Əlaqə Arxiv
news Image
2017.09.26
09:30
| A A A
Yaxın Şərqdə yeni xaos
Elşən Manafov: “İraq Kürdüstanında baş verən referendum hərəkatı bölgədə separatizm hallarının daha da güclənməsinə rəvac verə bilər” Vüqar Zifəroğlu: “Hər şeyi referendumdan sonrakı proseslər həll edəcək”

İraqda separatizm özünün kulminasiya nöqtəsinə çatdı. Belə ki, bu ölkədə yaşayan kürdlər özlərinin müstəqil dövlət olması ilə bağlı referendum keçirdilər. Görəsən, İraq Kürdüstanında baş verən bu hadisə barıt çəlləyinə bənzəyən Yaxın Şərqdə növbəti nə kimi təlatümlərə, dağıntılara  rəvac verə bilər?  

Politoloq Elşən Manafov bildirdi ki, İraq Kürdüstanında baş verən referendum hərəkatı bölgədə separatizm hallarının daha da güclənməsinə rəvac verə bilər: “İraq Kürdüstanında müstəqilliklə bağlı referendumun keçirilməsi təbii ki, beynəlxalq güclərlə razılaşdırılmış, onların həm də Kürdüstan liderlərinin maraqlarına cavab verən bir siyasi layihədir. Referendumun doğura biləcəyi problemlər Yaxın və Orta Şərqin regional təhlükəsizliyilə bağlı məsələlərdə gərginliyin yüksələn xətlə artmasına səbəb olacaq. Baxmayaraq ki, region dövlətlətləri, Türkiyə, İran, həmçinin İraq məhkəməsi onun qeyri-qanuni olduğunu bəyan edib, Məsud Bərzani hökuməti istənilən halda onu keçirəcəklərini bildirmişdi və ona da nail oldular. 
Bu, bir daha onu göstərir ki, bölgədə ciddi geosiyasi maraqları olan ABŞ regionun mövcud dövlətlərinin sərhədlərinin dəyişdirilməsində, separatizmin baş alıb getməsində, hətta NATO üzrə müttəfiq Türkiyənin Rəcəb Tayyip Ərdoğan hökuməti üçün ciddi problemlərin yaşanmasında maraqlıdırlar. Bu müddət ərzində Vaşinqton tərəfindən sona qədər referendumla bağlı ciddi narahatlığın ifadə edildiyini müşahidə etmədik. Referendum İraqın ərazi bütövlüyülə bağlı məsələləri ciddi sual altına qoyacaq. Həmin referendum 1926-cı ildə İraq, Türkiyə və Böyük Britaniya arasında əldə olunan sövdələşmənin şərtlərinin də ciddi pozulması deməkdir. Bununla bağlı Ankara öz mövqeyini Britaniyanın diqqətinə çatdırıb. Prosesin bu cür gedişi onu deməyə əsas verir ki, perspektivdə Suriyanın parçalanması gündəmdədir. İraqla Suriyanın parçalanmasından sonra da “Anakonda əməliyyatı”  fonunda növbəti hədəf İraq, ardınca Rusiya və Çindir. Təəssüf ki, artıq ox yaydan çıxıb. Oxun yaydan çıxmasına görə də bütün məsuliyyət referendumun keçirilməsinə ümumən susan beynəlxalq güclərin üzərinə düşəcək”.   
Siyasi icmalçı Vüqar Zifəroğlu İraq Kürdüstanında referendumun Yaxın Şərqdə hansı proseslərə gətirib çıxaracağını bilmək üçün referendumun keçirilməsinin sabahısı günü gözləməyi məsləhət gördü: “İlk növbədə ona baxmaq lazımdır ki, referendumun nəticələrilə bağlı qərarlılıq nə dərəcədə qüvvəyə minəcək. Yəni sentyabrın 25-də keçirilən referendum nəticəsində 26 sentyabrda yeni bir dövlətin yaranması elan ediləcək, ya yox. Bu, çox önəmli bir məsələdir. Dəfələrlə qeyd etmişəm, 25 sentyabrda keçirilən referendumun nəticəsi hələ sabahı gün Kürdüstan dövlətinin yaranması anlamını ehtiva etməz. Bununla bağlı İraq Kürdüstanı baş nazirinin də açıqlaması olub və o qeyd edib ki, referendumun nəticəsi hələ o deyil ki, sentyabrın 26-da dərhal Kürdüstan dövlətini elan edəcəklər. O, eyni zamanda, Türkiyəyə də şükranlığını bildirib və problemin sadəcə olaraq, Bağdadla münasibətlərdən qaynaqlandığını dilə gətirib. 
Referendumdan istədikləri nəticəni alacaqlar. Amma nəticənin özünün hüquqi müstəvidə elan edilməsi və təsbit olunması indiki məqamda olmayacaq. Müəyyən müddətə həmin proses təxirə salınacaq. 
Bölgə dövlətlərinin bu məsələdə kəskin mövqeyinə görə bir qədər korrektə etməyə məcbur olan Qərb Kürdüstan adlı dövlətin elan edilməsinin daha çox ertələnməsinin tərəfdarıdır. Bununla bağlı, ABŞ və Avropa rəsmilərinin açıqlamaları da oldu. Bu mənada hər şeyi referendumdan sonrakı proseslər həll edəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz