Əlaqə Arxiv
news Image
2017.10.10
09:00
| A A A
Qarabağ məsələsində mühüm proseslər başlanır
Aydın Ağayev: “Həmsədrlər prezidentlər səviyyəsində görüşün təşkilinə çalışırsa, deməli, onlar tərəflərin mövqeyini də bilirlər” Elşən Mustafayev: “Ermənilər danışıqlar yolu ilə razılığa gəlmək istəmirsə, bu vəziyyət gec-tez hərbi əməliyyatların başlanmasına gətirib çıxaracaq”

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 5-6-da regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar. Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər. Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib. 

Bəyanatda o da qeyd edilir ki, prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək. Həmsədrlərin bu açıqlamasından görünür ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prezidentlər səviyyəsində görüş realdır. Bu isə o mənaya gəlir ki, artıq nəticə verən görüşlər ola bilər. Belə ki, Azərbaycan tərəfin dəfələrlə bəyan edib ki, Bakı danışıqlar naminə danışıqlara getməyəcək, ancaq nəticə verən görüşlərə gedəcək. Deməli, prezidentlər səviyyəsində görüşün baş tutması real xarakter almağa başlayıbsa, onun nəticəli olacağına da ümidlər artıb. Çünki əks təqdirdə, Azərbaycan qeyd etdiyi kimi nəticəsiz görüşlərə getməzdi. Bu, həmçinin onu göstərir ki, danışıqlara getmək üçün Ermənistana təzyiqlər də olub. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev məsələ barədə indidən konkret nəsə söyləməyin çətin olduğunu bildirdi: “Həqiqətən də, həmsədrlər prezidentlər arasında mümkün görüş faktını təsdiqləyiblər. Onu da qeyd ediblər ki, yaxın zamanlarda tərəflər bununla bağlı münasibət bildirəcək. Amma indidən baş tutması gözlənilən görüşdə prinsipial olaraq yeni bir yanaşmanın ola biləcəyini söyləmək çətindir. 
Nəzərə almaq lazımdır ki, həmsədrlər prezidentlər səviyyəsində görüşün təşkilinə çalışırsa, deməli, onlar tərəflərin mövqeyini də bilirlər. Azərbaycana gəldikdə, təkcə ölkəmizdə deyil, geniş coğrafiyada fəaliyyət göstərən KİV-lər Bakının substantiv danışıqları tələb etdiyindən demək olar ki, hər gün yazırlar. Azərbaycanın da bu məsələdə mövqeyi olduqca prinsipialdır. Yəni, görüş xatirinə görüş mənasızdır. Həmsədrlər də bunu bilir. Məsələ ətrafında konkret nəsə söyləmək çətin olsa da, onu vurğulaya bilərəm ki, mahiyyəti üzrə danışıqlar tələbi Ermənistan ictimai rəyinə artıq kifayət qədər məlumdur, onlar da bunu müzakirə edirlər. İkinci, üçüncü dərəcəli əsassız iddialarla danışıqlar prosesini uzatmaq və bu məqsədlə yeni bir görüş xatirinə görüşün olması yalnız ermənilərə əl verir. Bunu hər kəs, Azərbaycan, vasitəçilər, ermənilər də bilir. Problemin müzakirəsinin ciddi qoyulması yalnız o əlamətlərdən bilinər ki, görüşdə hansısa mənası olan yeni, doğrudan da münaqişənin həllinə xidmət edəcək işartılar olsun. Əks halda, həmin mümkün görüş başa çatandan sonra həmsədrlərin növbəti ümumi sözlərdən ibarət bəyanatı olacaq. Bunu etməyin isə mənası yoxdur. Yalnız ona ümid etmək qalır ki, həmsədrlər vəziyyəti müəyyən qədər də olsa nəzərə alacaqlar. Nəzərə alacaqlarsa, deməli, görüşdə hansısa kiçik də olsa nəticə verən əlamətləri görmək olar. Nəzərə almayacaqlarsa, ümumi şəkildə olan söz-söhbətlər heç kəsə lazım deyil. Xüsusən də Azərbaycana lazım deyil. Ən doğrusunu isə birbaşa görüşü təşkil edən vasitəçilər və tərəflərin özləri bilir”.  
Politoloq Elşən Mustafayev də prezidentlər səviyyəsində ola biləcək növbəti görüşdən ciddi nəticələr gözləmir: “Bu günə qədər müxtəlif yerlərdə, müxtəlif vasitəşilərin iştirakı iləprezidentlər səviyyəsində görüşlər olub. Amma bu günə qədər həmin görüşlərin real nəticəsini görməmişik. Hətta hər bir görüşdən əvvəl həmsədrlər tərəfindən hansısa irəliləyişlərin ola biləcəyilə bağlı fikirlər səslənirdi. Lakin görüşdən sonra bəlli olurdu ki, hər hansı bir irəliləyiş yoxdur. 
Həmsədrlərin prezidentlər səviyyəsində növbəti görüşün ola biləcəyilə bağlı nikbin proqnozlarına rəğmən, düşünürəm ki, ola biləcək növbəti belə görüş də nəticə verməyəcək. Dağlıq Qarabağ probleminin həlli ATƏT-in Minsk qrupuna həvalə olunub. Onların fəaliyyəti birmənalı şəkildə bizi qane etməsə də, zaman-zaman prezidentlərin görüşünü təşkil etməklə həll istiqamətində hansısa addım atmağa çalışırlar. Amma məsələnin hərbi yolla həllindən başqa digər variantı görmürəm. Ermənilər danışıqlar yolu ilə razılığa gəlmək istəmirsə, bu vəziyyət gec-tez hərbi əməliyyatların başlanmasına gətirib çıxaracaq”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz