Əlaqə Arxiv
news Image
2017.09.23
10:00
| A A A
ABŞ Qarabağ məsələsində ermənilərin mövqeyinə qarşı çıxdı
Aydın Ağayev: “Böyük güclər arasında ziddiyyətlərin nəticəsi kimi süni və qeyri-qanuni rejimlərin yaradılması prosesi davam etsə, dünyada salamat dövlət qalmayacaq”

BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırki vəziyyətdə xalqların öz müqəddəratını təyinetməsi adı altında sərhədlərin dəyişdirilməsi yolverilməzdir. 

Bilindiyi kimi, son dövrlər dünyada öz müqəddəratını təyin etmə adı altında separat hərəkətlər geniş vüsət almağa başlayıb. Son zamanlar Katoloniya əyaləti İspaniyadan, kürdlər isə İraqdan ayrılmaqla bağlı referendum keçirəcəklərini bəyan ediblər. Keçmiş sovet imperiyası məkanında isə separatizm artıq çoxdandır yeni yaranan müstəqil dövlətləri çətin vəziyyətlə üz-üzə qoyub. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova hələ də separatizm və bu fonda torpaqların işğal edilərək sərhədlərinin pozulmasından əziyyət çəkməkdə davam edirlər. İşğalçı Ermənistan xalqların öz müqəddəratını təyin etmə prinsipindən bərk-bərk yapışaraq başqa dövlətin ərazisi hesabına ikinci bir erməni dövləti yaratmağa çalışır ki, bu da beynəlxalq qanunlara ziddir. Çünki artıq ermənilər Ermənistan adlı dövlət yaratmaqla öz müqəddəratlarını çoxdan təyin ediblər. Separatizm hərəkatının genişlənməsi görünür, dünyanın super güclərini də nəhayət ki, narahat etməyə başlayıb. Onun nəticəsidir ki, ABŞ kimi dövlətin başçısı BMT tribunasından öz müqəddəratını təyin etmə adı ilə sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu bəyan edir.  Trampın bu açıqlamasını həm də Ermənistana ünvanlanan bir mesaj kimi dəyərləndirmək olarmı? Çünki Ermənistan Qarabağ məsələsində  xalqların öz müqəddəratını təyinetməsi adı ilə Azərbaycan ərazisində ikinci bir dövlət yaramaq istəyir. Amma artıq ABŞ da buna qarşı açıq mövqe ortyaya qoyur. Bu hal Qarabağ münaqişəsinin gedişinə nə vəd edir?
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Trampın dedikləri ölkəmizin işinə yarayan bəyanatdır: “Hazırda dünyada çox ziddiyyətli proseslər gedir. İraq Kürdüstanında, Avropanın mərkəzində Katoloniyada baxın görün, nələr baş verir. O biri tərəfdən SSRİ-nin dağılmasından sonra artıq iki onillikdən çoxdur ki, guya öz müqəddəratını təyin etmə prinsipi əsasında de-fakto qeyri-qanuni balaca saxta rejimlər yaradılıb. Bunlar indiki reallıqdır. Onların nə üçün yaradıldığını da bilirik. Belə separatçı rejimləri yaradan olmasaydı, onlar təbii olaraq əlbəttə ki, yarana bilməzdi. Bütün bunlar geosiyasətin ziddiyyətləri və həmin ziddiyyətlərin nəticələridir. Onun da nəticəsində öz müqəddəratını təyin etmənin saxta, birtərəfli “prinsipi” əsasında ölkəmizin ərazi bütövlüyü pozulub. 
20 ildən çoxdur ki, bu istiqamətdə mübarizə aparırıq. Beynəlxalq hüquqi və digər konkret sənədlərə istinadən bəyan edirik ki, belə hal yol verilməzdir. Dəfələrlə demişəm, böyük güclər arasında ziddiyyətlərin nəticəsi kimi  süni və qeyri-qanuni rejimlərin yaradılması prosesi davam etsə, dünyada salamat dövlət qalmayacaq. Bu da istənilən region üçün böyük dağıntılara səbəb olacaq müharibələrlə müşayiət olunacaq. Azərbaycanın düşmənləri həmin “prinsip” əsasında dünyanı inandırmağa çalışırlar ki, guya məhz öz müqəddəratının təyin edilməsinə əsasən saxta rejimi yaradıblar. Təəssüf  doğuran odur ki, saxta yaradılan qeyri-qanuni rejimlərə elə həmin Amerikada, Avropada, dünyanın başqa yerlərində dəstək olanlar da var. Gəlib-gedənlər var. 
Amerika Prezidentinin sərhədlərin öz müqəddəratını təyin etmə adı altında pozulmasının yolverilməz olduğunu birmənalı şəkildə bəyan etməsi müsbət qiymətləndirilməlidir.  Bu dediyim həmin məntiqin böyük ölkənin başçısı tərəfindən dilə gətirilən olduqca zəruri bir tezisidir. Saxta prinsiplər əsasında sərhədləri dəyişdirmək olmaz. Bu mənada Trampın dedikləri ölkəmizin işinə yarayan bir bəyanatdır. Amma məsələ ondadır ki, gerçəkdən bu prinsipə dəstək olaraq dünyada istənilən dövlətin sərhədinin dəyişdirilməsinin qarşısını almaq üçün real işlər görülməlidir.  Amma bunu görmürük. Yenə də böyük dövlətlərin başı öz maraqlarına qarışıb. Özü də hamı özünü haqlı hesab edir. Bir halda saxta rejimlərin yaradılması böyük dövlətlərin mənafeyinə toxunursa, qeyri-qanuni hesab olunur. Başqa bir halda isə belə rejimlərin olmasına don geyindirirlər. Bu iki prinsipə əsaslanaraq gedən proses hazırda böyük bir qarşıdurmadır. Ermənilər çalışır ki, müqəddəratın təyin edilməsini dövlətlərin ərazi bütövlüyünün pozulmamasından üstün tutsunlar. Onlar həmin prinsipin olduğu beynəlxalq sənədi özləri bildiyi kimi izah etməyə çalışır. Qeyri-qanuni rejimlərin ayaqda durmasına konkret işlərlə kömək göstərilirsə, bunun özü də onlara dəstək və həmin prinsiplərin pozulmasıdır. 
İndi dünyada baş verən proseslər artıq heç kəsi təəccübləndirməməlidir. Belə bir şəraitdə müstəqil dövləti qurmaq, pozulmuş ərazi bütövlüyünü bərpa etmək vəzifəsi olduqca çətindir. Bu mənada Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin çıxışını parlaq çıxış adlandırmaq olar. O, çıxışında birbaşa mətləbə keçərək əvvəldən sona qədər üzləşdiyimiz problemin mahiyyətini olduqca əsaslı göstərməklə yanaşı, xüsusi vurğu ilə qeyd etdi ki, bu cür problemin olmasına və onun həllinə münasibətdə dünyada ikili standartlar olmasına baxmayaraq, Azərbaycan dünya və regiona fayda gətirən olduqca əhəmiyyətli və vacib bir dövlətə çevrilib. Bu mənada Prezidentin çıxışı dövlətlərin ərazi bütövlüyünün pozulmasını istəməyən ictimai rəydə çox yüksək qiymətləndirilib. Bunu ermənilərin reaksiyasından da görmək olar. Artıq bilmirlər nəyə əl atsınlar. Ermənistan və saxta rejim başqa regional güc hesabına yaşayır. Biz deyəndə ki, Ermənistan boşalır, bildirirdilər ki, bunu siz deyirsiniz. Amma indi Ermənistan vətəndaşları özləri də bunu təsdiq edir, ölkələrinin gələcəyinin olmadığını bəyan edirlər. Çünki Ermənistan təcavüzkar davranış və siyasətilə özünü uçuruma aparır. Dünya da anlamalıdır ki, öz müqəddəratını təyin etmə saxta prinsipinə dominantlıq veriləcəksə, bu, bəşəriyyətdə anarxiyaya, müharibəyə gətirib çıxaracaq. Bu mənada ABŞ Prezidentinin sözügedən fikri beynəlxalq tribunadan səsləndirməsini faydalı hesab edirəm”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz