Əlaqə Arxiv
news Image
2017.09.22
07:00
| A A A
BMT-də Prezident Ermənistana unutmayacağı daha bir dərs verdi
Elman Məmmədov: “Cənab Prezidentin BMT-də iştirakı və yüksək səviyyədə olan nitqi Azərbaycanın dünya dövlətləri arasında hörmət və nüfuzunu bir daha artırdı” Fəzail İbrahimli: “Əsas məsələ Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasıdır ki, cənab Prezidentin BMT tribunasındakı çıxışı da buna yönəlmişdi”

Prezident İlham Əliyev BMT Baş Assambleyası çərçəivsində keçirdiyi görüşlərdə, etdiyi çıxışlarda Qarabağ məsələsini xüsusi olaraq gündəmə gətirdi. Beynəlxalq ictimaiyyətin diqqəti yenidən bu konfliktə yönəldi. Bunun münaqişənin həlli istiqamətində hansı müsbət təsirləri olacaq? Digər tərəfdən Prezident xəbərdarlıq etdi ki, aprel olayları təkrar ola bilər: “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir. 2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq“.  Bu, Ermənistan və hamiləri üçün nə deməkdir? 
Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, cənab Prezident BMT Baş Assambleyasındakı çıxışında quruma, onun rəhbərliyi və digər dövlət başçılarına  bir çox mühüm məqamları izah etdi: “Xüsusilə terrorçu, işğalçı Ermənistanın, onun cinayətkar, hərbi cani olan prezidentinin üzünə tüpürdü. Xocalı soyqırımının törədilməsində indiki Ermənistan prezidentinin də birbaşa iştirak etdiyi fikrini səsləndirməsi isə təkcə Serj Sarkisyana aid fikir deyildi, eyni zamanda həmin sözlər bu caniyə BMT kimi böyük beynəlxalq qurumun tribunasını etibar edənlərə yönəlmişdi. 
Deyir, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Terrorçu, işğalçı, soyqırım törədən Ermənistan ola-ola onun rəhbərləri həyasız-həyasız ağzına gələn qələti də danışır. Cənab Prezident bu çıxışı ilə təkcə Sarkisyanın deyil, ona himayədarlıq edənlərin də cavabını verdi. Məntiqlə belə çıxır ki,     BMT qəbul etdiyi məlum 4 qətnaməni çırtdan, terrorçu, işğalçı dövlətə icra etdirə bilmirlər. Belə olan halda BMT-nin hansı nüfuz və hörmətindən danışmaq olar? Deməli, onlar özləri özlərinə belə hörmət etmirlər. Niyə bu günə kimi Azərbaycan torpaqları işğal altındadır və BMT kimi qurumlar da ona göz yumur? Cənab Prezidentimiz bunları çox dəqiqliklə hədəfə vurdu. Bu Azərbaycan xalqının ifadəsidir. Elə məqamlar olur ki, BMT qəbul etdiyi qətnamələri bir neçə saat ərzində icra edir. Amma 24 ildir ki, qəbul olunan 4 qətnamə icra olunmayaraq qalmaqdadır. Bu nədir? Belə görünür, həmin təşkilatlar işğalçı və terrorçularla həmfikirdir, onları qoruyurlar. Nəyə görə bu zamana qədər Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib? Cənab Prezident bunları söyləməklə yanaşı, eyni zamanda Azərbaycanın hazırkı inkişafını, ölkəmizdə tolerantlıq və multukulturalizmin mövcudluğunu, Qərbin enerji təhlükəsizliyinə olan yardımını, idman ölkəsi kimi nailiyyətlərimizi nəzərə çarpdırdı. Belədə başa saldı ki, Azərbaycan artıq birilərinin fikirləşdiyi kimi, 20-30 il bundan öncəki ölkə deyil. 
Azərbaycan bu gün dünyada özünə məxsus sözü, nüfuzu, çəkisi olan bir dövlətdir. Ölkəmiz özü-özünü qorumağa qadirdir. Cənab Prezident cəsarətlə vurğuladı ki, beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad edilməsi üçün cinayətkarı başa salmasa, keçən ilin aprelində olduğundan da üstün səviyyədə işğalçını cəzalandırmağa imkanımız çatır. Bunu demək cəsarət tələb edirdi və cənab Prezidentimiz bunu dedi. Biz torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq. Sadəcə olaraq, istəyirik ki, bu proses beynəlxalq qurumun dəstəyilə sülh yolu ilə həllini tapsın. Olmasa, istənilən yolla torpaqlarımızı işğaldan azad etmək qüdrətinə malikik. Cənab Prezidentin orada iştirakı və yüksək səviyyədə olan nitqi Azərbaycanın dünya dövlətləri arasında hörmət və nüfuzunu bir daha artırdı. BMT-də Azərbaycanın yeri daha da möhkəmləndi”. 
Milli Məclisin deputatı Fəzail İbrahimli də vurğuladı ki, əsas məsələ Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasıdır ki, cənab Prezidentin BMT tribunasındakı çıxışı da buna yönəlmişdi: “Nəticədə bizim problemlə yarımçıq tanış olan dövlət başçıları məsələ ilə bağlı kifayət qədər məlumatlanırlar. Bununla onlara bir daha aydın oldu ki, Azərbaycan Qarabağ məsələsində bir addım belə geri çəkilməyəcək. 
Cənab Prezident Azərbaycanı işğalla barışdırmaq istəyənlərə bir daha sübut etdi ki, ölkəmiz sona qədər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparacaq. Pezident həmçinin Azərbaycanın tutduğu siyasi, iqtisadi yolu, dünyaya nümunə ola biləcək tolerantlığa sadiqliyimizi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. 
Ermənistandakı rejim artıq tükənib. Bu rejimin çıxışları da artıq daxili auditoriyaya hesablanmış çıxışlardır. Bu rejimin başçısı özünü şər, böhtan obrazında göstərməklə ölkəsi daxilində gedən proseslərə bir nizam verməyə çalışır. Haqq nazilər, amma üzülməz. Ermənistan rəhbərliyinin özü, əhalisi, dünya ictimaiyyəti də bilir ki, haqq tərəfi Azərbaycandır. Çünki torpaqları işğal altında olan ölkə Azərbaycandır. İşğal edən tərəf isə Ermənistandır. Nahaq qüvvələr həmişə Tanrı tərəfindən cəzalanır. Azərbaycan aprel hadisələrilə bir daha sübut etdi ki, istənilən an torpaqları işğaldan azad edə bilər. Sadəcə olaraq, hələlik hüquq normalarını gözləyir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz