news Image
2017.09.16
08:00
| A A A
Qarabağ məsələsində mühüm yenilik
Qabil Hüseynli: “Moskvada problemin həlli ilə bağlı ciddi müzakirələr başlayıb” Araz Aslanlı: “Azərbaycanın apardığı balanslı xarici siyasət kursu uğurlu nəticələr verib”

Rusiyada “Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçrilən konfransda toxunulan məsələlərdən biri də Qarbağa münaqişəsi oldu. Tədbidə Kremlin ideoloqu kimi tanınan  Aleksandr Duqin qeyd edib ki, Ermənistan Qarabağı nəzarətdə saxlayır, lakin dünya ictimaiyyəti kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Problemin güc yolu ilə həlli yoxdur. Lakin biz indi elə məqama gəlib çatmışıq ki, münaqişənin həllində irəli getmək lazımdır. Azərbaycan ciddi şəkildə güclənir, möhkəmlənir və regionda qüvvələr balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın  dostu və tərəfdaşıdır, ancaq bununla belə Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələr arasında o cümlədən hərbi sahədə yaxınlaşma baş verir. Lakin bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil, bu, belə qəbul edilə bilməz. Yaxud əksinə. Münaqişənin həlli yolu nədir? Ermənistan şübhəsiz ki, işğal edilmiş rayonlardan ilk növbədə 5-ni Azərbaycana qaytarmalıdır. Təkrar edirəm ki, bizə irəli getmək lazımdır”. 

Qeyd edək ki, A. Duqinin fikirləri əksər zamanlar Kremlin mövqeyi kimi qələmə verilir. Bu mənada Kremlin 5 rayonun qaytarılması üçün İrəvana təzyiqləri mümkündür.
Politoloq Qabil Hüseynli bildirdi ki, Qarabağ probleminin həlli varinatı içərisində 5 rayonun qaytarılması məsələsi daha çox gündəmdədir: “Çox yaxşı ki, bu fikirləri Sergey Lavrov kimi qeyri-səmimi insan yox, nisbətən reallığı dərk edən, Azərbaycana münasibətdə obyektivliyə yaxın olan A. Duqin kimi şəxs irəli sürür. Görünür, ABŞ-ın 7 rayonu azad edilməsi haqqında verdiyi bəyanatdan sonra Rusiya tərpənməyə başlayıb. Rusiya Dağlıq Qarabağla bağlı problemdə “açar”ları əldən vermək istəmir. Ancaq obyektiv reallıq da var. 
Azərbaycan sürətlə hərbi potensialını artırır. Rusiya dəstəyi çəkən kimi Azərbaycan dərhal ərazi bütövlüyünü təmin edəcək. Ona görə də Rusiya ABŞ və Avropanın təzyiqləri ilə qarşılaşmamış  bu məsələni həll edib Azərbaycanı və Ermənistanı ətrafında saxlamağa cəhd göstərəcək. Bu mənada Moskvada problemin həlli ilə bağlı ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən 5 rayonun qaytarılması və Dağlıq Qarabağa keçici statusun verilməsi istiqamətindədir. Bu məsələdə vaxtı ilə Ermənistanı razı sala bilmişdilər. Sonradan Sergey Lavrovun manevri ilə məsələ gündəmdən çıxarıldı və hansısa müddətə təxirə salındı. Lakin indi Avropa və ABŞ ərazi bütövlüyü məsələsində proseslərə xeyli pozitiv fon veriblər. Rusiya da bundan narahatdır. Fakt qarşısında qalacağından ehtiyatlanaraq, 5 rayonun qaytarılması məsələsini aktivləşdirmək fikrinə düşüb. Əgər bunu Kremlin əsas ideoloqların biri olan A.Duqin deyirsə, deməli, bu məsələ Vladimir Putinin də gündəmindədir. Yaxın vaxtlarda bu istiqamətdə müzakirələrin açılacağının şahidi ola bilərik. Amma proseslər Moskvanın partonajlığı altında baş verəcək. Moskva təşəbbüsü əldən vermək, Cənubi Qafqazda mövqelərinin zəifləməsini istəməz. Yəqin ki, proseslərə Türkiyənin də müəyyən dəstəyi olacaq. Bütün hallarda 5 rayoun geri qaytarılması real görünür”. 
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, A. Duqinin fikirləri əhəmiyyətli qəbul olunur: “O, Rusiyanın siyasi həyatında müəyyən mövqeyə malik olan insandır. Amma bunu tam Rusiyanın mövqeyi kimi də qəbul edə bilməsək də, xüsusi əhəmiyyəti var. 
Nəzərə alaq ki, Azərbaycanın apardığı balanslı xarici siyasət kursu uğurlu nəticələr verib. Bunun biri də Rusiya ilə münasibətlərdir. Odur ki, Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyadan müəyyən jestlər gözləmişik. Amma bunlar reallaşmadı. Ola bilsin ki, Rusiya bununla bağlı mesaj vermək istəyir ki, 5 rayon məsələsində hansısa addım atıla bilər. Düzdür, Rusiya Ermənistana 5 rayondan çıx, demir. Amma Rusiya Ermənistana yardım etməsə, Ermənistan özü 5 rayondan çıxacaq, ya da Azərbaycan onu çıxaracaq. Burada əsas məqsəd, Azərbaycanda gözlənti yaratmaqdır ki, Azərbaycan xarici siyasətində Rusiyanı nəzərə alaraq addımlar atsa, Rusiya da ərazilərin işğaldan azad edilməsi istiqamətində nələrsə edə bilər. Yəni, birmənalı olaraq Rusiya Ermənistanın yanında deyil. Ancaq Ermənistanda da son zamanlar Rusiya ilə əlaqələr mühakimə edilir. Onunla bağlı Ermənistan cəmiyyətinə də mesajlar ola bilər ki, bizi Qərbə dəyişərsinizsə, biz də Qarabağ siyasətimizi dəyişərik. Lakin açıqlamanı tam Ermənistana qarşı təzyiq kimi dəyərləndirmək olmaz. Eyni zamanda Rusiyanın Qarabağla bağlı mövqeyi ermənipərəst deyil”.
Mübariz BAYRAMOV 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs