news Image
2017.10.04
09:38
| A A A
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri gücləndirilir

Son 14 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı, əmək bazarının canlanması, habelə turizm infrastrukturunun müasirləşdirilməsi respublikada miqrasiya proseslərinin idarə olunmasında çevik üsul və vasitələrin tətbiqini, habelə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini obyektiv zərurətə çevirmişdir. Xatırlatmaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarında hazırkı iqtisadi inkişaf mərhələsi üçün aktual bir mühüm məsələyə – miqrasiya proseslərinin tənzimlənməsinə, sosial-iqtisadi amillərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına da geniş yer ayrılmışdır. 

Regional inkişaf proqramlarında miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması; miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin, cəmiyyətin mənafelərinin nəzərə alınması; miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması; miqrantların hüquqlarının müdafiəsi; qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi vacib məsələlər yer almışdır. Ötən illərdə dövlət proqramının uğurla icrası nəticəsində bölgələrin proporsional inkişafı təmin olunmuş, iri şəhərlərə kütləvi axının – urbanizasiya proseslərinin qarşısı, demək olar ki, alınmış, daxili və xarici miqrasiyanın tənzimlənməsi sahəsində müsbət nəticələr əldə edilmişdir. 
Ümumiyyətlə, müasir dövrdə hər bir dövlətin milli təhlükəsizlik maraqlarının qorunması zərurəti bir sıra mühüm amillərlə yanaşı, miqrasiya proseslərinin sivil tənzimlənməsi zərurətini aktuallaşdırır. Qloballaşma prosesləri ilə bağlı dövlətlər arasında faktiki sərhədlərin tədricən aradan qalxması, transmilli korporasiyaların nüfuz dairəsinin durmadan genişlənməsi, dünya iqtisadiyyatının universallaşması, həyat tərzi və davranışların «vahid standartları»nın yaranması, istehsal, istehlak və ticarətin unifikasiyası şəraitində miqrasiya problemləri də qlobal səciyyə daşıyır. XXI əsrin başlanğıcında dövlətlərin bir-biri ilə siyasi, sosial-iqtisadi, mədəni əlaqələrinin, xarici tiracət əlaqələrinin genişlənməsi dünya əmək bazarında çeşidli problemlərlə müşayiət olunur. Belə şəraitdə inkişaf etmiş, habelə sürətlə inkişaf yolunda olan dövlətlər miqrasiya proseslərinin daha ciddi təsir və təhdidlərinə məruz qalırlar. İnkişaf səviyyələrində özünü kəskin göstərən fərqlər – bəzi ölkələrdə əmək bazarlarının daha cəlbedici olması, əməkhaqqının yüksək səviyyəsi, biznes mühitinin liberallığı, azad iqtisadi zonaların mövcudluğu və digər amillər miqrasiya proseslərini stimullaşdırır. Yəni öz ölkəsində münasib iş tapa bilməyən, sosial cəhətdən təmin olunmayan, yaşayış səviyyəsi aşağı insanlar çıxış yolunu başqa ölkələrə miqrasiya etməkdə görürlər. Eyni zamanda milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər də insanların bir ölkədən digərinə kütləvi şəkildə miqrasiyasına səbəb olur. 
Xatırlatmaq lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual problemlərindən biri kimi gündəliyə gəlsə də, bu istiqamətdə ilk praktiki addımlar yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra atılmışdır. Azərbaycanın müharibə şəraitində yaşamasını, 1 milyondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarından digərgin düşməsini, o cümlədən respublikanın əlverişli coğrafi-siyasi məkanda yerləşməsini, əhəmiyyətli tranzit-kommunikasiya imkanlarını nəzərə alan böyük strateq Heydər Əliyev daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlər həyata keçirmişdir. Bu mərhələdən ölkənin gələcəyi ilə bağlı ziddiyyətli fikirlərin, narahatlıqların və təhlükələrin aradan qalxması, yaşayış üçün yeni perspektivlərin açılması xarici ölkələrə miqrasiya prosesinin qarşısını almış, eyni zamanda əvvəlki illərdə Azərbaycandan köçüb getməyə məcbur olan vətəndaşlar, o cümlədən milli azlıqların nümayəndələri tədricən geriyə qayıtmışlar. 
İctimai-siyasi, iqtisadi sabitliyin təmin olunması, habelə hərtərəfli inkişafda lokomotiv rolunu oynayan «Əsrin müqaviləsi»nin imzalanması respublikaya xarici investisiya axınının sürətlənməsinə, əlverişli biznes və sərmayə mühitinin formalaşmasına təkan vermiş, yerli əmək bazarının inkişaf etməsi, yeni iş yerlərinin açılması xüsusən də əmək miqrantlarının respublikamıza marağını gücləndirmişdir. Həmin dövrdə modern texnogiyalarla işləyən bilən yerli kadrların yoxluğu, habelə onların təcrübəsinin qənaətbəxş səviyyədə olmaması nəzərə alınaraq əcnəbi mütəxəssislərin ölkəyə gəlməsinə liberal yanaşılırdı. Bununla belə, əcnəbi əmək miqrantlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata düşməsi, ölkə qanunlarına riayət etməsinə diqqət artırılmış, daxili işlər, milli təhlükəsizlik, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin tərkibində bu işlə məşğul olan xüsusi qurumlar yaradılmışdı. Dövlət sərhəd xidməti və gömrük orqanları da ölkəyə qeyri-qanuni miqrantların daxil olmasına qarşı mübarizə aparan qurumlar sırasında idi. Həyata keçirilən kompleks tədbirlər nəticəsində uzun illər ərzində ölkəyə miqrantların daxil olması yerli əmək bazarının tələbinə uyğunlaşdırıldı, qeyri-leqal miqrasiya proseslərin qarşı effektiv mübarizə tədbirləri həyata keçirildi. 
Son illərdə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi Azərbaycan Respublikasında miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. Eyni zamanda ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydasında keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə cəhd edən, yaxud qanuni əsaslar olmadan daimi yaşamağa cəhd göstərən əcnəbilərin sayı getdikcə artır. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir. 
Bütün bu reallıqları nəzərə alan Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından son dərəcə vacib hesab edən, daxili əmək bazarının qorunması zərurətini önə çəkən dövlət başçısı demişdir: «İndi sirr deyil ki, Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən tikintidə işləmək üçün xaricdən işçi qüvvəsi daxil olur. Yəqin xatırlayırsınız, mən təxminən bir il, bəlkə, bundan da əvvəl bu məsələyə toxunaraq demişdim ki, biz gələcəkdə miqrasiya məsələlərinə ciddi fikir verməliyik. Çünki mən görürdüm ki, bu vaxt gələcək. Azərbaycanda aparılan islahatlar, icra olunan layihələr, bütövlükdə bizim iqtisadi inkişafımız, neft satışından əldə ediləcək gəlirlərimiz artıq göstərirdi ki, bu vaxt gələcək və vaxtında biz Dövlət Miqrasiya Xidmətini yaratdıq. İndi elə etməliyik ki, Azərbaycana işləməyə gələn xarici işçi qüvvəsi yerli vətəndaşların iş yerlərini almasınlar, onlara rəqabət yaratmasınlar. Eyni zamanda, Azərbaycanda özlərini bizim adət-ənənələrimizə uyğun şəkildə aparsınlar, qanunlara uyğun şəkildə aparsınlar. Dövlət bu sahədə siyasətini çox ciddi tənzimləməlidir». 
Prezident İlham Əliyev iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanda miqrasiya sahəsində kompleks tədbirlər sisteminin həyata keçirilməsini; miqrasiya proseslərinin daha səmərəli üsul və vasitələrlə, vahid dövlət orqanı tərəfindən tənzimlənməsini; qeydiyyat üçün tələb olunan prosedurların sadələşdirilməsini; qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsini; əmək ehtiyatlarından, miqrantların intellektual və əmək potensialından səmərəli istifadə edilməsini; tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasını; insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasını son dərəcə vacib sayır. 
Dövlət başçısı bu istiqamətlə ilk mühüm addımlarından biri kimi hələ 2006-cı il 25 iyul tarixdə «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı haqqında» sərəncam imzalamışdır. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və digər mühüm məsələlər yer almışdır. 

Samir Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə dəstəyi çərçivəsində çap olunub