.
N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz