Əlaqə Arxiv
news Image
2017.08.24
07:00
| A A A
Bakı sülhün carçısıdır
Dünyada əmin-amanlıq tərəfdarları Azərbaycanda “Sülh platforması”nın perspektivlərini müəyyənləşdirirlər

Hazırda dünya öz tarixinin ən çətin məqamlarından birini yaşayır. Yer kürəsinin müxtəlif guşələrində müharibələr gedir, kəndlər, şəhərlər viran qoyulur, insanlar kütləvi şəkildə öldürülür, hətta inkişaf etmiş cəmiyyətlərdə də mənəvi aşınma prosesi tüğyan edir, millətçilik, islamofobiya, ksenofobiya getdikcə güclənir. Bir yandan da iqtisadi böhranın gətirdiyi bəlalar cəmiyyətlərin radikallaşmasına səbəb olur. Belə bir mürəkkəb şəraitdə öncül olmağı, dar macaldan qurtulmağı bacaran cəmiyyətlər məntiqi surətdə irəli çıxır, qlobal miqyasda tədbirlər təşkil edərək gələcəyə inam stimulu yaratmağa çalışırlar. Əgər son bir neçə ildə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin statitikasını nəzərdən keçirsək, bu işdə ən fəal çalışanlardan birinin Azərbaycan cəmiyyəti olduğunu görərik. Təsadüfi deyil ki, bu günlərdə Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu işini davam etdirir.

Cəmiyyətlərin inkişafı prosesində təhsil, geniş biliklərə yiyələnmək, mədəniyyətin və incəsənətin inkişafı böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə dərin və əhatəli elmi araşdırmaların, elmi cəmiyyətin auditoriyasının genişləndirilməsinin vacibliyini vurğulayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının sabiq direktoru İsmail Serageldin bildirib ki, elm cəmiyyətin əsas dəyərlərini ortaya çıxarmalıdır. Biliklərin cəmiyyətə ötürülməsi üçün dərin və əhatəli konsepsiyalar işlənib hazırlanmalıdır. Bu məsələdə müdrik liderlik mühüm əhəmiyyət daşıyır. Gələcəyin liderləri çox gənc, eyni zamanda, fəal insanlardır. Onlar yeni şəbəkə yaradacaq. Bu, həm Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, həm Bakı, həm də Azərbaycan üçün dost olan yeni şəbəkə olacaq. Bir yerdə işləmək və ideyaları bölüşmək çox qısa müddətdə öz faydasını verəcək. 
Forumun iştirakçısı, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib: “Qlobal Gənc Liderlər Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı önəmli tədbirlərdən biridir. Gələcəyə baxmaq, problemlərin həllinə müxtəlif baxışlardan, nöqteyi-nəzərlərdən yanaşmaq lazımdır. Bu gün dünyamız bir çox problemlərlə qarşılaşıb. Elə problemlər var ki, həllini tapmayıb. Müharibələr, eləcə də etnik, məzhəb qarşıdurmaları mövcuddur. Bəzi həll olunmamış problemlər var ki, onların həllində ümid gənclərədir. Ona görə də gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir”. 
İkinci Dünya müharibəsindən sonra çox şey dəyişib. Berlin divarının sökülməsi ilə çoxqütblü dünyanın yaranması prosesi başlayıb. İndi insanlar düşünürlər ki, onların gələcək hədəfləri necə olmalıdır. Yer kürəsinin gələcək həyatı necə qurulmalıdır ki, insanlar sülh və dinclik şəraitində yaşasınlar. Bu mənada son dövrlərin siyasi dəyişiklikləri heç də ürəkaçan deyil. Lakin Qlobal Gənc Liderlərin Forumunda yekdil fikir budur ki, bundan sonrakı inkişafda gənc liderlərin rolu ön plana keçməlidir. Onlar öz sələflərinin xoşniyyətli əməllərini davam etdirməli, bunun üçünsə indinin liderlərinin təcrübələrini mənimsəməlidirlər. 
Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevnelievin moderatorluğu ilə keçirilən panel iclasında o, bildirib ki, güclü liderlər öz-özünə yaranmır, güclü liderin arxasında iqtisadi, sosial rifah cəhətdən güclü ölkə dayanır: “Ölkəsinin iqtisadiyyatı güclü deyilsə, o ölkəyə güclü investisiya yatırılmırsa o lider güclü lider ola bilməz. Əgər bir lider nüvə silahlarından istifadə edirsə, zərər verirsə o güclü lider ola bilməz. Əgər siz öz xalqınıza xidmət etmək istəyirsinizsə, ilk növbədə, ölkənizin problemlərini həll etməyə çalışın. Güclü lider xalqların rifahına xidmət edir”. Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi iclaslarda tez-tez təkrarladığı bir ifadə yada düşür: “Məmurlar xalqın xidmətçiləridir. Bir nömrəli xidmətçi mən özüməm”. Dövlət başçısının bu məramı onun liderliyini sübut edən meyarlardan biri, bəlkə də birincisidir. Elə bu səbəbdəndir ki, Azərbaycanda güclü liderlik məktəbi yaranıb və dünya səviyyəsində tədbirlər həyata keçirməyi bacaran gənc liderlər yetişir. 
Liderlərin və ölkə rəhbərlərinin bir nömrəli vəzifəsi cəmiyyətdə sülh və əmin-amanlığın bərqərar olmasını təmin etməkdir. Bu mənada Azərbaycan cəmiyyəti seçilir və yeri gələndə nümunə göstərilir. Hazırkı Forumla Azərbaycan təcrübəsi gənc liderlərin iştirakı ilə öyrənilir və dünyaya yayılır. Sülh carçısı olmaq nəcib işdir, amma çətindir. Bakı bu yola cəsarətlə qədəm qoyub və gələcək perspektivdə rolkunu artırmaq üçün gözəl imkanlara malikdir. 

N.NOVRUZ 

Sizin Reklam Yeriniz