Əlaqə Arxiv
news Image
2017.10.10
09:30
| A A A
Separatçılığın kökünün kəsilməsi Qarabağ münaqişəsinin həllindən keçir
Elman Məmmədov: “Qərb dünya ölkələrində, xüsusən qeyri-xristian dövlətlərdə baş verən separatizmin törədicisidir” Azər Həsrət: “Avropa bölünmək istəmirsə, separatizmə qarşı mübarizə məsələsinə məhz Dağlıq Qarabağdan başlamalı, bölücülüklə məşğul olan erməniləri yerində oturtmalıdır”

İspaniyada Kataloniyadan sonra bu dəfə Bavariya Almaniyadan ayrılmaq isətyir. Bavariya Partiyası bu xüsusda bildirir: “Bavariyanın azadlığı, Bavariyanın Almaniya Federativ Respublikasından ayrılması qanuni haqqımızdır”. Hətta partiya bu istiqamətdə fəaliyyətə başladığını bildirib. Siyasi təşkilat Avropa Məhkəməsinə müraciət edərək bavariya dilinin alman dilindən ayrı dil kimi tanınmasını istəyəcək. Beləliklə, demək olarmı ki, qərbin separtizmə vaxtında laqeyd və ikili standartlardan yanaşması artıq ciddi fəsadalarını göstərir? Buna qarşı aparılan mübarizə fonunda Ermənistanı sepatizmə görə cəzalandırmaq mümkündürmü?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Qərbin separatizmə laqeyd münasibəti artıq onun öz başında çatlamağa başlayır: “Azərbaycanın müdrik atalar sözü var. “Gen qaz, dərin qaz, özün düşəcəksən”. Habelə, “Nə tökərsən aşına, o da çıxar qaşığına”. 
Qərb dünya ölkələrində xüsusən qeyri-xristian dövlətlərdə baş verən separatizmin törədicisidir. Qərb separatizmə öz maraqları prizmasından yanaşaraq bu qüvvələri müdafiə etməklə bu gün özləri də anoloji problemlə üz-üzə qalmalı olub. Kataloniyada 7 milyona yaxın insan yaşayır. Amma deyirlər ki, dövlətləri yoxdur. Cənubi Qafqazda cəmi 3 milyona qədər olan ermənilərin isə dövləti var. 50-60 min erməni üçün başqa dövlətin ərazisi hesabına ikinci erməni dövlətinin yaranmasına isə Qərb müqavimət göstərmədi. Əksinə, erməni separatçılarını müdafiə etdilər, həmrəy oldular. Qərb dövlətlərinin əksəriyyətində erməni separatçılarının nümayəndəlikləri də var. Qərbdən olan deputatlar, hökumət və qeyri-hökumət nümayəndələri qanunsuz olaraq separatçılarla iş birliyi qurur. Lakin Qərb Kataloniyada baş qaldıran separatizmə qarşı çıxaraq onun əleyhinə danışır. Onda niyə separatçı ermənilər əleyhinə danışmırlar? Məhz bu cür ikili yanaşma     Qərbin başına elə oyunlar açacaq ki, Kataloniyanın ardınca Bavariya, İtaliyanın şimalı, Böyük Britaniyada Şotlandiya, Çexiyada da separatizm ayaq açacaq. Hələ bilmək olmaz hərəsinin öz bayrağı və Konstitusiyası olan ABŞ ştatları separatçılıq istiqamətində sabah hansı addımlar atacaq. Bütün bunlar Qərbin separatizmə olan qeyri-obyektiv, ədalətsiz münasibətlərinin nəticəsidir”. 
Həmsöhbətimiz separatizm yolunu tutan Ermənsitanın bütün bunlara baxmayaraq, dünya gücləri tərəfindən cəzalandırılmayacağını da qeyd etdi: “Ermənistan başqa dövlətin ərazisini işğal etdiyindən, separatizmə dəstək olduğundan çoxdan dünya birliyi tərəfindən cəzalandırılmalı idi. Ermənistan hələ 1989-cu ildə Dağlıq Qarabağın özlərinə birləşdirilməsilə bağlı qərar verilən anda Moskva tərəfindən cəzalandırılmalı idi. Amma cəzalandırılmadı. Ukrayna ilə bağlı olaraq az qala dünyanın yarısı Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq edib. Hətta bu sanksiyaları daha da gücləndirməyi düşünürlər. Amma soyqırım törədən, Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan terrorçu tör-töküntülərə cəza verən gözün üstə qaşın var deyən yoxdur. Bundan sonra da inanmıram ki, kimlərsə onlara qarşı cəza tədbirləri görsün. Onlar ermənilərə hər cür formada  maliyyə və siyasi baxımdan dayaq olurlar. Çünki bu hərəkat müsəlmanlara qarşıdır. Ancaq özlərinə qarşı olanda separatizmi kəskin şəkildə pisləyərək, ona qarşı mübarizə aparırlar. 
İraqın şimalında kürd muxtariyyəti özünün müstəqilliyini elan etdi. Amma ona da gözün üzrə qaşın var demirlər. Əksinə, həmin muxtariyyətin ərazisini böyütməyə çalışacaqlar ki, müsəlman dövlətlərinin içində yeni bir qurum yaratmaqla bölgəni qana boyasınlar. Qərbin siyasətində ilk yerdə dini amil dayanır”.
Siyasi icmalçı Azər Həsrət qeyd etdi ki, Qərb başqa ərazilərdə vaxtilə əkdiyi separatizm toxumunun pöhrələrini laqeyd münasibəti üzündən indi öz üzərində hiss etməyə başlayıb: “Qərb erməni separatizminə nəinki laqeyd yanaşır. Əksinə, deyərdim ki, çox diqqətlə yanaşırlar. Onlar xüsusən də yaşadığımız bölgədə və digər regionlarda separatizmi dəstəkləyib, ölkələrin parçalanaraq zəifləməsi üçün əlindən gələni edirlər. İndi də bu vərdiş Qərbin öz ərazisinə sıçrayıb.     
Yəni, Qərbin bir zamanlar əkdiyi toxumlar o qədər güclü pöhrə verib ki, həmin pöhrələr artıq Avropanı da sarımağa başlayıb. Kataloniya, bask əyaləti, Bavariya, Şotlandiya, Belçikanın belə 3 ayrı qrup tərəfindən parçalanmağa cəhd edilməsi, bütün bunlar Avropanın özündən kənarda əkdiyi toxumların dünyanı sarıyaraq artıq «köhnə dünya»nın özünə gedib çıxmasına gətirib çıxarıb. Görünən odur ki, separatizm meylləri Qərbin də tədricən ciddi şəkildə ağuşuna almağa başlayıb. Almaniya Avropada separatizmə meyllərinin güclü olduğu dövlətlərdən biridir. Bu fonda burada, Bavariyada baş qaldıran separatizm meyllərinin sürətlə Avropanın digər ölkələrinə də yayıla biləcəyini proqnoz etmək olar. Çünki, adətən məhz Almaniyada baş qaldıran bu və ya digər hərəkat sonradan nəinki təkcə Avropaya, hətta dünyanın başqa ərazilərinə də geniş şəkildə sirayət edir. Kommunizm, faşizm də məhz əslində, Almaniyadan dünyaya sirayət edib. 
İndinin özündə müsəlmanlara qarşı düşmənçilik meylləri də əsasən Almaniyada kök salıb. Ermənistan işğalçı dövlətdir. Bu ölkə Azərbaycan torpaqlarını işğal edib. Amma Qarabağdakı ermənilər öz dövlətləri olan Azərbaycana xəyanət edib, onun ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalına yardımçı olublar. Təbii ki, bu məsələdə Azərbaycan Dağlıq Qarabağdakı erməniləri yerində otuzdurmaqda haqlıdır. İstədiyi zaman, hətta güc tətbiq edərək məsələni həll etmək hüququ var. Fikrimcə, Avropa bölünmək istəmirsə, separatizmə qarşı mübarizə məsələsinə məhz Dağlıq Qarabağdan başlamalı, bölücülüklə məşğul olan erməniləri yerində oturtmalı, separatizmin buradakı kökünü məhv etməlidir ki, Qərbdə də görsünlər ki, bölücülüklə məşğul olmağın heç bir faydası yoxdur”.

Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz