Əlaqə Arxiv
news Image
2017.10.04
09:46
| A A A
Qeyri-leqal yolla müxalifətə axan pullar
HESABAT verməyən siyasi partiyalarla bağlı daha sərt tədbirlər görülməsi aktuallaşır

Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir. Bunu deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında deyib.

S.Novruzov bildirib ki, bu məsələ ilə bağlı "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməlidir: "Bu məsələni bir neçə dəfə qaldırmışam. Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir. Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər". 
Qeyd edək ki, baş prokuror Zakir Qaralov da eyni mövzuda açıqlama verərib: “Dəfələrlə bəyan etmişəm ki, özlərini müxalifət adlandıran qeyri-hökumət təşkilatları, müxtəlif qəzetlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Öz fəaliyyətlərində istər vergi, istərsə də gömrük qanunvericiliyinin tələblərini pozmalı deyillər. Müxalifət, qeyri-hökumət təşkilatları öz xarici havadarlarından ölkə daxilində pul ala bilmədiklərindən həmin pulu digər ölkələrdə əldə edərək Azərbaycana gətirmək istəyirlər. Biz də bunun qarşısını alırıq".
Siyasilərin fikrincə, artıq maliyyə mənbələrini gizlədən radikal müxaliflərə qarşı hüquqi müstəvidə zəruri addımlar atmaq vaxtı çatıb. Hətta fəaliyyətlərinin dayandırılması təklif olunur. Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Azərbaycan qanunverciliyinə görə, siyasi partiyalar xaricdən maliyyələşə bilməz: “Bütün demokratik-hüquqi dövlətlərdə belədir. Məqsəd ondan ibarətdir ki, xaricdə anti-Azərbaycan qüvvələrin buradakı siyasi partiyları maliyyələşdirməsinin qarşısı alınsın. Nəzərə alaq ki, siyasi partiyalar hakimiyyətə gəlmək üçündür. 
Xaricdən maliyyə asılılığı olan istənilən partiya hakimiyyətə gələrsə, dövlətin müstəqilliyinin satılması deməkdir. Ona görə də bu, dövlətçilik üçün çox təhlükəli məsələdir. Odur ki, qanunverciliyin bu istiqamətdə hər zaman təkmilləşməsinə ehtiyac var. Nəzərə alaq ki, bu gün dünyada terrorçu təşkilatlar peyda olub. Həmçinin, Azərbaycanı sevməyən müəyyən qüvvələr var. Onlar da Azərbaycanın müstəqilliyinə təhdid yaradırlar. Həmin qüvvələrin Azərbaycanda hansısa siyasi təkşkilatı maliyyələşdirməsi, onu öz orbitinə çəkməsi dövlətçiliyimiz baxımından çox təhlükəli amildir. Bu baxımdan da qanunvercilikdə ciddi dəyişiklər edilməlidir”.
Mais Səfərli əlavə etdi ki, radikal müxalifət partiyalarının maliyyə mənbələrini gizlətməsinin səbəbləri var: “Görünür ki, kifayət qədər şübhəli maliyyə qaynaqlarıdır. Ona görə də həmin məlumatları açmaq istəmirlər”. 
Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, radikal müxalif hansı yollarla vəsait topladığını cəmiyyətə açıqlamaq əvəzinə absurd fikirlər səsləndirir: “Ümumiyyətlə, maliyyə hesabatı verməyən siyasi partiyalar bağlanmalıdır. Axı, işlərin hər biri maliyyə vəsaiti tələb edir. 
Heç bir maliyyə vəsaiti olmadığını iddia edən siyasi partiyaların funksionerlərinin evindən bank hesabları, xaricdən gələrkən üzərlərindən külli-miqdarda pul çıxır. Bəs, bu hesablar, pullar onlarda haradandır? Maliyyə hesabatı verməyən radikal müxalifət bu suala cavab verməlidir. Odur ki, “Siyasi partiyalar haqqında” qanunda müəyyən düzəlişlər edilməlidir. Maliyyə hesabatı göstərməyən partiyaların fəaliyyəti dayandırılmalıdır.  Siyasi partiya fəal olmalı, cəmiyyətlə işləməlidir. Sadəcə, partiya möhürünə sahib olmaqla partiya yaratmaq cəmiyyətin başını aldatmaqdır. Cinayətkarın vətəndaşlığı, milliyəti olmur. Qanuna riayət etmək lazımdır». 


Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz