news Image
2017.09.16
10:30
| A A A
Moskva-Bakı xəttinin güclənməsi İrəvana göz dağıdır
Ermənistanın irticaçı siyasəti bu ölkəni daha böyük sürətlə özünütəcridə sürükləyir

Rusiyada “Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçirilən konfransda  səslənən fikirlərdən belə məlum oldu ki, bu gün Moskva Bakı ilə münasibətləri daha da genişləndirməyi prioritet hesab edir. Bu fonda Ermənistan arxa plana atılır və hətta Qərblə əməkdlaşlığa getdiyi üçün hədələnir. 

Konfransı Geosiyasi Ekspertizalar Mərkəzi və İzbor Klubu təşkil edib. Tədbir iştirakçıları Rusiya ilə Azərbaycan arasında münasibətlər və əməkdaşlığın perspektivləri, Qafqazda təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edirlər. Konfransda Gennadi Züqanov, Sergey Markov, Andrey Klimov, Aleksandr Proxanov, Leonid Kalaşnivkov, Dmitri Savelyev, Mixail Zabelin, Şamil Sultanov, Polad Bülbüloğlu, Rövşən Rzayev, Əli Hüseynli kimi siyasətçilər və millət vəkilləri iştirak ediblər. 
Konfrans iştirakçısı olan Rusiyanın dövlət və ictimai xadimləri, politoloq və ekspertləri Azərbaycan haqda dəyərli fikirlər söyləməklə yanaşı ölkəmizin regionda və dünyada oynadığı rolun əhəmiyyətindən də bəhs ediblər. Rusiyalı jurnalist, politoloq Aleksandr Proxanovun  fikrincə, Azərbaycan Cənubi Qafqaz haqqında yeni təsəvvür formalaşdırır: “Mən Azərbaycanın daxili problemlərini bu gün necə həll etdiyini görmüşəm. Hazırda yeni Azərbaycan cəmiyyətinin formalaşması gedir”. Onun dediyinə görə, Azərbaycan bir çox ölkələrlə münasibətlərini balanslaşdırır. 
Beynəlxalq münasibətlərdə yaranan hazırkı mürəkkəb vəziyyətdə Rusiyanın Azərbaycanla strateji tərəfdaşlığının möhkəmləndirilməsi istisnasız mühüm rol oynayır - “Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru” konfransında iştirak edən RF Kommunist Partiyasının sədri Gennadi Züqanov belə düşünür. O deyib ki, Azərbaycan məktəblərində rus dilinin öyrənilməsi iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi baxımından böyük rol oynayır. G.Züqanovun fikrincə, Azərbaycan-Rusiya münasibətləri həmişə prioritet olub, bu münasibətlər strateji tərəfdaşlıq və dostluğa söykənir. Rusiya kommunistlərinin başçısı konfransda Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun sözlərinə görə, münaqişənin həllini masa arxasında axtarmaq, səbir göstərmək lazımdır. Partiya sədri həmçinin Ermənistanda antirusiya meyillərinin güclənməsi və NATO-ya inteqrasiya etmək istəyinə də münasibət bildirib: “Rusiyadan uzaqlaşan hər kəsin vəziyyəti pisləşir. Ermənistan və erməni xalqı bunu hamıdan yaxşı bilir. O ki qaldı isterikaya, elə Moskvada da Amerika tütəyinə oynayanlar az deyil. Bu insanlar Rusiyaya xidmət etmir və vəziyyəti gərginləşdirmək üçün əllərindən gələn hər şey edirlər. Həmin güclərə Ermənistanda ayaq açmağa imkan vermək olmaz. Biz onlara ayaq açmağa imkan verməyəcəyik”.
Rusiya-Azərbaycan münasibətlərinə dair belə bir strateji yüklü konfransın keçirilməsi və tədbirdə Ermənistanın hədələnməsi İrəvanla yanaşı erməni lobbisinə və diasporuna da güclü zərbə sayıla bilər. Ermənistanda yaxşı bilirlər ki, Rusiyasız bu ölkə nəinki dövlətçilik yolunda əldə etdiklərini itirə bilərlər, hətta kökü olmayan bir qurum kimi tamamilə məhv olmaq təhlükəsi ilə üzbəsurət qalarlar. Amma həmişə kimlərəsə qulluq etməyə adət edən ermənilərin bir qrupu Rusiya amilini unutmağa və Qərbə meyillənməyə cəhd edirlər.Təbii ki, bu işdə erməni lobbisinin fəaliyyəti danılmazdır. Hətta iş o yerə çatıb ki, Ermənistan parlamentindəki “Yelk” qrupu Avrasiya birliyindən çıxmaq haqda sənəd də hazırlayıb. Amma iş sənəd hazırlamaqla bitmir. G.Züqanovun səsləndirdiyi hədələyici fikirlərdən az qala bir gün keçməsinə baxmayaraq, hələ də erməni KİV-də bu fikirlərə münasibətə rast gəlinmir. Axı, nə desinlər? Özləri özlərini quyuya salıblar. Bir sözlə, Moskva konfransı ermənilərin Cənubi Qafqazdakı zəif mövqelərinə öldürücü zərbə vurub. 
Bu hadisədən sonra yaxşı səviyyədə olan Rusiya-Azərbaycan əlaqələrinin daha sürətlə inkişafı gözlənilir. Yəni, bu ölkələr arasında siyasi və iqtisadi əlaqələrinin yeni dalğası başlanmaq üzrədir. Bu da nəticə etibarilə Kremlin regiondakı geosiyasi maraqlarına Azərbaycan hesabına təminat yaradır. Və... məntiqi surətdə ehtimal olunur ki, Moskva da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində səylərini sözdə yox, işdə artıracaq.
N.NOVRUZ    

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs