Əlaqə Arxiv
news Image
2017.09.23
09:00
| A A A
Ermənistanı yeni aprel dərsləri gözləyir
İlqar Vəlizadə: “Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi ucbatından ötən ilin aprel hadisələri təkrarlana bilər” Məhəmməd Əsədullzadə: “BMT tribunasından münaqişənin həlli istiqamətində verilən mesajlar bir daha göstərir ki, münaqişə dondurulmayıb, istənilən zaman alovlana bilər”

Ermənistana bu dəfə ən yüksək tribunadan xəbərdarlıq olundu. BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən Prezident  İlham Əliyev işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa, Azərbaycan Ordusunun 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacağını bildirdi. 

Eyni zamanda həmin tribunadan Türkiyə prezidenti səviyyəsində də Qarabağ məsələsinə toxunulması erməni tərəfini narahat etməyə bilməz. Politoloqların fikrincə, düşmən tərəfi bu açıqlamardan mesaj alıb. Erməni rəsmilərinin son bir neçə gündür ardıcıl açıqlamalar verməsi də ondan xəbər verir. Ancaq siyasilərin sözlərinə görə, bütün bu söz savaşına baxmayaraq, real mənzərinin dəyişməsi yenə də silahdan keçir. 
Politoloq İlqar Vəlizadə bildirdi ki, erməni tərəfindən baş qərargah səviyyəsində açıqlama yayıldı: “Bu da xarici işlər naziri Edvard Nalbadyanın çıxışına cavab olaraq yayılmışdı ki, biz heç bir torpaqları vermək niyyətində deyilik. Hətta Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general-leytenant Movses Akopyan müdafiə sistemini bərkitmək üçün əlavə torpaq iddiası ilə çıxış etmişdi. Bu da onu deməyə əsas verir ki, Ermənistan tərəfi konstruktiv danışıqlara meyl göstərmir, hətta müharibəyə hazırlaşır. Eyni zamanda yeni torpaqların işğalı ilə bağlı planlar hazırlayır”.
Politoloq əlavə etdi ki, BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin görüşünü gözləyirdik: “Ancaq görüş baş tutmadı. Həmçinin həmsədrlərin prezidentlərlə görüşəcəyi gözlənilirdi. Bu da olmadı. Yəni, göründüyü kimi, danışıqlar prosesində vəziyyət gərgindir. Hətta danışıqların dondurulduğunu demək olar. Əks halda diqqətçəkən açıqlamalar eşidərdik. Ona görə də bütün əlamətlər aprel döyüşlərinin yenidən təkrarlana biləcəyini göstərir. Ermənistan tərəfi işğal olunmuş ərazilərdə təlimlər keçirir. Azərbaycan müdafiə naziri də vəziyyətin təhlili ilə bağlı generallarla müşavirə keçirib. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi ucbatından ötən ilin aprel hadisələri təkrarlana bilər”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullzadə bildirdi ki, BMT-nin Baş Məclisinin 72-ci sessiyasınada Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə bəyanatları, Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistana ciddi bir mesaj kimi dəyərləndirilməlidir: “Artıq BMT tribunasından münaqişənin həlli istiqamətində verilən mesajlar bir daha göstərir ki, münaqişə dondurulmayıb, istənilən zaman alovlana bilər. Məhz İlham Əliyevin bəyanatı buna  həsr olunmuşdu. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazla, xüsusui ilə də Qarabağla bağlı narahatlıq ifadə etməsi, Azərbaycana verilən dəstək olmaqla yanaşı, konfliktin dondurlmadığını göstərir. Türkiyə və Azərbaycanın yekdil mövqeyi nəticəsində artıq Qarabağ münaqişəsi bağlı BMT-də səsvermə keçiriləcək. Əlbəttə ki, Prezidentin Ermənistana verdiyi mesajlar ciddi əhəmiyyət daşıyır. Ermənistan “aprel müharibəsi”ndən nəticə çıxartmalı və substantiv danışıqlara başlamalıdır. Hazırda danışıqlar prosesində ciddi irəliləyiş olmadığından bu, istənilən vəziyyətdə cəbhədə gərginliyin artaması ilə nəticələnə bilər. Azərbaycan Ordusunun geniş hərbi təlimləri məhz konflikt ətrafında cərəyan edən hadisələrlə bağlıdır və rəsmi İrəvana bir mesajdır”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz