Əlaqə Arxiv
news Image
2017.09.21
10:00
| A A A
Ermənilər ilk mərhələdə 5 rayonu boşaldacaqlar?!
Qabil Hüseynli: “Nalbandyanın dediklərinin özündə nəyi ehtiva etdiyi haqda birmənalı fikir söyləmək çətindir” Natiq Miri: “Son zamanlar cəmiyyətimizdə ərazilərimizin bir hissəsinin qaytarılması istiqamətində müəyyən müsbət fikirlər yaranmağa başlayıb”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın sentyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı böyük əks-səda ilə qarşılanıb. Nazir Altıncı Ümumerməni "Ermənistan-Diaspora" forumunun iştirakçılarının suallarını cavablandırarkən səsləndirdiyi fikirlər sensasiya kimi dəyərləndirlib. Belə ki, Ermənistan KİV-lərinə istinadla yayılan məlumata görə, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb: "Söhbət o ərazilərdən gedir ki, onlar Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf baxımından təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz". 

Nalbandyan burada hansı əraziləri nəzərdə tutur? Əslində, demək olarmı ki, işğal altındakı ərazilərin tədricən boşaldılması prosesinə start verilir?
Politoloq Qabil Hüseynli bildirdi ki, burada söhbət Dağlıq Qarabağdan kənar işğal olunmuş 5 rayonun qaytarılmasından gedir: “Həmin 5 rayonun qaytarılmasını da ermənilər çox zaman  2+3 prinsipi şəklində nəzərdə tutublar. Yəni əvvəl 2 rayonu qaytarıb, Dağlıq Qarabağa status almaq istəyirdilər. Rusiya təkid etsə, 5 rayonu qaytarıb, Dağlıq Qarabağa status almağı nəzərdə tuturlar. İstənilən halda, Nalbandyanın dediklərindən də belə anlaşılır ki, Kəlbəcərlə Laçın rayonlarını hələ geri qaytarmaq fikirləri yoxdur. Kəlbəcəri təbii sərvətlər və strateji əhəmiyyəti baxımından əldən vermək istəmirlər. 
İşğal olunmuş rayonlarımızın qaytarılacağını biz də bilirik. Diplomatik danışıqlar hazırda bu istiqamətdə gedir. Amma hər halda görünən odur ki, Ermənistan məsələdə konstruktiv mövqe tutmur. Sadəcə olaraq, belə məsələləri qabartmaqla ondan təbliğat vasitəsi kimi istifadə etməyə çalışırlar. Ona görə də Nalbandyanın dediklərinin özündə nəyi ehtiva etdiyi haqda birmənalı fikir söyləmək çətindir. 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağa tanınma statusu veriləcəksə, həmin 5 rayon məsələsi o qədər də əhəmiyyətli olmaya bilər. Amma hər halda 5 rayon məsələsi cazibədardır. Bu. Azərbaycana həm nəfəs dərmək, həm də bütövlükdə işğal edilmiş ərazilərimizin bir hissəsinin qaytarılması baxımından real əhəmiyyətə malik ola bilər”.  
Politoloq Natiq Miri Nalbandyanın açıqlamasını imitasiya xarakterli açıqlama kimi dəyərləndirdi: “Son zamanlar cəmiyyətimizdə ərazilərimizin bir hissəsinin qaytarılması istiqamətində müəyyən müsbət fikirlər yaranmağa başlayıb. Amma düşünürəm ki, özümüzü aldatmağa dəyməz. Nalbandyanın həmin açıqlaması Ermənistanın növbəti danışıqlar aparmaq imitasiyasından başqa bir şey deyil. 
Bu gün Ermənistan heç bir ərazini, hətta bir kəndi belə boşaltmağa hazır deyil. Sadəcə olaraq, bu cür imitasiyalarla Ermənistana ola biləcək təzyiqlərdən yayınmaq istəyirlər. Fikrimcə, növbəti imitasiyanın konturları da sonuncu dəfə Soçidə Rusiya və Ermənistan prezidentləri arasında gedən danışıqlarda həll olundu. Konkret hansı rayonların azad olunmasına gəldikdə, bilirsiniz ki, «Moskva-Bakı oxu» çərçivəsində keçirilən konfransda Kremlin ideoloqu adına iddia edən Aleksandr Duqin 5 rayonun qaytarılmasından danışdı. Düşünürəm ki, həmin fikir təsadüfi olaraq səsləndirilməmişdi. Sarkisyan, habelə Nalbandyanın dedikləri də təxminən bu notlar üzərində qurulub.  Qaytarılan 5 rayon dedikdə söhbət Ermənistanı təhdid edəcək səviyyədə olmayan rayonlardan gedir. Yəni, indilikdə Laçınla Kəlbəcərin qaytarılmaması şərtilə digər 5 rayonun boşaldılmasından söhbət gedir. 
Bütün bunlara görə düşünürəm ki, Nalbandyanın açıqlaması ola bilsin, cəmiyyət üçün şirnikləndirici ola bilər. Ancaq arxasında strateji baxımdan Azərbaycan üçün müəyyən təhlükə yatır”.

Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz