news Image
2017.10.05
09:00
| A A A
Həmsədrlərin yeni səfəri hərb və sülh məsələsinə aydınlıq gətirəcək
Elman Nəsirov: “Münaqişənin uzanması Minsk qrupunun istəmədiyi variantın, yəni müharibənin alovlanmasını aktuallaşdıra bilər” Aydın Ağayev: “Həmsədrləin regiona olacaq bu səfəri “maraqlı” bir dövrə təsadüf edir”

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7-də Bakıya gələcəklər. Həmsədrlər oktyabrın 6-da İrəvanda olacaqlar. 

Qeyd edək ki, artıq həmsədrlərin münaqşəni həll etmək üçün bölgəyə etdikləri səfərlərin sayı belə unudulub. Onlar atəşkəs rejimi elan ediləndən üzü bəri dəfələrlə bölgəyə səfərlər edib, münaqişə tərəflərinin görüşünü təşkil ediblər. Amma bu illər ərzində hansısa nəticə olmayıb.
Aydın məsələdir ki, prosesin bu cür davam etməsi heç bir halda torpaqları işğal altında qalan Azərbaycanı qane etmir və etməyəcək. Bu əsasda da konfliktin digər vasitələrlə həlli məsələsi istər-istəməz aktuallaşır. Çünki danışıqlar yolu ilə konstruktiv mövqeyə gəlməkdən qaçan tərəfin tutduğu bu mövqe müharibə variantının əvvəl-axır önə çıxmasına səbəb olur. Bu fonda indi fikirlər səslənir ki, həmsədrlərin bu görüşü də nəticə verməsə, onda Dağlıq Qarabağda müharibə ehtimalı bir qədər də artacaq. 
Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, indiki situasiyada müharibə ehtimalı hər zaman mövcuddur: “Azərbaycan torpaqları işğal altındadır. Belə olan halda nə qədər ki, dinc danışıqlar yolu ilə münaqişəni həll etmək mümkün olmur, deməli, müharibə ehtimalı hər zaman mövcuddur. Bu amili heç bir zaman nəzərdən qaçırmaq olmaz. İlk növbədə də Ermənistan tərəfi bunu yəqin ki, gözəl bilir. 
Bilirsiniz ki, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə görüşü keçirildi. Bu görüşdən sonra da həmsədrlər ənənəvi bəyanatla çıxış etdilər. Həmin bəyanatın ümumi mahiyyəti ondan ibarətdir ki, həmsədrlər cidd-cəhdlə prezidentlər səviyyəsində görüşə nail olmağa çalışırlar. Bu məqsədlə də regiona səfərlər edirlər. Müəyyən fikirlər səslənir ki, ola bilsin, ilin sonuna qədər prezidentlər səviyyəsində görüş təşkil etmək baş tutsun. 
Onu da unutmamalıyıq ki, Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, bizə məzmunlu, mahiyyəti üzrə danışıqlar lazımdır, danışıqlar naminə danışıqları istəmirik. Ermənistan isə hər dəfə yeni-yeni təxribatlara əl atmaqla danışıqlar prosesini pozmağa çalışıb. Onlar danışıqların olmamasını istəyir. Bu baş verdikdə isə danışıqlarda mahiyyət və predmet üzrə deyil, texniki məsələləri gündəmə gətirirlər. Belədə danışıqların nəticələrini sıfıra endirməyə çalışırlar. Ermənilər indi də bu taktikanı davam etdirir. Onların bu taktikasının dəfələrlə şahidi olmuşuq. Ona görə də həmsədrlər bu günlərdə regiona olacaq səfəri zamanı ilk növbədə xarici işlər nazirlərinin ardınca prezidentlər səviyyəsində də görüşün keçirilməsinə razılıq əldə etmək istəyirlər. Əsas niyyətləri bundan ibarətdir. Hadisələrin gedişatının təhlili onu göstərir ki, hətta prezidentlər səviyyəsində görüş olsa da belə, Ermənistanın mövqeyində müsbətə doğru heç bir dəyişiklik yoxdur. Ermənistan prezidenti BMT-də çıxışında yenə də xalqların öz müqəddəratını təyin etmə hüququndan danışıb. Belədə onlar heç bir halda ərazi bütövlüyü prinsipini qəbul etmək istəmirlər. Bu reallıq fonunda, yəni Serj Sarkisyanın 2017-ci ildə 1988-ci ilin ab-havası fonunda çıxışını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, İrəvandakı xuntanın münaqişə ilə bağlı dünyagörüşündə ötən müddət ərzində heç bir dəyişiklik baş verməyib. Dəyişiklik başqa istiqamətdə gedir. Artıq Ermənistan cəmiyyəti getdikcə daha çox parçalanmaqdadır. Onların əksəriyyəti münaqişənin tezliklə həll olunması və işğaldakı torpaqların Azərbaycana qaytarılmasında israrlıdır. Çünki bilirlər ki, belə olmasa, Ermənistanın heç bir gələcəyi olmayacaq. Amma 25 il öncə Ermənsitanda sözügedən məsələdə monolit mövqe var idi və onlar heç bir güzəştdən danışmırdılar. Bu gün Ermənistan rəhbərliyi güzəştə getməyəcəyi fonunu yaradır. Amma Ermənistan ictimaiyyəti parçalanıb. Əhalinin bir qismi fərqli mövqedən çıxış edir. Eyni zamanda, münaqişənin həll olunmaması səbəbindən Ermənistan gənclərinin xaricə axını daha kütləvi xarakter almağa başlayıb. Ən son məlumatlara görə, hətta İrəvan aeroportunda ciddi bilet qıtlığı yaranıb, hökumət süni şəkildə belə bir vəziyyəti yaradıb. 
Hesab edirəm ki, həmsədrlər bütün bu reallıqların fərqində olmalı, qeyri-substantiv danışıqların nəticə etibarı ilə münaqişənin uzanmasına gətirib çıxardığını anlamalıdırlar. Münaqişənin həll olunmadan uzanması isə Minsk qrupunun istəmədiyi variantın, yəni, müharibənin alovlanmasını aktuallaşdıra bilər. Bu amili gərək həmsədrlər unutmasın”.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə məsələyə diplomatik tərzdə cavab verdi: “Həmsədrləin regiona olacaq bu səfəri “maraqlı” bir dövrə təsadüf edir.  Bir tərəfdən Minsk qrupu formatının dəyişdirilməsilə bağlı ziddiyyətli informasiyalar gedir. Bu informasiyalar yerli və xarici mətbuatda şərh olunur. 
Digər tərəfdən, ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Vigeninin də mətbuatda ünvanına haqlı tənqidlərin səsləndiyi səfəri oldu. Çünki o, Bakıda bir şey danışdı, İrəvanda isə ayrı cümlələri dilə gətirdi.  Sonra da Azərbaycan KİV-lərini ittiham etdi ki, belə deməyib. Bu oyundur, onu çox görmüşük. Belə oyunlar əvvəllər də olub. 
O biri tərəfdən də görürük ki, Minsk qrupunun ayrı-ayrı üzvləri tərəfindən yüksək səviyyəli görüşün təşkil olunması ilə bağlı fikirlər səslənir. Erməni mətbuatı da informasiya məkanını öz “təhlillər”lə doldurur. Belə bir şəraitdə həmsədrlər bölgəyə gələcək. Söhbət yüksək səviyyəli görüşün təşkilindən gedirsə, ziddiyyətli informasiyalar fonunda ona inam demək olar ki, yoxdur. Amma həmsədrlər də çalışır ki, belə bir görüş baş tutsun. Bir tərəfdən, bu, onların işidir. Digər tərəfdən, ünvanlarına çox saylı tənqidlər səsləndiyindən, göstərmək istəyirlər ki,  doğrudan da nəsə edirlər. Azərbaycan ictimai rəyinin onlara münasibəti çox sadədir:  görüş naminə görüşün mənası bizim üçün çoxdan itib. Həmsədrlərin son səfərinin də nəticə verməyəcəyi təqdirdə, müharibə ehtimalının daha da artacağı məsələsinə gəldikdə, məsələni bu cür konkretləşdirməyi indi məqbul hesab etmirəm”.
Rüfət NADİROĞLU