news Image
2017.10.04
09:14
| A A A
Azərbaycanda qazanılan pullardan Azərbaycan elminə hələ də mükafat çatmır
Vaqif Abışov: “Alimlərinin bu günə qədər Nobel mükafatına layiq görülməmələri düşündürücü məsələdir” Əjdər Ağayev: “Nobel mükafatına sahib olmaq üçün müxtəlif tələb və şərtlərə cavab vermək lazımdır”

Bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Onların üçü də ABŞ-dandır və yerli universitetlərdə işləyirlər. Onlar insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər. ABŞ alimləri Rayner Vays, Barri Bariş və Kip Torn isə fizika sahəsi üzrə Nobel mükafatına layiq görülüblər. onlar kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.0020Bu ideyanı ilk dəfə 1916-cı ildə Albert Eynşteyn irəli sürüb.  Oktyabrın 4-də kimya, oktyabrın 9-da isə iqtisadiyyat sahələrində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq. Amma hələ də Nobel mükafatı alanlar sırasında Azərbaycan alimləri yoxdur.

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışovun fikrincə, Nobel mükafatı alanlar içərisində Azərbaycan alimlərinin də adının olması üçün ölkə daxilində təhsilin səviyyəsi daha yüksək həddə qaldırılmalıdır: “Həqiqətən də Azərbaycan alimlərinin bu günə qədər Nobel mükafatına layiq görülməmələri düşündürücü məsələdir. Azərbaycan alimlərinin Nobel mükafatına layiq görülməsi məsələsi ölkə elmimizi hazırda düşündürən ən vacib sahələrdəndir. 1991-ci ildən üzü bəri olan dövrdə bu məsələ elm adamlarımızı düşündürür. Bu istiqamətdə elmi potensiala, maddi vəsaitə, xammal materialına malik ölkəyik. 
Nəhəng, qocaman, böyük elmi akademiyamız var. Burada alimlərimiz elmi araşdırmalarla məşğuldurlar. O cümlədən, ölkəmizin iqtisadi gücü də alimlərimizin Nobel mükafatı almalarına imkan verən həddədir. Elmi sahəyə dövlət qayğısının daha da artırılmasına, dərin düşüncə sahiblərinin Azərbaycanda qalaraq potensiallarını Vətən və xalq üçün istifadə etmələrinə şərait yaradılmalıdır. Yəni, alimlərimizin Nobel mükafatı almasına yardım etmək üçün fikrimcə, birinci amil məhz yuxarıda qeyd etdiklərim olmalıdır. Həmçinin, orta və ali məktəblərdə təhsilin səviyyəsi daha da yüksəldilməlidir. Çünki bünövrə məhz məktəbdən başlayır. Bu sahənin maddi-texniki bazası daha da yaxşılaşdırılmalıdır. Həmin istiqamətdə addımlar atılarsa, yerli alimlərimizin də əli yaxın gələcəkdə Nobel mükafatı almağa çata bilər. Onu əldə etmək üçün ciddi calışmağa ehtiyac vardır”.
Təhsil eksperti Əjdər Ağayev bildirdi ki, Nobel mükafatına sahib olmaq üçün müxtəlif tələb və şərtlərə cavab vermək lazımdır: “Uzun illər bildiyiniz kimi, Azərbaycan sovet imperiyası tərkibində olub. Həmin illərdə dünyaya elmi təqdimatlar da rus dili vasitəsilə mərkəz, yəni Moskva vasitəsilə həyata keçirilib. Belə olan şəraitdə də ancaq rusiyalı alimlər təqdim olunurdu. Buna baxmayaraq, sovet dönəmində rusiyalı alimlərdən də heç kim Nobel mükafatına layiq görülməyib. Amma xaricdə yaşayan rus alimləri bu mükafata layiq görülüblər. Yəni, bunu deməklə onu bildirmək istəyirəm ki, Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlətdir. Ona görə də inkişafın gedişində gələcəkdə Nobel mükafatı alanlar arasında azərbaycanlı alimlərin ola biləcəyini də görə bilərik. 
Bu gün gənc və orta yaşlı alimlərimiz arasında mükəmməl şəkildə ingilis dinini bilənlər var. Çünki Nobel mükafatı almağın şərtlərindən biri ingilis dilində mükəmməl yaza bilmək qabiliyyətidir. Lütfi  Zadənin yetirmələri də var. Lakin Nobel mükafatının verilməsində müəyyən şərtlər var. 
Zaman-zaman Azərbaycan alimləri də həmin mükafatı almaq üçün lazım olan tələblərə cavab verəcəklər. Əsas məsələ ixtiranın dünya miqyaslı olmasıdır. İkincisi kəşfin sahibinin milli kimliyindən tutmuş, əqidə, amal kimliyi məsələsidir. Digər tərəfdən, həmin mükafatı alan əsasən xarici ölkə laboratoriyalarında işləməlidir. Görkəmli alimlər Azərbaycanda indi də var. Sadəcə, onların təbliği, dünyaya çatdırılması lazımdır. Xüsusən də ingilis dilində mükəmməl biliyə malik olması vacibdir. İdman və mədəniyyət sahəsində ciddi uğurlara imza atmışıq. Elmimizi də bu səviyyəyə qaldırmalıyıq ki, tanınaq. Təbliğat olacaqsa, elmə də maraq yaranacaq. Onu da qeyd edim ki, Nobelin qazandığı vəsait büsbütün Azərbaycan neftindən gələn pullardır”. 
 

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs