Əlaqə Arxiv
news Image
2017.08.24
09:00
| A A A
İrəvanın işğalçılıq siyasəti Ermənistan ordusunu dağıdır
Özbaşınalıq, intihar və güllələnmə halları hərbi hissələrdə artıq normaya çevrilib

Ermənistan ordusunda özbaşınalıqların və itkilərin sayı gedərək artır. Xalq ordudakı vəziyyətdən ctddi narazıdır. Ermənistan mətbuatında hərbçi intiharları barədə məlumatlar səngimək bilmir. Bu günlərdə daha bir intihar Şirak vilayətinin Hatsik kəndində baş verib. 19 yaşlı əsgər Abas Sloyan intihar edərək həyatına son qoyub. Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən məruz qaldığı fiziki zorakılığa və təhqirlərə dözməyərək kazarmadan qaçıb kəndə gəlib. A.Sloyan daha sonra əmisinin evində özünü asaraq intihar etmiş vəziyyətdə tapılıb. Eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürüldüyünü iddia edirlər. Bununla bağlı artıq Helsinki Vətəndaş Assambleyasına da müraciət olunub. Ötən gün isə hərbi hissələrdən birində iki zabit atışaraq bir-birlərini yaralayıblar. 

İşğalçı ölkənin ordusundakı qətl və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edirlər. Etirazçılardan biri deyir ki, oğlu xidmətdə olduğu hərbi hissədə yüksək rütbəli zabit tərəfindən öldürülüb. Həmin şəxs prezident Serj Sarkisyanın yaxın qohumu olduğundan cinayətkar cəzasız qalıb. Hakimiyyət isə tədbir görmək əvəzinə hər vəchlə bu faktları ört-basdır etmək yolunu tutub. “Joxovurd” qəzeti yazır ki, bir neçə gün əvvəl Taquyi Vəkilyan adlı tibb bacısı Nor-Nork inzibati mərkəzinin ümumi məhkəməsinə müraciət edərək müdafiə nazirliyindəki işindən qeyri-qanuni azad olunduğunu bildirib və təcili olaraq işinə bərpa edilməyini tələb edib. O, hərbi hissələrdən birində tibb bacısı işləyib. Araşdırmalar göstərib ki, Vəkilyan əsgər ölümləri barədə həqiqəti gizlətmədiyinə görə rəhbərliyin qəzəbinə tuş gəlib və bir bəhanə tapıb onu işindən qovublar.
İndi Ermənistan vətəndaşları deyirlər ki, oğulları hakim rejimin qurbanlarıdır. Valideynlər övladlarını qorumaq üçün cəmiyyətə çağırışlar edir, gəncləri ordudan yayınmağa təhrik edirlər. Əks halda onları real ölüm gözləyir. Xüsusilə, Qarabağda xidmətə göndərilənlərin taleyi hamını narahat edir. Onlar qonşu dövlətlərin torpaqlarının işğalında içştirak etməkdən boyun qaçırırlar. Lakin hakimiyyət onları hərbi xidmətə hərbçi konvoyların müşayiəti ilə zorla göndərirlər.
Belə acınacaqlı vəziyyət tək valideynləri yox, bir sıra ictimai xadimi, politoloqları da narahat edir. Çünki, onlar anlayırlar ki, işğalçılıq siyasətinin axırı yoxdur. Konkret situasiyada isə Azərbaycan öz ərazi bütövlüyünü gec-tez bərpa edəcək. Onların qorxduğu məsələ bu azadetmənin müharibənin alovlanması yolu ilə baş verməsidir. Bu isə aşkar ölümdür. 
Ancaq məsələnin siyasi tərəfi də var. Yəni, prezident Sarkisyanın kələfin ucunu itirməsi onun siyasi axırının çatmaq məqamının gəldiyini göstərir. Orduda baş alıb gedən başıpozuqluq əslində siyasi hakimiyyətin legitimliyinin zəiflik göstəricisidir. Kreslo tutan hər kəs özünə tərəfdar toplayıb öz hayına qalır. Belə getsə, Sarkisyanı nə ətrafı, nə də ordu müdafiə edəcək. Baş verənlər göstərir ki, Sarkisyan ordunu idarə etməkdə acizdir. Bu isə Moskvanın diqqətindən qaçmır. Bu günlərdə Ermənistan prezidentinin Soçiyə Putinin görüşünə çağırılması bu konteksdə nə isə deməkdir. Ola bilər ki, bu görüş Sarkisyanın Rusiya prezidenti ilə axırıncı görüşü olsun və 2018-ci ilin aprelində o, siyasi səhnədən birdəfəlik getsin. Onunla birlikdə Qarabağ müharibəsində sülh danışıqlarına qarşı ermənilərin göstərdikləri höcət də birdəfəlik aradan qalxa bilər.

N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz