Əlaqə Arxiv
news Image
2017.09.26
08:00
| A A A
Xaricdən gələn sifarişlə keçirilən mitinq
Mais Səfərli: “Milli Şuranın aksiyası Qərbdəki havadarlarının xoşuna gəlmək, özlərini onlara göstərmək məqsədi daşıyan bir mitinq olub” Məmməd Əlizadə: “Müxalifətin bütün aksiyaları kimi son tədbirləri də məhz xaricdən gələn sifarişlə baş tutub”

Radikal müxalifətin son mitinqi də ciddi fiasko ilə nəticələndi. Yenə də müxalifətin təşkil etdiyi aksiyaya cəmiyyətdə ciddi dəstək verən olmadı. Son illər keçirdikləri əvvəlki mitinqlərdə olduğu kimi Milli Şuranın təşkil etdiyi bu mitinq də sönüklüyü ilə yadda qaldı. Proseslərin gedişi onu deməyə əsas verir ki, radikal müxalifət nə qədər cəhd etsə də, cəmiyyətdə, ictimaiyyət arasında özünə tərəfdaş, dəstək qazana bilmir. 

Dəfələrlə vurğulanıb ki, radikal müxalifətin keçirdiyi mitinqlər xarici sifarişlərin nəticəsidir. Milli Şuranın son aksiyasında digər bayraqlarla yanaşı, Avropa İttifaqının bayrağının qaldırılması da istər-istəməz belə düşünməyə əsas verir.  Bu mənada iddialar səslənir ki, Milli Şuranın son mitinqi də məhz xaricdən gələn sifariş əsasında baş tutub. Nədən radlikallar hələ də xaricilərə xidmətdən əl çəkmirlər?
Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə cəmiyyətin dəstəyini ala bilmədiklərinin nəticəsidir ki, müxalifətin mtinqləri hər dəfə fiaskoya uğrayır: “Milli Şura adlanan bir qurumun təkcə mitinqi deyil, bütövlükdə fəaliyyəti çoxdan fiaskoya uğrayıb. Onların cəmiyyətdə heç bir dəstəyi yoxdur. Üzvlərinin sayı getdikcə azalır. 
Milli Şura deyilən qurum da əslində, ancaq AXCP-dən ibarətdir. AXCP-nin də hansı gücdə olduğunu hər birimiz gözəl bilirik. Bu partiyanın heç qərargahı yoxdur. Onların zəif olmasının səbəbini də öz fəaliyyətsizliklərində axtarmaq lazımdır. Bu qurum islahatlardan belə qaçır. Vaxtilə Azərbaycanın milli azadlığı uğrunda mübarizə aparan təşkilatın varisi fəaliyyətsizliyi, yeni dövrə uyğunlaşa, islahatlar apara bilməməsi və avtoritarizmə yuvarlanması nəticəsində cəmiyyətə yeni mesaj və proqramlar təqdim edə bilmədi. Nəticədə də xalqın dəstəyindən məhrum oldu. 
Uzun illərdir ki, təşkilat öz tərəfdarlarını itirə-itirə gəlir. Bütün seçkiləri də uduzublar. Belədə çoxdandır ki, AXCP fiaskoya uğrayıb. Bundan sonra keçirəcəkləri tədbirlər də bu günə qədər olanlar kimi uğursuzluqla nəticələnəcək. Adətən keçirilən kütləvi aksiyalar sosial sifariş nəticəsində baş verir. Yəni, cəmiyyətin istəyinin nəticəsi olaraq partiyalar kütləvi aksiyalara start verirlər. Məhz cəmiyyətin istəyilə baş turan mitinqlər kütləvi olması ilə seçilir. Amma gördüyümüz kimi, Milli Şuranın keçirdiyi aksiya üçün heç bir sosial sifariş yox idi. Bu səbəbdən də mitinqlərinə cüzi sayda adam gəlir. Radikal müxalifətin qaldırdığı məsələləri Azərbaycan Prezidenti İlham Əliyev bu illər ərzində addım-addım uğurla həyata keçirib. Bu fonda ola bilsin, Milli Şuranın bu aksiyası Qərbdəki havadarlarının xoşuna gəlmək, özlərini onlara göstərmək məqsədi daşıyan bir mitinq olub. 
Azərbaycan cəmiyyətində etirazçı qüvvələri sayı olduqca azdır. Çünki etiraz etməyə səbəb olan bir məsələ yoxdur. Dövlətimizin qarşısında duran problemləri Azərbaycan Prezidenti uğurla aradan qaldırıb. Belə olan təqdirdə kütləvi aksiyaların keçirilməsinə nə ehtiyac var? Təbii ki, cəmiyyət heç zaman belə aksiyaları dəstəkləməyəcək”. 
Politoloq Məmməd Əlizadə də qeyd etdi ki, radikal müxalifət öz səhv siyasəti üzündən cəmiyyətdəki dəstəyini tamamilə itirib: “Hər bir siyasi təşkilat, fərdlər qanuna müvafiq olaraq mitinq, nümayiş və digər kütləvi aksiyalar təşkil etmək hüququna malikdir. Amma məsələ ondadır ki, mitinqi təşkil edənlər növbəti belə tədbirlərdə onun daha kütləvi olması qayğısına qalmalıdırlar. Müxalifətin son illər təşkil etdiyi aksiyaları isə heç bir halda kütləvi adlandırmaq olmaz. Çünki bu mitinqlərə az sayda insan gəlir. Bu da ondan irəli gəlir ki, radikal müxalifət cəmiyyətə onları maraqlandıran mesajları verə bilmirlər. Nəticədə ictimaiyyət onlara dəstək olmur. 
Cəmiyyət Azərbaycan hakimiyyətinin onların mövcud problemlərini uğurla aradan qaldırdığını görüncə, iqtidara inamını daha da artırır. Müxalifət isə problemlərdən çıxış yolları deyil, ölkədə vəziyyəti qarışdırmağı, gərginlik yaratmağı qarşıya məqsəd qoyan addımlar atır. Bu fonda da sözsüz ki, ölkə əhalisi onlara dəstək olmayacaq. Nəticədə də müxalifət sosial bazasını tamamilə itirmək dərəcəsinə qədər enib. Digər tərəfdən, ölkədə fəaliyyət göstərən hər bir siyasi təşkilat ancaq və ancaq dövlət maraqlarından çıxış etməlidir. Lakin radikal müxalifət əksər hallarda xaricdəki hamilərinin sifarişlərini icra etməklə dövlət maraqlarına zidd hərəkət etdiklərini ortaya qoymuş olur. Onların bütün aksiyaları kimi son tədbirləri də məhz xaricdən gələn sifarişlə baş tutub. Proses onu deməyə əsas verir ki, radikallar maddi maraqlarını dövlətçilik maraqlarından üstün tutaraq, xaricilərə xidmət etməkdə davam edirlər. Amma onlar xarici dəstəklə də heç nəyə nail ola bilməyəcəklər.  Çünki Azərbaycan xalqı İlham Əliyevin ətrafında sıx birləşib. Bu da ondan irəli gəlir ki, Prezidentin bütün fəaliyyəti məhz xalqın rifah halının daha da yüksəlməsinə yönəlib. Bu istiqamətdə də ildən-ilə daha böyük uğurlar qazanılır. Ona görə də cəmiyyətimiz radikal müxalifətin pafoslu çıxışlarının arxasınca getmir və getməyəcək”. 
R. SULTANOV  

Sizin Reklam Yeriniz