Əlaqə Arxiv
news Image
2017.10.06
08:08
| A A A
Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar iflasa uğrayır
Şahin Camalov : “Azərbaycan bütün belə təzyiqlərə məhəl qoymadan, öz inkişaf tendensiyasını davam etdirməli, iqtisadiyyatını gücləndirməlidir” Arzu Nağıyev: “Bunlar ikili standartlardan yarannmış məsələlərdir”

Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Azərbaycanda demokratik inkişafla bağlı maraqlı məqamlara toxundu, bu sahədə real vəziyyətin necə olduğunu avropalı rəsmilə ixah etdi: « Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik. Daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir».  

Məsələ ilə bağlı İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov bildirdi ki, demokratiya, insan haqları artıq dünyada tamamilə siyasiləşmiş anlayışlara çevrilib: “Bəzi güclü dövlətlər bunlardan alət kimi istifadə edirlər. Azərbaycana qarşı aparılan ikili siyasətin kökündə də məhz güclü dövlətlərin ölkəmizə təziyqləri dayanır. Onlar heç birini Azərbaycanda insan hüquqlarının qorunması, demokratiyanın olub-olmaması maraqlandırmır. 
Azərbaycanın inkişaf tendensiyası özünü qabarıq göstərdikcə, belə təzyiqlər hər zaman artacaq. Bundan başqa, nəzərə alaq ki, 2018-ci ildə Azərbaycanda prezident seçkiləridir. Bu amil də Azərbaycana qarşı təzyiqləri bir qədər gücləndirir. Dünyanın güc mərkəzləri Azərbaycanda siyasi sabitliyin olmasının tərəfdarı deyillər. Onları bu maraqlandırmır. Demokratiya tələb edəndə də fikirləri bu olmur. Azərbaycanın inkişaf etməsinin onlar üçün əhəmiyyəti yoxdur. Ona görə də Azərbaycan bütün belə təzyiqlərə məhəl qoymadan, öz inkişaf tendensiyasını davam etdirməli, iqtisadiyyatını gücləndirməlidir. Unutmayaq ki, təzyiqlər heç zaman azalmayacaq. Ölkəmiz inkişaf etdikcə, bu təzyiqlər daha da artacaq. Lakin hadisələr göz önünüdədir. Ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf var. Bütün bunlar da təzyiqlərin çoxalmasına səbəb olan amillərdəndir”. 
Politoloq Arzu Nağıyev bildirdi ki, bunlar ikili standartlardan yarannmış məsələlərdir: “Azərbaycanda insan haqları tapdalanmır. Azərbaycan demokratiya yolunu götürmüş, Avropa oriyentasiyalı dünyəvi dövlətdir. Lakin bizə qarşı olan qarayaxmalar ilk növbədə erməni lobbisi tərəfindən gəlir. 
İkincisi, Azərbaycanda olan müxalif qüvvələrdir. Avropa başa düşməlidir ki, Azərbaycan onların enerji təhlükəsizliyinə olan təhdidin qarşısını alır. Bu istiqamətdə mühüm işlər aparır. Eyni zamanda suverenliyi pozulmuş bütün dövlətlərin suverenliyini dəstəkləyir. Təbii ki, balanslı siyasət yürüdən dövlətin siyasəti hamını razı sala bilməz. Azərbaycan heç bir hərbi bloka qoşulmayıb. Paralel olaraq da Avropa İttifaqına daxil olan dövlətlərin 10-dan çoxu ilə ikitərəfli əlaqələri var. Bunun müqabilində hər hansısa qurumun Azərbaycana qarşı olan qərəzli mövqeyi ikili standartlardan doğan məsələdir”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz