news Image
2017.10.05
09:40
| A A A
Qərb yenə ikiüzlülüyünü göstərdi
Mais Səfərli: “Demokratiyadan dəm vuran Qərb əslində, öz marağı üçün çalışır”

İspaniyanın Kataloniya bölgəsində baş verən hadisələr Qərbin məsələlərə hər zaman ikili standartlarla yanaşmasına bariz nümunə oldu. Həmçinin bu hadisə Qərbin müəyyən dairələrinin ikiüzlü siyasətini ortaya qoydu. Belə ki, İspaniyanın bu bölgəsində keçirilən referendum ərəfəsi və ondan sonra baş verən polis zorakılığı ilə bağlı Madridə hansısa bir irad tutulmur. Madrid həmin hadisələr fonunda Kataloniyada siyasi azadlıqları da müəyyən dərəcədə qapadıb. Həmçinin, ispan polisi dinc Kataloniya əhalisinə qarşı zorakılıq təşkil edərək, 850-dən çox insanın xəsarət almasına bais olub. Lakin bütün bunlara baxmayaraq, beynəlxalq insan haqları təşkilatları, Avropa İttifaqı mənzərəni sakitcə kənardan seyr etməklə kifayətlənərək, susmaqda davam edirlər.   Amma dəfələrlə şahidi olmuşuq ki, Azərbaycana münasibətdə tamam fərqli münasibət sərgilənir. Ölkəmizdə müəyyən siyasi dairələr qanunsuz aksiyalar təşkil edərən hüquq mühafizə orqanları qanun çərçivəsində hərəkət etməklə onun qarşısını alıb. Bu zaman heç xəsarət alan da olmayıb. Azərbaycanda hazırda məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən bir çox özlərini müxalifət adlandıran şəxslər məhz törətdikləri cinayət əməlinə görə qanun qarşısında cavab verməli olublar. Lakin Qərbdə müəyyən dairələr bunu görməməzliyə vuraraq, dərhal hay-küy qaldırır ki, Azərbaycanda insan haqları pozulur. Bu müstəvidə də onlar dövlətimiz əleyhinə kampaniya aparmağa çalışırlar. Bütün bunlar onu deməyə əsas verir ki, sözdə demokratiyadan və qanunun aliliyindən danışan Qərb işdə Azərbaycana gələndə qayda-qanunların bərpa edilməsi istiqamətində atılan və heç kimin xəsarət almadığı addımlara fərqli don geyindirməyə çalışır. 

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, Qərbin Kataloniyada baş verən olaylarla Azərbaycandakı hadisələrə fərqli müstəvidən yanaşması ikili standartlardan qaynaqlanır: “Dünyanın siyasi mənzərəsi gördüyümüz kimi çox qarışıq və təlatümlüdür. Etnik münaqişələr, qarşıdurmalar, müharibələr az qala planetimizin bütün regionlarını başına alıb. Bütün bunların hamısının kökündə bir məsələ dayanır. Beynəlxalq hüquq işləmir. Sülh və əmin-amanlığı təmin etməli olan beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT ikili standartlarla işləyirlər. Əslində, adını çəkdiyim qurumlar orada hakim mövqedə dayanan dövlətlərin əlində bir alətə çevriliblər. 

Heç kəsə sirr deyil ki, BMT hazırda Vaşinqtonun və Təhlükəsizlik Şurasının digər 4 dövlətinin diqtəsilə, onların maraqlarına cavab verən tərzdə  işləyir. Əks təqdirdə, BMT çərçivəsində Qarabağ münaqişəsi də daxil, bir çox konfliktləri həll etmək mümkün olardı. ATƏT də həmçinin Avropanın, xristian dünyasının maraqlarına işləyir. Necə olur ki, hər zaman insan haqlarından dəm vuran Avropa Kataloniyada baş verən hadisələrə göz yumur, ona reaksiya göstərmir? Burada ispan polisi dinc insanları qanına boyayırdı. Barselonanın küçələri qana boyanmışdı. Amma buna baxmayaraq, insan haqlarının müdafiəsi keşiyində dayandıqlarını bəyan edən bu kimi təşkilatlar da susublar. Hələ onu demirəm ki, Avropa Şurası, ATƏT, Avropa İttifaqı da səsini çıxartmır. Amma Azərbaycanda bir qrup siyasilər qanunu pozarkən ona münasibətdə ölçü götürüldükdə, Qərbdəki sözügedən təşkilatlar dərhal ayağa qalxaraq guya ölkəmizdə azadlıqların boğulduğundan dəm vurmağa başlayırlar. Bu hallar onu deməyə əsas verir ki, 
Qərbdə ölkəmizə münasibətdə ikili standartlar hökm sürür. Azərbaycanda qayda-qanunun bərpa edilməsinə söz azadlığının tapdalanması kimi baxdıqları halda, həmin hadisələr özü də qanlı şəkildə Avropanın özündə baş verdikdə isə özlərini görməməzliyə vururlar.  Deməli, demokratiyadan dəm vuran Qərb əslində, öz marağı üçün çalışır. Onların məqsədi beynəlxalq hüququn tələblərini təmin etmək yox, öz maraqlarını təmin etməkdən ibarətdir. Onlar beynəlxalq normalardan özləri üçün yararlanırlar. Beynəlxalq hüquq normalarını özlərinə lazım olduğu tərzdə tətbiq edirlər. Demokratiya və insan hüquqları pərdəsi altında yalnız öz maraqlarının təmin edilməsinə çalışırlar. Bu fonda isə müsəlman, xüsusən də türk dövlətlərinə təzyiq etməyi düşünürlər. 
İkili standartlar olmasaydı, Azərbaycanda da qanunun bərpası istiqamətində atılan addımlara normal yanaşar, buna görə haqsız hay-küy qaldırmazdılar. İkili standartlar olmasaydı, Qarabağ konflikti də çoxdan həll olunardı”. 
Rüfət NADİROĞLU 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs