news Image
2013.03.05
10:20
| A A A
Saakaşvilinin Azərbaycanla bağlı fikirlərinin sadə siyasi blef olduğu üzə çıxır
Zahid Oruc: “Onun bəyanatına öz vəziyyəti və yaşantıları fonunda qiymət vermək lazımdır” Cümşüd Nuriyev: “Bir şeyi dərk etmirlər ki, Azərbaycan iqtidarına olunan qəsd Azərbaycan dövlətinə olan qəsddir!”

Məlumdur ki, ölkəmizdə səfərdə olarkən Gürcüstan prezident Mixail Saakaşvili Tiflisə qayıdan kimi, aeroportda jurnalistlərə sensasion açıqlama verib. O, bildirib ki, Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzədir. Şaakaşvilnini sözlərinə görə, Azərbaycanda Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlayırlar: "Söyün Sadıqov, milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir. Böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşırlar". Amma Gürcüstan prezidentinin bu cür çıxışı Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmadı. Millət vəkili Zahid Oruc bildirir ki, diqqəti, Saakaşvilinin hakimiyyət savaşını uduzmağına cəmləmək lazımdır: "O, siyasi səhnəni tərk etmək mərhələsindədir. Çox ehtimal ki, sonrakı dönəmdə, Gürcüstanda yaşanan dövlətçilik böhranı fonunda keçmiş "narıncı inqilab"çılar yenidən hökuməti ələ ala bilərlər. Amma hazırki gerçəklikdə Saakaşvili və onun siyasi çevrəsini xilas etmək mümkün deyil. Bu mənada onun bəyanatına öz vəziyyəti və yaşantıları fonunda qiymət vermək lazımdır. İkincisi, məxfi məlumatların bölünməsi, mübadilə edilməsi qaydaları var. Əgər həqiqətən də Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarını muxtar qurum səviyyəsinə çatdırması və sonradan həmin soydaşlarımızdan dövlətimiz əleyhinə istifadə etmək niyyətləri varsa, başqa şəkildə Azərbaycan dövlət rəhbərliyinə çatdırılmalıdır. İllər ərzində Gürcüstan rəhbərliyinin və Azərbaycanın da müxtəlif məxfi məlumatların mübadiləsi baş verib. Yəni, bu, birinci dəfə deyil ki? Ancaq məsələ ictimailləşirsə, dövlət başçısı tərəfindən belə bəyanat verilirsə, demək ki, cəmiyyətin də bu məsələyə diqqətini yönəltməklə Azərbaycanı sanki Gürcüstanın apardığı anti – Rusiya savaşına qoşmaq niyyətləri var. Burada milyarderlərin adının çəkilməsi, xüsusi ilə də Vahid Ələkbərovun hökumət əleyhinə prosesi maliyyələşdirən şəxs kimi qələmə verilməsi, hətta mümkündür ki, özünün də dövlət başçısı olma niyyətlərinin biruzə verilməsi daha artıq dərəcədə şişirdilmiş və Azərbaycanı provakasiyaya vadar edə biləcək varinatlardır. Ən azından ona görə ki, sözügedən şəxs "Lukoil"un ilk böyük milyardlarını Azərbaycanla olan müqavilələr hesabına əldə edib. Belə bir insan nə qədər Rusiyanın təsir dairəsində olsa da, Azərbaycan əlehyinə siyasi savaşlara qoşulması mümkün deyil. Təbii ki, o insanlar müstəqil deyillər. Ancaq bu, reallaşarsa da, Vahid Ələkbərovun personası, onun Azərbaycan dilini bilməməsi, hansısa siyasi dayaqlara malik olmamağı və s. həmin şəxsin B. İvanişviliyə çevrilməyə imkan verəməyəcək. Gürcüstandakı layihə birədəfəlikdir. Onu təkrarlamaq, Azərbaycan üzərində ekspriment etmək mümkün deyil. Ona görə də əminəm ki, "Lukoil" və onun digər iqtisadi maliyyə mənbələrinə qarşı hansısa sanksiyalara qədər proseslər gedib çıxmayacaq. Rusiya da bunu bilir ki, hər hansı bir şəxsi xaricdə prezident kimi hazırlayıb ölkəyə "sırımaq", sonradan onun xalqla qarşıdurmasının həlli dururur. Hətta belə olanda Azəbaycan milləti kənardan onu gül – çiçəklə qarşılamaycaq ki?".

Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, bu, daha çox kommersiya məqsədli bir siyasi texnologiyadır: "Saakaşvilinin Gürcüstanda mövqeyi çox zəifdir. Eyni zamanda Gürcüstanda "Qızıl gül" inqilabının lideri olan bir adamın bu qədər ucuzlaşmağını qəbul etmək olmur. Əgər belə bir şey var idisə, bu, Azərbaycanda deyilməli idi. Gedib Tiflisdə deməklə Azərbaycan rəhbərliyini də çox çətinə saldı. Azərbaycan – Rusiya münasibətlərində müəyyən gərginlik olsa da belə, hazırda Prezident İlham Əliyevə olan münasibət tamamilə müsbətdir. İkincisi, Vahid Ələkbərovun nəinki inqilab etmək, ümumiyyətlə, Azərbaycanın işlərinə qarışmağı fikrindən belə keçmir. Bu günə qədər Vahid Ələkbərov heç bir siyasi məsələlərə qarışmayıb. Həm də o, cənab prezidentin ən yaxın dostlarınan biridir. Yəni, xəyanət varinatı istisna olur. Guya Saakaşvili Azərbaycanı və Gürcüstanı xəbərdar etmək istəyib. Amma bunun arxasında erməni xisləti var. Saakaşvilinin bir tərəfi erməni olduğuna görə öz xislətindən əl çəkmir. Saakaşvili İnvanişvili ilə olan problemlərində özünü daha çox millətçi statusunda təqdim edir, eyni zamanda da Azərbaycanın siyasi imicinə ciddi ziyan vurdu. Azərbaycan prezidentinin isə Saakaşvili ilə hansısa bir razılaşmaya getməyə ehtiyacı yoxdur.

Söyün Sadıqovun isə Azərbaycanın sevilməməsi birmənalıdır. Saakaşvili o qədər bədbəxt adamdır ki, belə bir adamın Azərbaycanda dövlət çevrilişi edə biləcəyini gündəmə gətirməklə, onu şərəfləndirir. Əgər bu bəyanat verilməsəydi, Azərbaycan müxalifəti də bu tip sayaqlamalarla gündəmə gəlməzdi. Bir şeyi dərk etmirlər ki, Azərbaycan iqtidarına olunan qəsd Azərbaycan dövlətinə olan qəsddir! Bu gün belə bəyanatların verilməsi Azərbaycan iqtidarına təzyiqdir. Bir növ Saakaşvili Rusiyaya "ayı xidməti" göstərir. Həmçinin Rusiyanın yadına saldı ki, siz Azərbaycanı da qarışdıra bilərsiniz. Rusiyanın isə hazırda elə bir niyyəti yoxdur".