news Image
2017.10.07
09:30
| A A A
Ermənistana beynəlxalq miqyasda təzyiqlər mexanizmi işə salınır
Fikrət Sadıxov: “Münaqişənin ədalətli şəkildə həll olunması istiqamətində də ermənilərə təzyiq olsa, problemin həlli yolunda müəyyən nəticələr əldə oluna bilər” Asim Mollazadə: “Prosesdə real nəticənin əldə olunması üçün işğalçı ölkəyə sanksiyalar tətbiq olunmalıdır”

Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə bildirdi ki, Ermənistan danışıqlar prosesinə qayıdır.  “Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz”. Bu fikirlərdən aydın görünür ki, danışıqlara qayıtmaq üçün beynəlxalq miqyasda Ermənistaan təzyiqlər olub. İndi danışıqlarda nəticənin əldə olunması üçün bu təzyiqin davamını da gözləmək olarmı? Olarsa, bu münaqişə üçün nə vəd edir?

Politoloq Fikrət Sadıxov qeyd etdi ki, danışıqlar prosesində də nəticə əldə olunması üçün beynəlxalq təşkilatlar Ermənsitana təzyiq göstərməlidir. Bu baş verərsə, konfliktin həlli istiqamətində irəliləyişin baş verdiyini görə bilərik: “Əlbəttə ki, Ermənistana qalsa idi, çalışırdı ki, danışıqları davam etdirməsin. İşğalçı rejim könüllü şəkildə stol arxasına qayıdan deyildi. Onlar bundan sonra da danışıqları boykot etməyə üstünlük verərdilər. Amma görünür, dünya ictimaiyyəti, bir sıra beynəlxalq strukturlar, aparıcı ölkələr Ermənistana danışıqlara qayıtması üçün təzyiqlər göstərib. Onlar başa düşürlər ki, Ermənistan bir sıra məqamlara yenidən nəzər salmalıdırlar. 
Hər halda son zamanlar prosesdə müəyyən canlanma hiss olunur. İnanmaq istərdim ki, Ermənsitana beynəlxalq təşklatlar bundan sonra da təzyiq edəcəklər ki, danışıqlarda nəhayət, konstruktiv nəticə əldə olunsun. Çünki biri var masa arxasna qayıtmaq və danışıqlarda yenidə iştirak etmək. Biri də var Ermənistana beynəlxalq hüquq normalarına əməl etməsi üçün təzyiq göstərilməsi. 
Aparıcı ölkələr tərəfindən Ermənistana münasibətdə bu addımın atılacağını gözləyirik. Münaqişə ədalətli şəkildə həll olunmalıdır. Məhz bu istiqamət üzrə də onlara təzyiq edilsə, problemin həll istiqamətində müəyyən nəticələr əlbəttə ki, əldə oluna bilər”.
Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, Ermənistana danışıqlar prosesinə qayıtmaq üçün təzyiq olsa da, işğal olunmuş torpaqlaqrımızın qaytarılması ilə bağlı onlara təzyiq göstəriləcəyi hələlik gözə dəymir: “Hələlik Ermənistana təzyiqlər onların danışıqlara getməsilə bağlı olub. Bu fonda Ermənistan danışıqlara qayıtmalı olacaq. Amma özləri üçün zəruri bir məqamda yenidən danışıqları pozacaqlar. Ona görə də Ermənistana yönəlik təzyiqlər ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsilə bağlı olmalıdır.Təəssüf edirəm ki, bu yoxdur. 
Beynəlxalq təşkilatlar Ermənistanı yeni oyunlara vadar edirlər. Amma prosesdə real nəticənin əldə olunması üçün işğalçı ölkəyə sanksiyalar tətbiq olunmalıdır. Bu gün isə qəribə vəziyyət yaranıb. Məsələn, Avropa Şurasının baş katibi Rusiyaya qarşı sanksiyaları qaldırmaq istəyir. Əvəzində Azərbaycana qarşı sanksiyalar tətbiq etmək istəyirlər. Bu, öz-özlüyündə göstərir ki, Azərbaycanla informasiya müharibəsi aparan beynəlxalq şəbəkə təəssüf ki, Ermənistanın ölkəmizə qarşı olan təcavüzünə qiymət verməyə imkan vermir. Bu da ən əsas problemdir. Həmin problemə görə də postsovet məkanındakı heç bir münaqişənin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Beynəlxalq təşkilatlar hüququn aliliyinə hörmət etməyəndə onun da qurbanları mülki əhali olur”. 
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs